"Haqq səsimizi 30 ildə susdura bilməyənlər mina ilə, qəlpə ilə susdura bilməyəcəklər"

SOSİAL 06 iyn 2021, 10:04
"Yenə mina partlayışı, yenə ermənilərin torpağımıza səpdiyi ölüm toxumu, yenə geridə qalan yarımçıq talelər. Bu dəfə media camiasından oldu qurbanlarımız. 44 günlük müharibənin ən ağır, ən çətin günlərində, cəbhənin ən qaynar nöqtələrindən xalqımız üçün kadrlar çəkib göstərən, xəbərlər hazırlayan iki həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov dünən özləri xəbərə çevrildilər, şəhid oldular"
 
Demokrat.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında teleaparıcı Jalə Həsənli deyib. O daha sonra bunları əlavə edib:
 
"Müharibələr tarixin ayrılmaz, qaçılmaz və ən amansız hissəsidir. Müharibədə təkcə döyüşçülər həlak olmur. Qocalar, uşaqlar, bir sözlə, müharibəyə aid olmayan insanlar da müharibə qurbanı olurlar. Döyüşənlərlə bərabər, döyüşməyənlər də həlak olur. 44 günlük Vətən müharibəsində kimləri itirmədik  ki...Evin tək övladını, 3 bacının 1 qardaşını, 5 övladın atasını, qapısında toy havası çalınmayan nişanlı oğullarımızı. Döyüşən əsgərimizlə bərabər, həkimlərimizi itirdik, yaralı əsgərin yarasını sarıyan tibb bacısını itirdik, Gəncə, Tərtər, Bərdədə uşaqları, yaşlıları itirdik. Onların əlində silah yox idi, onlar müharibənin günahsız qurbanları idilər. Dünən isə iki həmkarımızı itirdik. Müharibə 44 gündə bitsə də, fəsadları 8 aydır bitmir. Güllələrin atıldığı, minaların partladığı, barıt qoxusunun gəldiyi hər gün müharibədir. Qələbəni bizə yaşadan Azərbaycan ordusudursa, onu bizə çatdıran Azərbaycan jurnalistləridir. Ordumuz silahlarla, biz isə qələmimiz, kameramız vasitəsilə döyüşürdük. 44 günlük müharibədə mediamız da xeyli fiziki zərər gördü. Maşınlarımız vuruldu, jurnalistlərimiz yaralandı, amma düz müharibədən 8 ay sonra həmin jurnalistlər öz torpaqlarımızda erməni terrorunun qurbanı oldular. 44 günlük Vətən müharibəsinin ilk şəhid jurnalistlərini biz müharibədən 8 ay keçəndən sonra verdik. Onların yerində hər birimiz ola bilərik. Biz bu gün etirazımızı bildirdik, biz bu gün heç bir partlayışın bizi qorxutmayacağını dedik, amma 30 il haqq savaşımıza susan dünya bu gün də jurnalistlərin erməni terrorunun qurbanı olmasına susdu. Hardadır haqqdan-ədalətdən dəm vuran beynəlxalq təşkilatlar? Hardadır insan haqqlarını qoruyan Avropa ölkələri? Niyə bu məqamda gorbagor oldular? Niyə Azərbaycanı erməni diversant qrupunu Ermənistana geri qaytarmağa çağıran ölkələr, həmin diversantların basdırdığı minaların qurbanı olan jurnalistlərimiz üçün heç bir çağırış etmirlər? Niyə dünya mediyasında “Qarabağda azərbaycanlı jurnalistlər erməni terrorunun qurbanı oldular” başlıqlı məqalələr yer almır?

Düşünürəm, necə ki, qətiyyətimiz sayəsində dəmir yumruqla özümüz torpaqlarımızı azad etdik, eləcə də bu gün Siracın və Məhərrəmin haqq səsini də özümüz dünyaya duyurmalıyıq. Xaricdəki diaspora təşkilatlarımız, səfirliklərimiz jurnalistlərimizin şəhid olmasını fəaliyyət göstərdikləri ölkələrdə medianın manşetinə çıxarmalı, həmin ölkə ictimaiyyətinin diqqətinə çatdırmalıdırlar. Erməni vandalizminin bitmədiyini, hər an, hər dəqiqə davam etdiyini nümayiş etdirməlidirlər.

Biz isə yenə də ermənilərin Qaarabağda törətdikləri bütün vəhşilikləri, vandallıqları çəkib dünyaya nümayiş etdirməkdə davam edəcəyik. Necə ki Salatın Əsgərova, Çingiz Mustafayev, Alı Mustafayevin şəhid olması jurnalistikamızı qorxutmadı, onların yolundan getdik. Bu gün də Siracla Məhərrəmin şəhid olması bizim gözümüzü qorxutmayacaq. İndi də onların yarım qalan missiyasını biz davam etdirəcəyik. Yenə çəkəcəyik, yenə göstərəcəyik. Bir sözlə, susmayacağıq! Bizim haqq səsimizi 30 ildə susdura bilməyənlər, bundan sonra mina ilə, qəlpə ilə susdura bilməyəcəklər. 1-ci vitse prezident Mehriban xanımın da qeyd etdiyi kimi, “Azərbaycan xalqı müzəffər xalqdır. Onun iradəsini sındırmaq və onu qorxutmaq qeyri-mümkündür”.
 
Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirəm" deyə Jalə Həsənli bildirib.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top