Balakəndə gəlininə dəfələrlə təcavüz edən qayınata hökmdən narazıdır — Şikayət

KRİMİNAL 27 may 2021, 11:42
Balakən rayonunda gəlininə təcavüz etməkdə ittiham olunan 1961-ci il təvəllüdlü Teymur Borboşov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Teymur Borboşov barəsində olan hökmün ləğv olunması və bəraət hökmünün çıxarılması barədə Şəki Apelyasiya Məhkəməsinə müraciət edib.

Teymur Borboşov iddia edib ki, o, gəlini və oğlu tərəfəindən şərlənərək həbs olunub.

Teymur Borboşovun şikayəti araşdırılması üçün hakim Rövşən Rəfiyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Borboşov 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

İttihama görə, Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib – red.) təcavüz edib. Teymur 2020-ci ilin fevralın ortalarındaoğlu Arif və gəlini Leylanın birlikdə yaşadıqları Balakən rayonu Şambul kəndində yerləşən evə gəlib. Giriş qapının qarşısında dayanıb, evdə tək olan Leyladan onu öpməsini tələb edib.

Gəlin imtina etdikdə, onun qolundan tutaraq özünə tərəf çəkib, zorla qapının yanında olan taxtın üzərinə oturdub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

Teymur 2020-ci ilin fevralın sonlarında saat 20 radələrində yenidən gəlinin yaşadığı evə gəlib. O, Leylanın evdə tək odun sobasının yanında, yerdə oturmasından istifadə edib, ona qarşı təkrar seksual xarakterli zorakılığa yol verib.

Növbəti dəfə gəlini ilə təklikdə olduğu zaman nahar etdikdən sonra masanın üzərindəki qabları yığışdıran Leylaya onunla cinsi əlaqədə olmağı təklif edib. Leyla onun əxlaqsız təklif və hərəkətləri barədə əri Arifə məlumat verəcəyini bildirib. Teymur evdən çölə çıxan gəlinin arxasınca həyətə gedib, bıçaqla onun üzərinə yeriyib. O, gəlinini qonşuluqda yaşayan kişi ilə cinsi münasibətdə olmaqda ittiham edib, mərhum arvadı Aybəniz kimi onu da öldürəcəyi ilə hədələyib.

Bir müddət sonra Teymur armatur götürüərək Leylanın yaşadığı evə gəlib. Barəsində Balakən rayon polis şöbəsinə şikayət etdikləri üçün gəlini Leyla və oğlu Adildən qısas almaq məqsədilə həmin vaxt orada tək qab-qacaq yuyan Leylanın özü ilə getməli olduğunu bildirib.

Leyla imtina etdikdə onun baş, kürək və qol nahiyələrinə dəmir parçası ilə zərbələr vurub, getməyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyib. Bu vaxt qışqırmağa başlayan Leylanın başına və bədəninə dəmir parçası ilə yenidən zərbələr vuraraq ona xəsarətlər yetirib.

Daha sonra gəlinin müqavimətini qırıb, onunla zorla cinsi əlaqədə olub. Gəlinin şikayəti əsasında Teymur həbs olunub.

İstintaq orqanı tərəfindən Teymurun barəsində Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma), 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) və 229.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Teymur bildirib ki, 1993-cü ildə həmkəndlisi Məhəmməd Burtiyevə vintaçanla xəsarət yetirdiyi üçün 4 il 6 altı ay azadlıqdan məhrum edilib. 1998-ci ildə cəzasının sonunda həbsdən azad olunub: “2008-ciildə arvadım Ayzənətin bıçaqla boğazını kəsərək öldürdüyüm üçün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin hökmü ilə 10 il müddətinə məhkum edildim. 2018-ci ildə həbsdən çıxdım. Balakən rayon Şambul kəndində qardaşım Əlinin evində yaşamağa başladım. 2020-ci ildə oğlum Adilə bildirdim ki, yaşadığı 2 otaqlı evin bir otağını mənə versin. Bu səbəbdən oğlum üstümə hücum çəkərək məni döyməyə başladı, odun parçası ilə qolumdan və baş nahiyəmdən vurdu. Xəsarət aldıqdan sonra oğlum məni Zaqatala rayon Mərkəzi Xəstəxanasına apardı. Mənə tibbi yardım göstərildikdən sonra Balakən rayon Şambul kəndində yaşadığım evə qayıtdım. Xəstəxanadan evə gəldikdən sonra mənə oğlum və gəlinim baxdı. Gəlinim və oğlumu öldürməklə hədələməmişəm. Oğlum məni vuraraq xəsarət yetirib. Onlarla birlikdə yaşamağımı istəmədikləri üçün mənə böhtan atırlar”.

Teymurun sözlərinə görə, 2020-ci ildə, təxminən saat 16 radələrində gəlini ilə birlikdə evdə olublar: “Gəlinim qabağıma yemək qoydu, həmin vaxt oğlum evdə deyildi. Çörəyimi yedikdən sonra gəlinim stolu yığışdıranda ona bildirdim ki, nə üçün qonşu Ramazan Qorzolovun evinə gedirsən, axşama kimi evə gəlmirsən? Ramazan Qorzolovu əxlaqsız adam kimi tanıyırdım. Buna görə də gəlinimin Ramazan Qorzolovun evinə getməsini istəmirdim. Bu zaman gəlinim mənim əxlaqsız hərəkət etdiyim barədə oğluma deyəcəyini bildirdi.Ona yaxınlaşaraq belə hərəkətlər etmədiyimi dedim. Gəlinim çölə tərəfə qaçdı və bildirdi ki, Ramazan Qorzolovun evinə gedəcək. Mən də çölə çıxdım və bildirdim ki, Ramazan Qorzolovun evinə gedirsənsə, bir daha bura gələ bilməzsən. Arif sakit şəkildə arxadan gələrək başımın sol tərəfindən dəmir parçası ilə vuraraq məni yerə yıxdı. Yerə yıxıldıqdan sonra Arif belimə və qolumaa vuraraq mənə xəsarət yetirdi. Sonra məni birlikdə Zaqatala rayon Mərkəzi Xəstəxanasına apardılar. Xəstəxanada 3 gün qaldım, sonra yaşadığım evə qayıtdım. Bir gün sonra Arif məni yenidən xəstəxanaya apardı. Mən xəstəxanadan qaçaraq Balakən rayon Şambul kəndində yaşadığım evə gəldim. Gəlinimə qarşı əxlaqsız hərəkətlər etməmişəm. Oğlumu və gəlinimi öldürməklə hədələməmişəm”.

Teymur daha sonra ifadəsində göstərib ki, gəlini və oğlu yaşayan ferma ərazisinə onların qaldığı sığınacağa gedib: “Həmin ferma qonşumuza məxsusdu. Sığınacağa çatanda gördüm ki, gəlinim həyətdə qab-qacaq yuyur. Ona yaxınlaşaraq bildirdim ki, nə üçün Arif məni döydü, mənə xəsarət yetirərək, bu hala saldı? Gəlinim yerdən odun parçası götürüb başıma vurdu, başım yarıldı. Bundan sonra həmin yerdən qaçaraq uzaqlaşdım. Fermaya getməkdə məqsədim Arifin məni nə üçün döydüyünü aydınlaşdırmaq olub. Gəlinim çöl sahəsinə aparmamışam, həmçinin ona əxlaqsız hərəkətlər etməmişəm. Leylaya toxunmamışam, onu zorlamamışam, heç vaxt ona qarşı seksual xarakterli hərəkətlər eləməmişəm. Bunların hamısını Arif Leylaya öyrədib. Çünki həyat yoldaşımı, yəni Arifin anasını öldürmüşəm. Arif məndən qisas alır. Leylanı zorlamamışam, cinsi əlaqədə olmaq qabiliyyətinə malik deyiləm. Arvadımı öldürdükdən sonra 12 ildir qadınla cinsi əlaqədə olmamışam. Ona görə də oğlumun həyat yoldaşını zorlaya bilmərəm”.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top