Deputat: "Gələcəkdə belə beynəlxalq yarışları Qarabağda keçirəcəyik"

İDMAN 13 iyn 2021, 16:47
Azərbaycanın ev sahibliyi etdiyi futbol üzrə  Avropa çempionatı iyunun 11-dən start götürüb. Çempionat iyulun 11-dək davam edəcək.

Bu Azərbaycanın Qələbə qazandığı İkinci Qarabağ savaşından sonra ev sahibliyi etdiyi ikinci beynəlxalq yarışdır. 

Milli Məclisin deputatı Vüqar İsgəndərov Modern.az-a bildirib ki, keçirilən futbol üzrə Avropa çempionatı ilə Azərbaycan bir daha bütün dünyaya sülhsevər ölkə olduğunu nümayiş etdirir:

“44 günlük Zəfər qələbəmizdən və postpandemiya dövründən sonra ölkəmizdə təşkil olunan həm Formula-1 yarışması, həm də futbol üzrə Avropa çempionatının dörd oyunu bizi yenidən dünyaya yaxşı formada göstərməsinə bariz nümunədir. Yəni bu iki idmanın çox böyük sülhpərvər, ədalətlilik prinsipləri var.

Biz qalib xalq kimi bu yarışların keçirilməsi ilə ölkəmizin müsbət imicinin formalaşıb, tanıdılması ilə bərabər həm də ədalətli, sülhpərvər ölkə olduğumuzu nümayiş etdiririk”. 

Deputat keçirilən oyunların Azərbaycana həm də iqtisadi cəhətdən təkan verdiyini deyib:

“Keçirilən oyunlar ölkəmizə həm də iqtisadi cəhətdən də təsir edir. Hazırda dünyada sıfıra enən ən böyük sistem turizm sahəsidir.

Postpandemiya dövründə dünyada turizmin dirçəlməsi prosesini müşahidə edirik. Ölkəmiz də bu yarışlara ev sahibliyi etməklə Azərbaycana turist axınının sürətlənməsini hesablayır. Belə ki, bu yarışlar artıq hazır infranstruktur yerlərində təşkil olunur. Bu onu göstərir ki, biz az xərclə həm də valyuta axınının ölkəmizə gəlməsini təşkil edə bilirik. 

Bunları şərtləndirən əsas məsələ ölkəmizdə sabitliyin olmasıdır.Azərbaycan dünyaya sabitlik adası olduğunu göstərir. 

Azərbaycan idman yarışları, mədəniyyət tədbirləri və ən əsası Qarabağda gedən quruculuq işləri ilə sürətlə toparlandığını göstərir və beynəlxalq yarışlarına ev sahibliyi etməyi bacarır. İnşallah, gələcəkdə belə beynəlxalq yarışları, mədəniyyət tədbirlərini Qarabağda keçirəcəyik”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top