Qərbin sanksiyaları Rusiyanı daha güclü edib?

DÜNYA 05 iyn 2021, 09:35
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib ki, Rusiya sanksiyalar nəticəsində daha güclü, daha müstəqil dövlətə çevrilib. Belədirmi, yoxsa Volodin blef edir? Krımın ilhaqına görə 7 il öncə işə düşən və ildən-ilə güclənən sanksiyalar Rusiyaya nə verdi, nələri aldı?

Ekspertlər bu suallar ətrafında ən müxtəlif fikirlər səsləndirirlər.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir etdiyini bildirdi: “Bildiyimiz kimi, Rusiyaya qarşı Krımın ilhaqından, eyni zamanda, Donbasla bağlı Ukrayna ilə başlayan münaqişədən sonra şimal qonşumuza qarşı Qərb ölkələri, Amerika tərəfindən iqtisadi sanksiyalar tətbiq olunmaqdadır. Bu sanksiyalar ildən-ilə artan templə inkişaf edir. Amma belə sanksiyalar dövlətlərin iqtisadi potensialına, daxildəki duruma nəzər yetirdikdə görürük ki, bu heç də həmin ölkələrin tənəzzülünə gətirib çıxarmır. İqtisadi qanunlara görə hər bir dövlətin idxalı ilə yanaşı ixracı da olur. Bu proses çərçivəsində dövlətin iqtisadiyyatı inkişaf edir.

Rusiya nəhəng dövlətdir. Ərazi baxımından dünyanın ən böyük ölkəsidir. Eyni zamanda, təbii sərvətlərinə, ehtiyatlarına görə şimal qonşumuzu ən böyük dövlət saymaq olar. Xam malların mövcud olduğu torpaqlar kifayət qədər çoxdur. Amma istənilən halda bu sanksiyalar rus iqtisadiyyatına ciddi təsir göstərib. Bir növ Rusiya iqtisadiyyatının daha da inkişaf etməsinin qarşısını alıb. Amma bu heç də Rusiyanın çökməsinə, iqtisadi cəhətdən tənəzzülə uğramasına səbəb olmayıb. Lakin Volodinin dediyi kimi də deyil. Bəzi hallarda sanksiyalar dövlətlərə müstəqil siyasət yeritməsi səbəbindən işə salınır. Amma Rusiya ilə bağlı bunu demək olmaz".

Ekspert sanksiyaların əsl səbəblərinə də toxundu: “Şimal qonşumuz uzun illər Amerika qarşısında dünyanın iki super gücündən biri olub. Təxminən yarım əsrdən artıq müddətdə bu belə davam edib. Sovetlər Birliyinin çökməsindən sonra Amerika dünyanın yeganə super gücünə çevrilib. Müəyyən məsələlərdə Qərblə ciddi fikir ayrığı yaşayan Rusiya bu gün də daxildə qapalı şəkildə özünü təmin edəcək gücdədir. Amma iqtisadi cəhətdən zəngin olmaq inkişaf anlamına gəlmir. Təbii sərvətlərdən, ehtiyatlardan istifadə etmək, onların ixracını təşkil etmək lazımdır. Dünya iqtisadiyyatında aktiv iştirak etmək önəmlidir. Amma bu sanksiyalar Rusiyanın həmin proseslərdəki iştirakını müəyyən qədər məhdudlaşdırır. Düşünürəm ki, Rusiyanın Qərbin maraqlarına zidd olan siyasət yürütməsi sanksiyalardan qurtulmağa imkan vermir. Hər bir dövlətin özünün milli maraqları var. Bunu mütləq nəzərə almaq lazımdır. Milli maraqların təmin olunması dövlətin gələcəyini müəyyən edən faktorlardan biridir. Rusiyanın Ukrayna ilə münaqişə yaratması bəzi hallarda milli maraqları ilə bağlı olması iddia olunur. Rus rəsmiləri bunu daha çox dilə gətirirlər. İstənilən halda belə sanksiyalar dövlət, xalq üçün xoşagələn hal deyil. Rusiya iqtisadiyyatına ciddi təsir edən amillərdən biridir. Rusiyanın milli maraqları onun iqtisadiyyatından öndə durur”.

X.Bəşirov hazırda Rusiyanın atdığı addımların gələcəyinə ciddi təhdidlər yaratdığını düşünür: “İstənilən dövlət müstəqil deyilsə, iqtisadiyyatı demək yoxdur. Rusiyanın bir sıra hallarda atdığı addımlar dövlət və dövlətçilik üçün ciddi təhdidlər yaradır. Diqqət etsək görərik ki, bu dövlətin ətrafında demək olar bütün sərhədlər boyu münaqişə ocaqları yaranmaqdadır. Əvvəllər Sovetlər Birliyində birlikdə olduğu ölkələrlə Rusiya arasındakı münasibətlərdə çatlar yaranıb və bu çatlar böyüməkdədir. Bu hal da Rusiyanın gələcəkdə təkcə iqtisadiyyatına deyil, ümumilikdə, dövlətçiliyinin inkişafına ciddi mane ola biləcək amillərdən birini təşkil edir. Bunu Qərblə Rusiya arasında olan fikir ayrılıqlarının nəticələrindən biri kimi də hesab etmək olar. Hazırda Qırğızıstanla Tacikistan arasında münaqişə ocağı yaranıb. Amma bunu deyə bilmərik ki, bu münaqişə Qərb, yaxud Rusiya tərəfindən aktivləşdirilib. Sərhədlərində belə münaqişələrin yaranması, özü də həlli mümkünsüzə çevrilməkdə olan münaqişələrin olması Kremlə gələcək baxımından xoş heç nə vəd etmir. Rusiya belə məsələlərdə diqqətli olmalıdır. Şimal qonşumuz gələcəyini indidən düşünməli, buna yönəlik addımlar atmalıdır. Bunun üçün də siyasətində bəzi dəyişikliklər mütləqdir”.(musavat.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top