Jurnalistlər istənilən mövzuda material hazırlayarkən Ulu Öndərə istinad edir

SOSİAL 10 may 2021, 20:45
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın yeni tarixində ən çox iz qoymuş  şəxsiyyətdir. Azərbaycanın müstəqilliyinin əldə edilməsi, möhkəmləndirilməsi, onun iqtisadi, siyasi, hərbi dayaqlarının yaradılması, beynəlxalq aləmdə tanıdılması Ulu Öndər Heydər Əliyevin xidmətlərinin və əsasını qoyduğu siyasi xəttin nəticəsidir.

Azərbaycanın müasir tarixində elə bir hadisə yoxdur ki, onun barəsində danışarkən Ümummilli Lider Heydər Əliyevin adı keçməsin. Biz, Azərbaycanla bağlı istənilən bir proses barədə danışarkən, istənilən halda Ulu Öndər Heydər Əliyevin adını çəkməli oluruq. Çünki, müasir tariximizdə  hər bir milli prosesin kökü onunla bağlıdır. 
 
Azad, müstəqil medianın inkişafı  ilə bağlı məsələlər də bu qəbildəndir. Müstəqil Azərbaycanda demokratik media mühitinin yaradılması, medianın azad fəaliyyəti üçün hüquqi bazanın formalaşdırılması, senzuranın ləğv edilməsi, KİV-lər üçün iqtisadi dayaqların yaradılması  Dahi Öndər Heydər Əliyev siyasəti ilə bağlıdır. Məhz onun prezidentliyi dönəmində medianın azad, demokratik, pluralist əsasları Konstitusiya normasına çevrilib. 1998-ci ildə Azərbaycan mediasında senzura rəsmən yasaq edilib. Heydər Əliyevin rəhbərliyi dövründə-1999-cu  ildə Azərbaycanda, o dövr üçün, Avropanın ən liberal qanunu qəbul edilib. Həmin qanuna əsasən,   Azərbaycan mediasında dövlət tənzimləmə mexanizmləri ləğv edilib, mediaya özünütənzimləmə status verilib. Bu, post-sovet ölkələri üçün media sahəsində ən cəsarətli addımlardan biri idi. Böyük çoxluqla post-sovet ölkələri analoji  sistemi bu günə qədər tətbiq edə bilməyiblər. Bu baxımdan, media icması Ümummilli Lider Heydər Əliyevin adını daim xatırlayırlar. O, jurnalistlərin özlərinə dost seçdikləri, bunu rəsmən elan etdikləri az sayda prezidentlərdən olub.  

Heydər Əliyev Azərbaycan tarixində elə iz qoyub ki, jurnalistlər istənilən mövzuda material hazırlayarkən, Ulu Öndərə istinad edirlər. Bütün bunlara əsaslanıb deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin adı nəinki onun doğumunun 98-ci ildönümündə, bütün tarix boyu çəkiləcək və yad olunacaq.

Müşfiq Ələsgərli
JuHİ sədri, media eksperti

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top