“Operativ Qərargahın qəbul etdiyi qərarlar doğru və vaxtında atılmış addımlardır”

GÜNDƏM 25 may 2021, 16:15
"Sağalanların sayının yoluxanları üstələyəcəyi təqdirdə, yumşalmaların tətbiq olunması labüd idi. Aradan qaldırılan məhdudiyyətlərlə yanaşı, toy mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması üçün də müəyyən qaydalar müəyyən edilməli, hüquqi tənzimləmə mexanizmi yaradılmalıdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Operativ Qərargahın qəbul etdiyi qərarlar doğru və vaxtında atılmış addımlardır: "Bilirsiz ki, ölkəmizdə iyunun 1-dək karantin rejiminin saxlanılması qərara alınmışdı. Bundan sonraki addımlar isə  pandemiyanın ölkədə yayılma səviyyəsindən, yoluxanlarla sağalanların tənasübündən asılı idi. Sağalanların sayının yoluxanları üstələyəcəyi təqdirdə,  kəskin yumşalmaların tətbiq olunması labüd idi. Biz də müsahibələr zamanı dəfələrlə bir sıra addımların atılmasının vacibliyini söyləmişdik. Misal üçün, metronun fəaliyyətinin dayandırılması heç də yoluxma sayını azaltmır. Çünki həmin insanlar onsuz da ictimai nəqliyyat kimi avtobuslardan istifadə edirlər. Beləliklə, sosial məsafəni qorumaq olmur və yoluxma labüdləşir. Nə fərqi var, yoluxma yerin altında olun yoxsa üstündə?! Necə deyərlər, toplananların yerini dəyişəndə cəm dəyişmir. Hesab edirəm ki, indiki halda sağlamlıq faizi kifayət qədər artıb".

Elman Nəsirov qeyd edib ki, insanların səbirsizliklə gözlədiyi məsələlərdən biri - toy mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qaldırılması üçün müəyyən qaydalar müəyyən edilməlidir: "Hüquqi tənzimləmə mexanizmi yaradılmalıdır. Heç kəsə sirr deyil ki, bu gün toylar təşkil edilməsə də, onlarla insan toplaşaraq restoranlarda öz asudə vaxtlarını keçirirlər. Yəni müəyyən limitli formada toy mərasimlərinin keçirilməsini bərpa etmək mümkündür. Bu, ölkəmizdə iqtisadi fəallığın kəskin artmasına səbəb ola bilər".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top