Könül Nurullayeva: Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Şuşada dalğalanması qürurvericidir


GÜNDƏM 28 may 2021, 16:35
Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsində də deyildiyi kimi Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlət oldu.

Doğrudur, Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. Amma bu qısa dövr xalqımızın milli şüurunun, dövlətçilik ənənələrinin möhkəmlənməsi tarixi oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar - bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu formalaşdı. Təsadüfi deyil ki, zəngin mədəni-tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Bu, əslində təhsilin milliləşdirilməsi demək idi.

Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara da seçmək və seçilmək hüququ verildi ki, bu da tarixi nailiyyət hesab olunurdu. Bu nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ demək idi. Bu isə Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunun növbəti təsdiqi idi. Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi.

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verərək deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”. Məhz ulu öndər Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmasına dair Sərəncamını, 2007-ci il 25 mayda isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışını qeyd etməliyik. Eyni zamanda, Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi öyrənilir və təbliğ olunur.

Deputatın sözlərinə görə, müstəqil Azərbaycan Respublikası hüquqi varis kimi nəinki bütün dövlətçilik ənənələrini bərpa etdi, həm də dünyanın ən nüfuzlu söz sahiblərindən birinə çevrildi. Regionun lider ölkəsi omaqla bərabər, beynəlxalq miqyasda sözünə və imzasına böyük etimad göstərilən bir dövlətdir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ən etibarlı üzvü, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, bir-biri ilə ziddiyyətli münasibətdə olan böyük güclərin dialoq məkanı, irqindən,dinindən asılı olmayaraq bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasıdır.

“Biz Cümhuriyyətin 103-cü ildönümünü tam fərqli əhval-ruhiyyədə qeyd edirik. 30 illik işğala son qoyan Azərbaycan Ordusu böyük Zəfər tarixi yazdı. Son 30 ildə ilk dəfə “Respublika günü”nün ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik. Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Şuşada dalğalanması qürur verir. Prezident İlham Əliyevin üçrəngli bayrağımızı azad edilmiş bütün bölgələrdə qürurla qaldırması qələbəmizin təntənəsidir. Eyni zamanda, görkəmli Cümhuriyyət xadimi, Dövlət Himnimizin musiqisinin müəllifi Üzeyir Hacıbəylinin güllələnmiş büstünün Şuşaya qaytarılması Azərbaycan xalqının qürurunu özünə qaytardı. Prezident İlham Əliyevin də söylədiyi kimi, Cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər.(AZƏRTAC)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top