Sosial

Deputatın atası meşələri niyə xaraba qoyur?

Deputatın atası meşələri niyə xaraba qoyur?

Xaçmaz Rayonu Fərzəlioba kəndinin yaxınlığında ağacları kütləvi kəsilir və orada meyvə bağı salınır.

Bu barədə ekoaktivist Cavid Qara paylaşım edib.

Həmin paylaşımda 100-lə köhnə və yeni ağacın kəsildiyi açıq görünür.

Cavid Qara deyir ki, ərazi deputat Eldəniz Səlimovun atası Adil Səlimovun adına keçirilib: "Ətrafdakı ağaclar kəsilərək ərazini genişləndirirlər. Bu torpaqlar vaxtı ilə meşə fonduna aid olub. Saxta məhkəmə qərarı ilə bələdiyyə fonduna, oradan da Adil Səlimovun adına keçirilib. Dağıdıcı subsidiya mexanizmi və məmur özbaşınalığı davam etdikcə bu hallar yeni ssenarilərlə davam edəcək. Eldəniz Səlimov həm də parlamentdə Aqrar Siyasət Komitəsinin üzvüdür. Bu həm də ikiqat vəzifədən sui-istifadədir. Rayonun aidiyyatı qurumları heç biri bu dağıdıcı fəaliyyətə müdaxilə etmir”.

Cavid Qaranın sözlərinə görə, ərazi köhnə Xudat bələdiyyəsinin nəzdindədir: "Qırılanlar daha çox gənc ağaclardır, içində köhnə, böyük ağaclar da çoxdur. Ətraf kəsilmiş ağaclarla doludur. Hər gün yeni-yeni ağaclar kəsilir. Diametri təqribən 50 sm olan ağaclardır, kiçik bir şey də deyil”.

Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli isə deyir ki, bu yerlər əvvəllər meşə fondunun ərazisi olub: "Həm də burada dövlət laihəsi əsasında palıd ağacları əkilib. Sonradan hansısa yolla ərazi bələdiyyənin balansına keçirilib. Bələdiyyə də alqı-satqı ilə ərazini deputatın atasına satıb. Burada maraqlı olan meşə fondu ərazisinin necə bələdiyyənin balansına rəsmiləşdirilməsidir. Dövlətin vəsaiti ilə əkilmiş palıd ağaclarının hamısını kəsiblər. Hər gün gələndə daha yeni kəsilmiş ağac yerləri ilə rastlaşıram. Belə anlayıram ki, hələ davam edəcək. Heç nəyə baxmadan qırırlar. Palıd, qoz ağacları məhv edilir”. ​

Ekoaktivist bildirib ki, artıq bu işlərə Prezident İlham Əliyev baxmalıdır, çünki başqa çarə qalmayıb: "Ağac kəsilir, meşələr məhv edilir. Biz nə qədər Bakıdan durub bölgələrə qaçaq, göstərək. Bütün işimizi-gücümüzü atıb ora-bura qaçırıq. Getmirik, ürəyimiz partlayır, gedirik, heç nəyə nail ola bilmirik, çəkib göstərməkdən başqa”.

Deputat Eldəniz Səlimovdan məsələyə münasibət öyrənmək mümkün olmayıb, ancaq deputat yerli mediaya bu barədə danışıb və məsələnin ona aid olmadığını bildirib.

Meydan TV

D
demokrat.az