Rusiya Qaragölə də “sülhməramlı” yerləşdirmək istəyir?


GÜNDƏM 21 may 2021, 09:48
Rusiya Qaragöllə bağlı yaranmış problemi həll etmək üçün vasitəçiliyini təklif edir. Bakının hələ ki rəsmi mövqeyi bəlli deyil, amma Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın bu məsələyə münasibəti belədir ki, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdursa, danışıqlar prosesində Rusiya iştirak etməlidir. Yəni İrəvan artıq Rusiyanın vasitəçi təklifini dəstəkləyib. Ölkənin Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan isə “Rusiyanın vasitəçilik təklifini alqışlayırıq, amma danışıqların başlaması üçün ilk növbədə, rəqib Ermənistan ərazisini tərk etməlidir. Yalnız bundan sonra müzakirə üçün şərait yaradılacaq” deyib.

Azərbaycanda bəzi ekspertlər isə düşünür ki, Rusiyanın sərhədlə bağlı vasitəçiliyi Bakıya yaxşı heç nə vəd edə bilməz. Ona görə də rəsmi Bakı “sərhədin müəyyənləşdirilməsi iki dövlət arasında danışıqlar vasitəsilə aparılmalıdır” yanaşmasında israrını davam etdirməlidir. Ermənistanın dəstəklədiyi təklif isə Azərbaycanın xeyrinə ola bilməz.

Sərhədlə bağlı məsələni də nəzarətə alan Rusiya buraya da “sülhməramlı” yerləşdirmək istəyindədirmi? Ermənistanın danışıqlarla bağlı qeyri-adekvat tələbinin (sərhəddən çəkilmək), Rusiyanın vasitəçilik təklifinin mümkün fəsadları nə ola bilər? Bu təklifin həyata keçməsi realmı?

Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü: "Hazırda Zəngəzur dəhlizi və Qaragöl ətrafında yaradılmış gərginlik süni mahiyyətlidir və daha çox Ermənistanda 20 iyunda keçiriləcək parlament seçkilərinə, vaxt udmağa hesablanıb. Çünki Paşinyan hamıdan yaxşı başa düşür ki, qarşıdakı 1 ayda onun taleyi həll olunur və əgər o, Üçtərəfli Atəşkəs Bəyanatının müddəalarını indi yerinə yetirsə, bu, seçkiqabağı onun mövqelərinə çox böyük zərbə vuracaq, yenidən seçilmə şansını azaldacaq. Nəzərə alsaq ki, əleyhdarları, xüsusən də rusiyayönümlü qüvvələrə başçılıq edən Köçəryan onu Ermənistanı məğlubiyyətə uğratmaqda və təslimçi sülhə aparmaqda ittiham edir, belə durumda Paşinyan üçün yeganə yol nəyin bahasına olursa-olsun vaxt qazanmaq və rəqiblərinin arqumentlərini əlindən almaqdır. Buna da nail olur: baxın, o, bir tərəfdən çox məharətlə atəşkəs bəyanatının müddəalarının yerinə yetirilməsindən yayınır, sərhəd məsələsində yeni problemlər, gərginliklər ortaya çıxarır və onu şişirdir, o biri tərəfdən də məğlubiyyətini Rusiyanın üzərinə yıxmaqla həm Qərbin dəstəyini əldə edir, həm də Rusiyanı və onun himayə etdiyi qüvvələri erməni cəmiyyətinin gözündən salır".

Politoloq Rusiyanın əlavə problem yaşamaq istəmədiyini də bildirdi: “Bir çox ekspertlərdən fərqli olaraq, mən düşünürəm ki, Rusiyaya Ermənistanda seçki keçirilənədək əlavə problemlər gərək deyil. Çünki o, ilkin mərhələ üçün istəyinə nail olub: öz hərbi qüvvələrini Qarabağa yerləşdirib, tərəflərin hər ikisini özü ilə hesablaşmaq məcburiyyətində qoyub və indi ona beynəlxalq miqyasda sülhməramlı mandatı almaq gərəkdir. Yeni münaqişə nəzarətdən çıxa bilər, Rusiyanın təkbaşına sülhü təmin edə bilmədiyi görüntüsü yaranar və Qərbə öz hərbi qüvvələrini bölgəyə gətirmək imkanı yaranar. Ona görə də Rusiya atəşkəsə əsas zəmanətçi tərəf kimi, dərhal məsələlərə operativ reaksiya verir ki, tərəflər arasında yenidən silahlı münaqişə yaranmasın. Hazırda Rusiya ilə ABŞ arasında danışıqlar gedir, eləcə də Putinlə Baydenin görüşünə hazırlıq aparılır. Qarabağ məsələsi yeganə münaqişədir ki, ABŞ-la Rusiya çox rahatlıqla uzlaşma əldə bilər və Azərbaycan üçün də ən uyğun variant budur. Çünki bu zaman Azərbaycan Prezidentinin bölgədə qalıcı sülhün təmin edilməsi üçün təklif etdiyi ”Altılıq" formatı aktuallıq qazanacaq. Regionda əsas maraqlı güclərin danışıqlar apardığı bir vaxtda, mən inanmıram ki, Ermənistan və Azərbaycan arasında yenidən irimiqyaslı hərbi əməliyyatlar bərpa olunsun. Ancaq o gözlənilir ki, qarşıdakı 1 ay ərzində Ermənistanda seçkiləri udmağa çalışan tərəflər daxili ictimai rəydə reytinq və populyarlıq qazanmaq üçün tez-tez münasibətləri gərginləşdirməyə yönəlmiş hansısa açıqlamalarla çıxış etsinlər. Azərbaycan da hansı tərəfin udmasında maraqlı olacaqsa, həmin tərəfin qələbəsinə kömək edəcək müəyyən addımlar ata bilər". “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın dəstəklədiyi təklifin heç bir halda Azərbaycanın xeyrinə olmadığını qeyd etdi: “Rusiya prezidenti Vladimir Putin müharibəyə qədər Dağlıq Qarabağ mövzusu ilə xüsusi olaraq maraqlanmırdı. Putin müharibə və ondan sonrakı dövrdə fəallaşdı, iki bəyanatın (10 noyabr və 11 yanvar) hazırlanmasını təmin etdi, üstəgəl də ən azı ayda bir dəfə Bakıya və İrəvana zəng edir, vəziyyətlə maraqlanır. Putin mayın 19-da həm Bakıya, həm də İrəvana zəng etdi. Çünki Putinə aydındır ki, Azərbaycanla Ermənistan sərhədində baş verənlər bölgədə yeni müharibəyə səbəb ola bilər. Bu isə Rusiyanın və şəxsən Putinin maraqlarına cavab vermir. Çünki müharibə yenidən başlayarsa, Putinin vasitəçiliyinin və iki bəyanatın nəticəsiz qaldığı üzə çıxacaq, Kremlin imici yerlərdə sürünəcək. Ona görə də Putin hər dəfə tərəflərə xəbərdarlıqlarını çatdırır. Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək, o cümlədən demarkasiya və delimitasiyanın keçirilməsini həyata keçirmək üçün tərəflərə vasitəçiliyini təklif edib. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirdi.

Rəsmi Bakının bu təklifə münasibəti necə olmalıdır? Bu suala cavab vermədən öncə başqa suala cavab tapmalıyıq: Rusiyanın vasitəçiliyi nə zaman Azərbaycan üçün faydalı olub? Uzaq və yaxın tariximiz bu suala müsbət cavab vermir. Rusiya hərbçiləri Qarabağda separatçıları tərk-silah etmədikləri kimi, “İsgəndər - M” raketləri ilə bağlı müəamma da çözülmədi. Putin müharibə günlərində Ermənistana silah və sursat daşıdığını gizlətmədi. İndi bu dövlət Azərbaycanla Ermənistan arasında sərhədi müəyyənləşdirmək üçün hakim rolunda çıxış etsə, nəyin baş verəcəyi üzərindən baş sındırmağa dəyməz. Haqlarımız qorunmayacaq. Ona görə də rəsmi Bakı “sərhədin müəyyənləşməsi iki dövlət arasında danışıqlar vasitəsilə aparılmalıdır” yanaşmasında israrını davam etdirməlidir. Ermənistanın dəstəklədiyi təklif isə Azərbaycanın xeyrinə ola bilməz".(musavat.com)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 17:27
26 sen 2021, 17:00
Top