Hərbi ekspert: "Bu cür addımlar Ermənistana baha başa gələ bilər"

GÜNDƏM 27 may 2021, 14:50
"Ermənistan heç vaxt razılaşmalara, beynəlxalq hüquqa əməl etməyib. Bu dövlət hələ də regionda təhlükə mənbəyi olaraq qalır. Azərbaycan 44 günlük müharibə ilə torpaqlarını işğaldan azad etdi və iki saziş imzalandı. Ermənistan necə bu sazişi, bəyanatı imzalayıbsa, elə də şərtlərini yerinə yetirməlidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli erməni təxribatı ilə bağlı danışarkən deyib. 

O, bildirib ki, bu cür addımlar Ermənistana baha başa gələ bilər:

"Təxribatı törədən diversiya qrupları, terrorçulardır və onlar tərəfimizdən məhv edilir, zərərsizləşdirilir. Ermənistanın hazırkı vəziyyəti çox gərgindir. Ölkənin ciddi problemləri var, qarşıdan seçkilər gəlir. Ölkədə iqtisadi, siyasi vəziyyət çox ağırdır. Hər an Ermənistanda dövlət inqilabı baş verə bilər. Ermənistan diqqəti yayındırmaq üçün müharibə vasitəsindən istifadə edir, amma bilməlidir ki, bu, çox təhlükəli oyundur. Bu, Ermənistan üçün odla oynamaqdır. Bu hadisələr onun üçün çox ağır nəticələrə gətirib çıxara bilər".

Ekspert vurğulayıb ki, Ermənistan özünü xilas etmək üçün Azərbaycanla münasibətləri normallaşdırmalıdır:

"Ermənistanın bircə yolu var, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və normal münasibətlər qurmaq. Ermənistan açıq şəkildə üzr istəməli, vurduğu ziyana görə təzminatı ödəməli və cinayətkarları Azərbaycana təhvil verməli və bununla da Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Əks halda, "Dəmir yumruq" yerindədir və Ermənistan daha böyük faciələrlə üz-üzə qalacaq. Ermənistan bilməlidir ki, Azərbaycan öz milli və dövlət maraqlarından geri dönməyəcək, tarix, zaman bunu sübut edib. Ermənistan Azərbaycanla ancaq normal qonşuluq münasibətləri quraraq özünə fayda verə bilər. Bu cür təxribat, terrorçu cəhdlərin qarşısı hər zaman alınıb və bundan sonra da alınacaq".

Emin Həsənli onu da qeyd edib ki, bu cür təxribatçı addımlar dövlət səviyyəsində verilən qərarla reallaşır:

"Təxribatla bağlı əmri verənlər müəyyənləşdirilməli və onlardan cavab tələb edilməlidir. Niyə belə əmr verilib, hansı məqsədlə? Bəs danışıqlar, razılaşmalar necə oldu? Bu suallara cavab tapmaq lazımdır, bunun üçün də əmri verənlər müəyyənləşdirilməlidir. Ümumiyyətlə, bu cür qərarlar yüksək səviyyədə olanlar tərəfindən verilir. İki dövlət arasında razılaşma varsa, dinc dövrdürsə, kimsə dövlət adamlarının, yüksək vəzifəli şəxslərin xəbəri olmadan, özbaşına bu cür təxribat törədə bilməz. Bu, hərbi hissə komandirinin əmri və ya nəzarəti daxilində baş verən hadisə deyil. Bu cür hadisələrin, təxribatların reallaşması üçün baş nazir səviyyəsində əmr, razılıq verilməlidir və görünür ki, bu razılıq verilib. Konkret olaraq bu razılığı verənlər müəyyənləşdirilməli və həmin şəxs və ya şəxslərlə bağlı cinayət işi qaldırılmalıdır".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top