Aydın Mirzəzadə: "Erməni cəmiyyəti necədirsə, ona uyğun da seçim olacaq"

MÜSAHİBƏ 12 iyn 2021, 10:53
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Ermənistanda seçki öncəsi gərginlik pik həddə çatıb. Prosesləri necə şərh etmək olar?

- Ermənistanda nə baş verməliydisə, o da oldu. Bu ölkə yüz illərlə özünü, müstəsnalığını, qonşu dövlətlərin tarixinə, torpağına, mədəniyyətinə iddiasının acı nəticələrini dadır. Söhbət Köçəryandan, Paşinyandan getmir. Bu gün erməni cəmiyyətinin içərisində çox ağrılı bir dərketmə prosesi gedir. Ermənilər uzun müddət bu və digər imperiyanın tərkibində onun qulluqçusu rolunu oynayaraq digər xalqlara, ilk növbədə azərbaycanlılara qarşı çox rəzil hərəkətlər edib. Bu gün isə onlar müharibədə uduzmalarının səbəblərini araşdırırlar. Amma nəyə görə, Azərbaycan torpaqlarına iddia edirlər, bunu düşünən yoxdur. Nə səbəbdən Azərbaycan xalqı özündə güc tapıb, hüququnu bərpa etdi? Bu sualları verən yoxdur. Erməni cəmiyyəti hələ də xülya ilə yaşayır ki, yenidən nəsə qeyri-adi bir hadisə baş verəcək. Güclü bir əl, güclü bir dövlətin dəstəyi onların xəstə arzularını həyata keçirəcək. Bu proseslərin nə dərəcədə uğurlu olub-olmasını seçkinin nəticəsi göstərəcək. Amma kimin qalib gəlməsindən asılı olmayaraq Ermənistan bu reallıqlarla yaşamağa məcburdur. Heç də təsadüfi deyil ki, torpaqlarımızın işğalına birbaşa rəhbərlik edən, Xocalı soyqırımı törədildiyi vaxtda Ermənistanın rəhbəri olan Levon Ter-Petrosyan ara-sıra etiraflar edir. Amma onun etirafları heç də özünün və mənsub olduğu toplumun səhvlərinin etirafı deyil. O, özünü gündəmdə saxlamaq üçün belə etiraflar edir. Köçəryan da ara-sıra Azərbaycanın gücünü etiraf edir. Amma Xocalıda əllərinin qana batdığını hələ də etiraf etmək istəmir. Paşinyan hərdən bugünkü reallığa qiymət verən açıqlamalar səsləndirir. Amma onun da istəkləri, strategiyası Azərbaycan torpaqlarına iddiadan irəli gəlir. Ona görə də Ermənistanda 20 iyunda keçiriləcək seçkinin nəticələri hər cür ola bilər. Amma erməni cəmiyyəti, yeni parlament güclü, öz torpaqlarına sahib çıxmış, eyni zamanda beynəlxalq hüququn azda olsa, hökm sürdüyü bir reallıqla hesblaşmalı olacaq. Sonrakı nəticələr məhz bundan asılıdır.

- Namizədlər seçkidə qalib gəlmək üçün müxətlif yollara əl atır, yalan vədlər verirlər. Sizcə Erməni cəmiyyəti üçün düzgün seçim hansıdır?

- Bu gün Ermənistanda yaxşılarla, pislər arasında seçim yoxdur. Bu ölkədə hələ də bir az etiraf, şovinizm, erməni müstəsnalığı ideyaları hər bir siyasi blokda üstünlük təşkil edir. Cəmiyyət bunu nəzərə almalıdır.

- Ermənistanda hələ də “Dənizdən dənizə”, "Böyük Ermənistan" kimi mənasız, saxta, əsassız fikirlər səsləndirilir. Cəmiyyət bu xülyadan niyə qurtula bilmir?
 
- İstənilən məsələni arzulamaq olar. Arzulamaq qadağan deyil. Amma o arzunu həyata keçirərkən reallığı nəzərə almaq lazımdır. Reallıq da ondan ibarətdir ki, Azərbaycan və Türkiyə qardaş, dost dövlətdir. Bu iki ölkə öz hüquqlarını bilir və müdafiə edir. Ermənistan isə dünyada daha az müdafiə edilir. Hətta müttəfiqləri belə çox da ona öz simpatiyalarını göstərməyə çalışmır. Bir sözlə, seçim bu gün Ermənistanda partiyalar arasında getmir. Seçim reallığı az və ya çox dərk etmək arasında gedir. Yəni, erməni cəmiyyəti necədirsə, ona uyğun da bir seçim olacaq.(teleqraf.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top