Deputat: "Azərbaycan xalqı səbrsizliklə bu günü gözləyirdi"

QARABAĞ 13 may 2021, 11:12
“Azərbaycan xalqı səbrsizliklə bu günü gözləyirdi. Çox qürurverici və sevincli gün idi”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin depuatı Ceyhun Məmmədov Şuşada keçirilən “Xarıbülbül” festivalı ilə bağlı danışarkən deyib. 

Onun sözlərinə görə, festival rəngarəngliyi ilə yadda qalıb: 

“Azərbaycan xalqı 30 il sonra Şuşada belə bir festival təşkil etdi və bu tədbirdə Prezident və ailə üzvləri də iştirak etdi. Biz də dünən bir qrup həmkarımızla orda idik. Olduqca sevincli, fəxrli anlar idi. Musiqi sədaları bütün Şuşanı, Xankəndini bürümüşdü. Azərbaycanın xalq mahnıları səsləndirildi, milli çıxışlar oldu. Burada ən çox diqqət çəkən məqamlardan biri də Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxışlarının olması idi. Onlar da özlərinəməxsus şəkildə mahnı oxudular. Bu, həm Ermənistana, həm də dünya ictimaiyyətinə mesaj idi, Azərbaycan xalqı yaşadığı faciələrə baxmayaraq, öz milli-mənəvi dəyərlərini qoruyur, ona sadiqdir və hər zaman qoruyacaq. Həmçinin, Azərbaycan xalqı yenidən ermənilərlə birlikdə yaşamağa hazırdır, onlardan fərqli olaraq, sülhün, əmin-amanlığın tərəfdarıdır. 
Tədbirdə həmçinin ölkə başçısı çıxış etdi və öz çıxışında çox mühüm mesajlar verdi”.

Deputatın sözlərinə görə, belə festivalın təşkili Xankəndidə yaşayan erməniləri olduqca narahat edib: 

“Şuşaya böyük heyət səfər etmişdi. Səfər zamanı ermənilərin yaşadığı məntəqələrdən keçdik. Onların simasındakı narahatlığı, gərginliyi açıq-aydın görmək mümkün idi. Milli musiqilərin sədaları, “Qarabağ, Azərbaycan” şüarları onları narahat etməyə bilməzdi. Belə bir məqamda, qalib xalq kimi belə tədbirləri keçirmək, iştirak etmək vacib addım idi və məğlub erməniləri qıcıqlandırırdı”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top