Natiq Cəfərli: “Rəsmi Tiflis düşünür ki, bu qazanc və fürsətlər azala bilər, narahatdılar”

GÜNDƏM 17 may 2021, 17:32
“Gürcüstanın Dmanisi rayonunda təxribat olub, "svanlar" Borçalı türklərinin işlətdiyi bir mağazaya hücum ediblər, bir neçə nəfəri döyüblər. Dmanisidə heç vaxt "svanlar" yaşamayıb, onları keçən əsrin 90-cı illərində iki səbəbə görə Bolnisə və Dmanisə köçürülüb: 1) Abxaziya hadisələri, 2) Böyük daşqın nəticəsində bir neçə kənd dağılmışdı. O zaman Gürcüstan hökuməti "svanları" məhz türklərin çox sıx yaşadığı bölgələrə köçürməklə həmin bölgələrdə etnik tərkibə təsir etmək istəyirdilər”.

Demokrat.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, Dmanisi (Başkeçid) Gürcüstanın strateji bölgəsidir, Ermənistanla sərhəddir: “Elə kəndlər var ki, Ermənistandan bir neçə metr ayırır, ona görə də, o bölgəyə çox həssas olmaq lazımdır, çox güman Ermənistan xüsusi xidmət orqanları oralarda ciddi fəaliyyət göstərirlər. İstənilən provokasiyalara ancaq hüquq müstəvisində cavab verilməlidir, kimlərsə orada qanlı ədavət salmağa çalışır. Gürcüstan bizim strateji tərəfdaşımız, Azərbaycanın Qərbə təbii iqtisadi uzantısı, qapısıdır. Gürcüstanın iqtisadiyyatı Azərbaycandan asılıdır, amma bizim də kommunikasiyalara görə asılılığımız var. Gürcüstan indi narahatdır ki, Ermənistan-Azərbaycan münaqişəsi tam bitib sərhədlər açılsa, iqtisadi və infrastruktur əlaqələri yaransa, Zəngəzur koridoru tam açılsa, Gürcüstanın bölgədə önəmi azalacaq, iqtisadi fürsətləri daralacaq. Son 30 ildə Azərbaycan-Ermənistan münaqişəsindən ən çox maddi qazanc götürən ölkə məhz Gürcüstan idi. İndi yeni yolların açılması ehtimalı, Zəngəzurdan keçəcək dəmir yolu və avtomobil yolları Gürcüstan üzərindən Türkiyə və Avropa mallarının Azərbaycana, Xəzərin o tayına, hətta Rusiya və İrana tranziti azala bilər. Son 30 ildə Sarpdan keçməklə hər gün yüzlərlə TIR-lar Gürcüstan ərazisindən 600 km yol keçməklə Qırmızı Körpü keçid məntəqəsinə gəlirdi. Yol boyu həmin maşınlara xidmət edən, onminlərlə iş yeri olan obyektlər, infrastruktur qurulub, ölkə tranzitdən, əhali isə yolun özündən qazanırdı. İndi rəsmi Tiflis düşünür ki, bu qazanc və fürsətlər azala bilər, narahatdılar. Boru xəttləri daim Gürcüstandan keçəcək, Bakı-Tiflis-Qars dəmir yolu çalışacaq - rəsmi Tiflisə bununla bağlı zəmanət verilməli, onların narahatlığı aradan qaldırılmalıdır. Hətta sabah Zəngəzur Koridoru açılsa belə, yolun o başında da, bu başında da Rusiya durucaq, deməli, o yolla Azərbaycana təzyiq etmək kimi yeni alət yaranacaq, buna görə də Gürcüsran koridoru bizim üçün hələ uzun müddət əhəmiyyətli alternativ olaraq qalmalıdır ki, Moskvanın təzyiqlərini neytralaşdıra bilək. Azərbaycan - Gürcüstan dostluğu, əməkdaşlığı region üçün də, hər iki xalq üçün də həyati əhəmiyyətə malikdir. Ona görə də provokasiyalara uymamalı, soyuq başla, hüquq çərçivəsində bütün problemlər çözülməli, bizim hökumət bu məsələni daim diqqətdə saxlamalıdır. Orada yaşayan türklər isə gürcü dili öyrənməli, siyasətə aktiv qarışmalı, seçkili orqanlarda daha çox təmsilçilik qazanmalıdır...”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top