Sərhəd gərginliyi ilə bağlı məşhur politoloqdan ilginc iddia — Səbəb Türkiyədir...

GÜNDƏM 21 may 2021, 10:14
Azərbaycan-Ermənistan sərhədində son bir həftədə yaranmış gərginlik Qərb təhlilçilərinin də diqqətindədir. Amerikalı təhlilçi Pol Qobl Qarabağ münaqişəsinin artıq yeni miqyas aldığını yazır.

“Son 25 ildə döyüşlər Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində gedirdi... İndi isə hər iki tərəfdən toqquşmaların dövlət sərhədinə keçməsi, kövrək atəşkəsin qanlı sonluqla bitirməsi təhlükəsi var”, - məqalədə deyilir.

Müəllif sərhəd məsələsinin üç səbəbdən indi ortaya çıxdığını yazır. Birincisi, Ermənistan və Azərbaycan qüvvələri hazırda üzbəüz dayanıblar. İkincisi, Moskva özəlliklə Sünik vilayətindən sərhədlərarası nəqliyyat xəttinin açılmasına çağırır.

Üçüncü məsələ isə Türkiyənin Cənubi Qafqazdakı nüfuzudur. Azərbaycanın “Zəngəzur” dediyi dəhliz açılarsa, Türkiyənin Azərbaycan və Orta Asiya ilə quru əlaqəsi yaranacaq ki, Ermənistan, Rusiya və İran bundan narahatdır.

Hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a bildirdi ki, dünyada heç zaman haqq-ədalət olmayıb: “Amerika, Fransa kimi ölkələr daim öz maraqlarından çıxış ediblər. Ona görə də milli münaqişələrin həlli məsələsi uzun çəkir. Ümumiyyətlə, BMT yaranandan bəri belə olub. Yalandan boş-boş bəyanatlar verməkdən savayı işləri-gücləri yoxdur. Azərbaycan ərazi təcavüzünə məruz qalmış bir ölkədir və ona görə də haqq bizim tərəfdədir. Təəssüflər olsun ki, Pol Qobl kimi politoloqlar belə açıqlamalar verirlər. İran tərəfindən də belə açıqlamalar gəlməkdədir. Açıq şəkildə münaqişənin həllini istəmirlər. İstəyirlər ki, problemlər olsun, dövlətlərə təzyiqlər etsinlər. Azərbaycan  heç zaman milli, dövlət maraqlarına zidd olan addımlar atmayıb. Yolların açılması Ermənistana da təsir edir.

Bundan dünya ölkələri də bəhrələnəcək. Əgər ermənilər sülh, barış istəyirlərsə, problemlər həll olunmalıdır. Əks təqdirdə, biz tarixi İrəvan, Zəngəzur kimi ərazilərimizin məsələsi üzərinə də qayıda bilərik. 1918-ci ildən o tərəfə getsək, Ermənistan adında dövlət yoxdur. SSRİ zamanında bizim bir sıra ərazilərimiz ermənilərə verilib. Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb. Bu dövlətin yerinə Fransa, erməni diasporası və s. qərar verir. Ermənistanın nicatı nə Amerika, nə Fransa, nə də Rusiyada deyil, Azərbaycandadır. Elementar ağılları olsa, bunu anlayarlar. Onların vəziyyəti getdikcə daha da ağırlaşacaq. Pol Qobl kimi ekspertlərin hər birinin öz maraqları var. Qardaş Türkiyə və Azərbaycanın durmadan güclənməsi regionun bəzi ölkələrini, o cümlədən dünyanın bir sıra dövlətlərini ciddi narahat edir. Hər kəs bilməlidir ki, yenidən münaqişə olarsa, bu, Ermənistanın məhvi olacaq”.

Politoloq Tofiq Abbasov bildirdi ki, Azərbaycan hər zaman sülhpərvər mövqeyini nümayiş etdirib: “Ermənilər təkcə indi deyil, bir əsr öncədən də, ondan əvvəldən də müsəlmanlara, türklərə qarşı nifrət bəsləyiblər və daim məkrli, çirkin mövqedən çıxış ediblər. Daim çalışırdılar ki, ərazi məsələlərini həll etsinlər. İştahaları da böyük idi. Bu baxımdan problemin tarixi kökləri var. Azərbaycan daim çalışdı ki, dinc yolla münaqişə həll olunsun, barışıq əldə edilsin. Amma Ermənistan bunun ziddinə getdi. Nəticədə müharibə qaçılmaz oldu. Qalib tərəf isə məlumdur. Məğlub olan tərəf ilk növbədə, reallıqları nəzərə almalıdır. Özləri bu vəziyyəti yaratdılar. İndi dəhlizlərin açılması Ermənistana təhlükə vəd edir? Xeyr. Bunlar məğlub olmuş bədbəxtlərdir, iqtisadiyyatları çöküb. Başıpozuq vəziyyətdədirlər. İndi Ermənistanla əməkdaşlıq etmək istəyən bölgə dövlətləri var. Bunun onlar üçün nəyi pisdir? Bilirsiniz ki, vaxtaşırı Amerika Qarabağ probleminin həllində əsas söz sahibi olmaq istəyirdi. Amma bu, müxtəlif səbəblərdən alınmadı. Biz özümüzə məxsus torpaqları qaytarırıq. Amma Pol Qobl çalışır ki, Azərbaycanın haqqına girsin. Amerika diplomatiyası burada kifayət qədər məsələyə ermənipərəst mövqedən yanaşmağa çalışırdı. Azərbaycan öz haqlı mübarizəsindən dönmədi və bundan sonra da dönməyəcək. Biz indi görürük ki, indiyə qədər atılan addımların hər biri doğru idi. Ermənistan çalışır ki, öz təxribatları, çirkin niyyətləri ilə beynəlxalq diplomatiyanı çaşdırsın. Azərbaycan və Türkiyə Ermənistan kimi işğalçını, təxribatçını zərərsizləşdirən bir amilə çevrilib. Bu baxımdan amerikalı politoloqun dediklərinin bir əsası yoxdur. Bizim hərbi potensialımız, bölgədəki mövcudluğumuz artıq sabitliyin qarantiyasına çevrilib. Burada bəzi qüvvələrin bu işlərdən xoşu gəlmir və çalışırlar ki, özlərini qabarlıq şəkildə təmsil etsinlər. Üzərimizə düşən missiyanı öz üzərlərinə götürmək istəyirlər. Biz əgər bu bölgədə yaşayırıqsa, demək, burada sabitliyin qarantiyası bizik. Lazım qaydada təhlükəsizliyi qorumalıyıq və qoruyacağıq. Uğurlarımız kimlərdəsə qıcıq oyada bilər. Amma bu onların problemidir. Bölgədə proseslərin gedişində nüfuzumuz özünü göstərir. Bunu heç bir halda inkar etmək olmaz. Düşünürəm ki, sərhəd məsələsində Ermənistanın cığallığına son qoyulacaq. Yaxın zamanda onlarda seçkilər keçiriləcək. Nə olursa-olsun, Ermənistandakı ikitirəlik aradan qaldırılmalıdır. Nikol Paşinyanın indiki hakimiyyəti kövrəkdir. Müharibədən sonra ona qarşı irəli sürülən ittihamlar kifayət qədər çoxdur. Diaspora təşkilatları da ona qarşı çıxırlar. Artıq erməni tərəfi anlamalıdır ki, Azərbaycanı hədələməklə heç nəyə nail ola bilməyəcəklər. Ölkəmiz istənilən təhdidin qarşını almağa qadirdir. Yeganə çıxış yolları odur ki, Azərbaycanın həqiqətini qəbul etsinlər. Dövlətimiz kənar müdaxilələrə imkan verməyəcək. Deməyə sözlərimiz, arqumentlərimiz kifayət qədərdir. Zamanında buraxılan səhvləri aradan qaldırmalıyıq. Artıq bunları aradan qaldırmaq üzərində proseslərin sürətlə getdiyini söyləmək olar”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top