Deputatın atası meşələri niyə xaraba qoyur?


SOSİAL 09 iyn 2021, 00:18
Xaçmaz Rayonu Fərzəlioba kəndinin yaxınlığında ağacları kütləvi kəsilir və orada meyvə bağı salınır.

Bu barədə ekoaktivist Cavid Qara paylaşım edib.

Həmin paylaşımda 100-lə köhnə və yeni ağacın kəsildiyi açıq görünür.

Cavid Qara deyir ki, ərazi deputat Eldəniz Səlimovun atası Adil Səlimovun adına keçirilib: "Ətrafdakı ağaclar kəsilərək ərazini genişləndirirlər. Bu torpaqlar vaxtı ilə meşə fonduna aid olub. Saxta məhkəmə qərarı ilə bələdiyyə fonduna, oradan da Adil Səlimovun adına keçirilib. Dağıdıcı subsidiya mexanizmi və məmur özbaşınalığı davam etdikcə bu hallar yeni ssenarilərlə davam edəcək. Eldəniz Səlimov həm də parlamentdə Aqrar Siyasət Komitəsinin üzvüdür. Bu həm də ikiqat vəzifədən sui-istifadədir. Rayonun aidiyyatı qurumları heç biri bu dağıdıcı fəaliyyətə müdaxilə etmir”.



Cavid Qaranın sözlərinə görə, ərazi köhnə Xudat bələdiyyəsinin nəzdindədir: "Qırılanlar daha çox gənc ağaclardır, içində köhnə, böyük ağaclar da çoxdur. Ətraf kəsilmiş ağaclarla doludur. Hər gün yeni-yeni ağaclar kəsilir. Diametri təqribən 50 sm olan ağaclardır, kiçik bir şey də deyil”.

Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli isə deyir ki, bu yerlər əvvəllər meşə fondunun ərazisi olub: "Həm də burada dövlət laihəsi əsasında palıd ağacları əkilib. Sonradan hansısa yolla ərazi bələdiyyənin balansına keçirilib. Bələdiyyə də alqı-satqı ilə ərazini deputatın atasına satıb. Burada maraqlı olan meşə fondu ərazisinin necə bələdiyyənin balansına rəsmiləşdirilməsidir. Dövlətin vəsaiti ilə əkilmiş palıd ağaclarının hamısını kəsiblər. Hər gün gələndə daha yeni kəsilmiş ağac yerləri ilə rastlaşıram. Belə anlayıram ki, hələ davam edəcək. Heç nəyə baxmadan qırırlar. Palıd, qoz ağacları məhv edilir”.

Cəmil Məmmədli hesab edir ki, məsələ araşdırılmalıdır: "Əvvəlcə araşdırsınlar, görsünlər meşə fondu torpağı bələdiyyənin balansına necə keçib. Bələdiyyənin satmağa bir sot torpağı qalmayıb. Nəyin əvəzində bu torpaq bələdiyyəyə bağışlanıb? Bunlar açıq qalan suallardır”.

Cavid Qara isə deyir ki, boş sahələr kifayət qədərdir və oraları alıb nə istəyirlər edə bilərlər: "Anlamıram ki, niyə məhz ağacların olduğu meşəlikləri seçirlər, yerində bağ salırlar, gilas əkirlər. Niyə düşünürlər ki, o gilas kəsilən palıd, qovaq ağaclarından üstündür? Mən əminəm, ağac kəsib, bağ salanlar oradan heç vaxt xeyir götürməyəcəklər. Ekosistemi dağıdırlar, ağacları məhv edirlər, deyirlər ki, kol-kos idi. Biz gəlib meşədə yatmalı deyilik ki, ağacların kəsilməsinə mane olaq”.

"Nazirlik indi guya bunlara cərimə yazıb, cərimələyib. Hanı, xeyri varmı? Açıq-aşkar nazirliyi saymırlar. Cərimədən sonra yüzlərlə ağac kəsiblər. Kiçik ağacları kəsirlər adını kol-kos qoyurlar. Böyükləri kəsirlər, adını köçürülmə qoyurlar. Bunlar mebel, əşya deyil axı. Canlıdır, canlı”, - deyə Cavid Qara bildirib.

Cavid Qara

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə məhz bu ərazidə ağacların kəsilməsi ilə bağlı bir neçə gün öncə bunu edənlərə cərimə yazıb.

"Xaçmaz rayonunun Fərzəlioba kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb”, - deyə nazirliyin açıqlamasında bildirilir.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində "Qərb Ekol” MMC tərəfindən palıd və qarağac ağaclarının kəsildiyi və təbiətə 7000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: "Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib”.

Cavid Qara isə deyir ki, elə cərimədən sonra yenidən ərazidə yüzlərlə ağac kəsilib: "Ekologiya Nazirliyi bunlarla bacarmır. Cərimələyir, ödəyirlər, işlərinə davam edirlər. Ölkə ekoloji fəlakətə yaxınlaşır. Biz bunu düzəltmək əvəzinə daha da pis günə qoyuruq. Ölkənin ekoloji siyasətinə yenidən baxılmalıdır. Görünən odur ki, indiki nazir bunu bacarmır. Mənim onunla şəxsi qərəzliyim yoxdur. Sadəcə, faktdır. Bacarmır. Belə nə qədər davam etmək olar? Bu, iş deyil. Biz ekoloji cinayətlərlə qanun çərçivəsində bacarmırıq, çəkib göstərməkdən başqa əldən heç nə gəlmir”.

Ekoaktivist bildirib ki, artıq bu işlərə Prezident İlham Əliyev baxmalıdır, çünki başqa çarə qalmayıb: "Ağac kəsilir, meşələr məhv edilir. Biz nə qədər Bakıdan durub bölgələrə qaçaq, göstərək. Bütün işimizi-gücümüzü atıb ora-bura qaçırıq. Getmirik, ürəyimiz partlayır, gedirik, heç nəyə nail ola bilmirik, çəkib göstərməkdən başqa”.

Deputat Eldəniz Səlimovdan məsələyə münasibət öyrənmək mümkün olmayıb, ancaq deputat yerli mediaya bu barədə danışıb və məsələnin ona aid olmadığını bildirib.

Meydan TV


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top