Paşinyandan Qazaxın kəndləri və Kərki ilə bağlı xəbərlərə REAKSİYA


GÜNDƏM 20 may 2021, 20:52
"Özünü müxalifət adlandıranlar əllərindən gələn hər şeyi edirlər ki, Azərbaycan əsgərləri "Ermənistan əraziləri”ni (Azərbaycan ərazisi olan və Laçın rayonunda yerləşən Qaragöl ətrafında hərbçilərimizin yerləşdirilməsini nəzərdə tutur- red.) tərk etməsinlər”.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan öz feysbuk hesabında bildirib.

"Həsrətini çəkdikləri müharibənin başlamadığını görərək alışıb-yanırlar. Üstəlik, hökumətin hərəkətlərində hər hansı bir gizli plan yoxdur və ola da bilməz”, - deyə o qeyd edib.

Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı danışıqlara dair bütün təfərrüatları bu gecə açıqlayacağını bildirib. Bundan sonra bəzi siyasi qüvvələr artıq müxtəlif hökumət binaları qarşısında mitinq keçirmək niyyətində olduqlarını açıqlayıblar.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Nikol Paşinyanın Azərbaycanla danışıqlarda yeni ərazi güzəştlərinə razılaşdığını iddia etmişdi.

 Keçmiş səfirin sözlərinə görə, razılaşmaya əsasən işğal altında olan Qazaxın 7 kəndi və Kərki Azərbaycana qaytarılacaq. Bu gün keçirilən hökumət iclasında isə Nikol Paşinyan ad çəkməsə də, keçmiş səfirin fikirlərinə cavab verib. O, eyni zamanda Azərbaycan və Rusiya ilə danışıqlar zamanı yeni bir sənədin imzalana biləcəyi barədə məlumatı təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-dən Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsi -delimitasiya və demarkasiya işləri görməyə çalışır. Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top