"Oğlum şəhid dayısına qovuşdu" — Minaya düşən jurnalistin atasından AÇIQLAMA

SOSİAL 04 iyn 2021, 21:36
“Müharibə bitəndən indiyədək işğaldan azad olunan torpaqları demək olar ki, qarış-qarış gəzib oğlum. Ağdam, Horadiz, Xocalı, Qubadlı… Bütün viran qalmış yerləri sevə-sevə çəkir, paylaşırdı”.

Bu sözləri Konkret.az-a açıqlamasında bu gün Kəlbəcərin Susuzluq kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən və şəhidlik zirvəsinə ucalan AzTV-nin operatoru Sirac Abışovun atası Abış Abışov bildirib. Oğlunun noyabrın 27-dən həmin ərazilərə ezam olunaraq gərgin çalışdığını deyən ata bir müddət öncə Siracın doğulduğu Qubadlı rayonunda ata evlərini lentə aldığını vurğulayıb: “Hər iki oğlum televiziya operatorudur. Ürəkləri həmişə Vətən sevgisi, yurd həsrəti ilə döyünüb. Torpaqlarımız azad olunanda can atırdılar ki, gedib oraları çəksinlər, gətirib bizə də göstərsinlər. Sirac özü neçə müddət idi ki, o ərazilərdə çəkiliş edirdi. Çoxunu da sosial şəbəkələrdə paylaşıb, hamı görüb. Çox sevinirdi, deyirdi ki, “çəkdiyim o kadrlarda 1 milyon məcburi köçkünün hissini yaşayıram, o yerlərə 50 milyon Azərbaycan xalqının gözüylə baxıram”.

Abış Abışov əlavə edib ki, “Sirac Qubadlıda olanda şəhid dayısı Həmzə Adıyevin şəklini və bayrağımızı dağılmış evlərinin divarından asmışdı. Çox qürurlanırdı. Elə bilirdi dayısına qovuşub. Qovuşdu da…”.

Şəhid operatorun qardaşı Şirzad Abışov isə bu hadisəni təkcə öz ailələrinin deyil, bütün Azərbaycanın faciəsi adlandırıb. Dayısı şəhid Həmzə Adıyevlə olduğu kimi, qardaşı ilə də həmişə fəxr edəcəyini bildirib. Ş.Abışov həmçinin doğma torpaqlarımızda vəzifə borcunu yerinə yetirərkən şəhid olan qardaşı Sirac Abışovun torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən oğullarımızın uyuduğu Şəhidlər xiyabanında dəfn ediləcəyini deyib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top