Şuşa Qalasını alan xalq milli mədəniyyət qəsrini də fəth edə bilər...

GÜNDƏM 26 apr 2021, 15:13
Mart ayında Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” adlı qısametrajlı bədii, sənədli və animasiya film müsabiqəsi haqda əməkdaşlarımız eşitdilər və çox sevindilər.

Ümumiyyətlə, yaşıma və həyat təcrübəmə görə mən vəzir sədəqələrinə həmişə skeptik yanaşmışam. Son vaxtlar Mədəniyyət və bir sıra digər nazirliklərdə Azərbaycanın dövlət büdcəsini müxtəlifçaplı mişarlarla budayan “bağbanların” DTX tərəfindən ciddi korrupsiya və rüşvətxorluq ittihamları ilə həbs edilməsi və ya ev dustağı edilməsi mənim bu daxili skepsisimi ictimai pessimizmə çevirdi… Amma bütün bunlara baxmayaraq sadəlövh və romantik ANS-çi gənclərimizi ruhdan salmadım və bu müsabiqəyə sənədləri vermələrinə etiraz etmədim… Ssenaristlərimiz, rejissor və ANS-in şəffaf və ədalətli məktəbini keçən digər yaradıcı heyətimiz dərhal müsabiqəyə sənədləri hazırladı və verdi. Belə ki, ANS Şirkətlər Qrupuna daxil olan ANS televiziyası və “BakiFilm” kinostudiyası adından “Balans Studiyası”sənədləri Mədəniyyət Nazirliyinə vaxtında təqdim etdi, həm də üç kateqoriyanın üçünə də. Çünki ANS Şirkətlər Qrupu olaraq, bizim bu sahədə böyük təcrübəmiz var: 10-a yaxın tarixi-dramatik tam və qısametrajlı bədii film çəkmişik, 50-yə yaxın animasiya filmləri seriyalarını və 100-dən çox sənədli film istehsal etmişik. 

Sənədləri və ssenarilərimizi niyəsə internet vasitəsi ilə təhvil verdik və cavab gözləməyə başladıq. Uzun müddət şəffaf dumana bənzər sükut bürüdü müsabiqə dəhlizlərini. Sanki Frans Kafkanın “Qəsr”inə bənzər mürəkkəb və bürokratik aparatı ilə məmurlar hər şeyi və hər kəsi hamı üçün əlçatmaz edir ki, proseslər müsabiqə iştirakçılarını ümidsizliyə aparan, qarışıq, yad varlığa çevirir. Məsələn, şəxsən mən anlamadım ki, niyə müsabiqə xazinləri Qarabağda qələbəmizə həsr olunmuş “Böyük qayıdış”müsabiqəsində xalqın hər bir istedadlı nümayəndəsinin iştirakına izin vermədi və “ilk gecə haqqını”yalnız texniki bazaya malik olan hüquqi şəxslərə vermək istəyini elan etdi? Məhz bu səbəbdən, elə müsabiqənin əvvəlindən Azərbaycanın vətənpərvər, peşəkar və istedadlı vətəndaşlarının bir hissəsi müsabiqədən kənarda qaldılar. 

Namazı batil edən digər yel - müsabiqədə yalnız 5 qısametrajlı bədii filmin yaradılmasının nəzərdə tutulmasıdır… anlamadım… niyə biz öz igid əsgərimizə, şanlı qələbəmizə məhz qısametrajlı dəyər veririk? Niyə bir dənə sanballı və tammetrajlı bədii film çəkmirik? Bəyəm Qarabağı 44 günə azad edən, başda Ali Baş Komandan olmaqla, Şanlı Azərbaycan Ordumuz, igidlərimiz və müzəffər Azərbaycan Xalqı tammetrajlı bədii filmə layiq deyil? Layiqdirlər!!! Mədəniyyət Nazirliyinin qərarına görə, 30 il gözlədiyimiz qələbəni əbədiləşdirmək üçün müsabiqənin bədii hissəsinə cəmi 450 000 manat ayrılıb. Bundan 5 qısametrajlı bədii filmin hər birinə 50 min AZN, 4 sənədli filmin hər birinə 25 min AZN, 1 animasiya filmi üçün 100 min AZN buraxılır. Azərbaycanın Ermənistan və ona havadarlıq edənlərin üzərində qələbəsini əbədiləşdirmək üçün cəmi 450 min AZN, yəni 265 min ABŞ dolları və ya ciddi bir bədii film yaratmaq üçün 50 min AZN qeyri-ciddi rəqəmdir. Xatırlatmaq istəyirəm ki, 2008-ci ildə qələbə çalmış yox, əksinə, müharibədə məğlub olmuş Gürcüstan xalqının faciəsini əbədiləşdirmək üçün “Avqustun 5 günü” bədii filminin çəkilişinə 12 milyon ABŞ dolları, yəni 20 milyon AZN sərf edilib.

Bunu da xatırlatmaq istəyirəm ki, ölkədə müharibə, yəni Ali Baş Komandan və onun əsgərləri xalqın dəstəyi ilə düşmənlə üz-üzə savaşaraq onu məğlub edəndə, arxa cəbhədə yerləşən digər nazirlik və agentliklər sakit oturub nəticələri TV vasitəsi ilə izləməməlidirlər! Hamı döyüşdə və hər şey də müharibə üçün olmalıdır! Məsələn, Böyük Vətən müharibəsi zamanı, başda Vladimir Potyomkin olmaqla, “Narkompros” (Maarif Xalq Komissarlığı) bütün SSRİ şairləri, yazıçılar, bəstəkar, rəssam və s. yaradıcı insanlara Sovet xalqının şücaətini əbədiləşdirmək və yeni qələbələrə ruhlandırmaq üçün daim əsərlər sifariş edirdi. Yaradıcı insanlar dövlət tərəfindən qorunur, müharibədən azad edilirdi ki, mədəni-maarif cəbhəsində öz döyüşlərini davam etdirsinlər… Bunun nəticəsi olaraq, müharibə başlayandan cəmi 2 gün sonra bəstəkar Aleksandr Aleksandrov və şair V.Lebedev-Kumaç «Священная война» mahnısını yazır, 1943-cü ildə bəstəkar Nikita Boqoslovski həmin il çəkilən “İki döyüşçü”tammetrajlı filminə «Тёмная ночь» mahnısını yazır, bəstəkar David Tuxmanov və şair Vladimir Xaritonovun «День победы» mahnısı isə ümumiyyətlə Qələbənin himni sayılır. Böyük Vətən müharibəsi illərində azərbaycanlı bəstəkarlarımız 400 əsər (marş, simfoniya, mahnı, opera və s.) yaratmışdılar. Üzeyir Hacıbəylinin "Şəfqət bacısı", "Qələbə himni", Səid Rüstəmovun "Cəbhəyə", Süleyman Ələsgərovun "Gözlə məni" mahnıları həmin dövrdə dillər əzbərinə çevrilmişdi. Fikrət Əmirov müharibədə həlak olmuş bəstəkar İsrafil İsrafilzadənin xatirəsinə simfonik poema həsr edir, Niyazi “Xatirə” və “Döyüşdə” simfonik əsərlərini yazır. Qara Qarayev və Cövdət Hacıyevin “Vətən” operası Sovet İttifaqında Böyük Vətən müharibəsi mövzusuna toxunan ilk operadır. Müharibə illərində Azərbaycanın məşhur şairi Səməd Vurğun 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazır. Siyahı uzundur və bunların hamısı ciddi işdir, gecə-gündüz, yuxusuz, yorğunluq bilmədən nazirliyin sifarişi ilə və nəzarəti altında aparıllan arxa cəbhədə düşmənlə vuruşan yaradıcı insanların Vətən müharibəsinə böyük töhvəsidir! Amma bizim 2-ci Qarabağ Vətən müharibəsində qələbəmizdən artıq 5 ay keçib, nəticə isə hələ də yoxdur… Yoldaşlar, Sizə elə gəlmir ki gecikirik.  

Lakin müsabiqə ətrafında cərəyan edən hadisələr göstərdi ki, yuxarıda sadalanan bu anlaşılmayan faktlar hələ jurnal imiş… Bizi içimizdən təəccübləndirən amillər hələ qabaqda idi. Günün bir günü Mədəniyyət Qəsri sükutu pozdu və müsabiqəyə buraxılanların siyahısını öz saytında dərc etdi! Azərbaycan dilində “Müdafiə, yaxud əsaslandırma”, Azərbaycan Mədəniyyət Nazirliyinin dilində isə PİTÇİNQə keçən şirkətlərin adlarını oxuyanda növbəti dəfə təəccübləndim, o biri tərəfdən də gülmək tutdu məni – müsabiqəyə qəbul edilən, lakin Azərbaycan kinosu, sənədli və animasiya filmləri sahəsində heç tanımadığım şirkətlərin adlarını oxuduqca... 

Azərbaycan dili haqqında qanuna görə, dilimizi qoruyanların ilk sıralarında durmalı olan Mədəniyyət Nazirliyinin rəsmi sənədlərində PİTÇİNQ sözündən əlavə, Azərbaycanlıların söyüş kimi istifadə etdikləri söz və söz birləşmələrindən yaranan şirkət adları ilə də rastlaşdım - məsələn “Var-yox”… şirkəti?!? İnanmadım… bir daha oxudum – elədir ki, var - “Var-yox” şirkəti. Təsəvvürünüzə gətirin ki, belə adla özünü Azərbaycan mədəniyyətinin avanqardında təmsil etməkdən çəkinməyən şirkətlərə 30 il qələbə gözləyən Azərbaycan xalqının bədii, sənədli və animasiya filmlərini etibar edirlər... Bundan əlavə, nə rəsmi web-saytı olan, nə wikipediyada haqqında məlumat olan “Karvan Production” MMC-nin hətta iki ssenarisini qəbul edirlər, amma qos-qocaman, SSRİ-də ilk müstəqil televiziya kanalı yaradan, 31 illik təcrübə ilə ANS Şirkətlər Qrupunun tərkibində olan, ən böyük maddi-texniki bazaya malik, bədii və sənədli filmlər çəkilişində, animasiya istehsalı sahəsində regionda və ölkədə tayı-bərabəri, rəqibi olmayan ANS TV və “Bakifilm” Kinostudiyasını təmsil edən “BALANS” studiyasının adını isə nə qısametrajlı, nə də animasiya filmləri müsabiqəsinə, heç üzdəniraq PİTÇİNQ-ə də salmayıblar. 

Ey, juri, müsabiqə xazinləri və iştirakçılara izn vermək səlahiyyətlərinə Malik qərar verən Azərbaycanlılarımız, unutmayın ki, sizdən fərqli olaraq ANS-in yaradıcı heyəti müharibə ilə böyüyüb, döyüşün də, məğlubiyyətin də, qələbənin də qiymətini öz qanı, canı və malı ilə ödəyib və dadını yaxşı bilir... Mən demirəm ki, müharibədən çıxan ANS-çilər mütləq müsabiqədə qələbə çalmalıdır - əsla, amma heç olmasa digərləri kimi müsabiqədə iştirak etmək hüququna ən azı hamı kimi haqqı var… 

Biz ANS olaraq, heç vaxt nazirliklərin müsabiqələrini gözləməmişik. Azərbaycanın tarixi barədə bədii və sənədli filmlərin hamısını həmişə xalqın puluna yox, öz vəsaitimiz hesabına çəkmişik və bundan sonra da çəkəcəyik, in şa Allah! “Böyük qayıdış” adlı Azərbaycan dövlət müsabiqəsində iştirak etmək bizim üçün qazanc yox, Şərəf meydanıdır. Onsuz da biz adı çəkilən müsabiqələrin hər hansındasa qələbə çalsaq, buraxılan büdcənin 2-3 qatını öz vəsaitimiz hesabına əlavə etməyə hazırlaşırdıq ki, ciddi, festivallara çıxarılacaq bir əsər yaradaq. 
Mən doğrudan da başa düşə bilmirəm ki, bu müsabiqəyə sənədlərini verən şirkətlərin niyə hamısını dinləməməlidirlər? Düşünürəm ki, bütün iştirakçılar Müdafiədə (PİTÇİNQ - Azərbaycan Mədəniyyət Nazirliyinin lüğəti) iştirak etməlidir və ən azı Şəhidlərimizin ruhu qarşısında öz Şərəf borcunu yerinə yetirməyə imkanları olmalıdır. Niyə təqdim etdiyimiz ssenariləri oxuyub seçim edən jurinin adları indiyə qədər tam məxfi saxlanılır? Niyə, kimdən gizlədirsiniz? Bəlkə, bu məlumatları ictimaiyyətdən gizlədirsiniz ki, dövlət pullarını xəlvət-xəlvət “Var-yox”unuza xərcləyəsiniz? Nəbadə, təhqir kimi başa düşəsiniz… Düzdür, “var-yox” ifadəsi bizim dildə söyüş kimi anlaşılır, amma bu adda Azərbaycanın kino sahəsində şirkət var imiş, özü də bu “Var-yox” şirkəti Vətən müharibəsindən, Şanlı ordumuz və Qələbəmiz haqda film çəkmək üçün, ANS-dən fərqli olaraq, müsabiqədə iştirak edəcək... 

Amma nə qədər qəribə olsa da, bu da hələ jurnal imiş… Əsl kino – müsabiqənin müsiflər heyətinin üzvlərinin Mədəniyyət Nazirliyinin saytında adlarını oxuduğum zaman başladı… Bu gözəl Azərbaycanlı ad və soyadları oxuduqca anlayırdım ki, mən heç nə anlamıram. Müsabiqənin müsiflər heyətinin sədri “Speys” telekanalının keçmiş rəhbəri Vaqif Mustafayev təyin olunub və onunla yanaşı duran bir sıra tanımadığım adamlar haqda heç nə deyə bilmərəm. Məsələn, müsiflər heyətinin hörmətli üzvlərindən biri olan “ParkSinema” şirkətinin PR menecerini və adları o siyahıda çəkilən digər insanları doğrudan da tanımıram. Yaranmış vəziyyət mənə Piter Breygelin “Korlar haqqında hekayət” əsərini xatırladı…

Məncə, Vətənimin mədəniyyəti üçün 44 günlük Qarabağ müharibəsinin, başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün döyüşçülərimizin və Şəhidlərimizin qəhrəmanlığını əbədiləşdirmək üçün yaranan bu taleyüklü müsabiqənin müsiflər heyətində ali və təmiz peşəkarlar olmalı idi  – ssenaristlər və böyük dramaturqlar Ramiz bəy Fətəliyev, Ramiz bəy Rövşən, bədii filmlər rejissoru Oqtay bəy Mirqasımov, sənədli filmlər rejissoru Vasif bəy Babayev, görkəmli teatr rejissoru Cənnət xanım Səlimova, aktyor sənətinin korifeyləri Şəfiqə xanım Məmmədova, Fəxrəddin bəy Manafov, Rasim bəy Balayev, rejissor, kinoşunas və intellektual Ayaz bəy Salayev… Görkəmli işi görkəmlilərlə görərlər. Şükür Allaha, hamısı sağ və salamatdır! Soruşacaqsınız, niyə məhz bu böyük Azərbaycanlıların adını çəkirəm? Çünki belə fikirləşirdim ki, budəfəki müsabiqə əvvəlkilərdən fərqlənəcək – axı söhbət VƏTƏNdən, QARABAĞdan, QƏLƏBƏdən gedir… və bir də ki, yuxarıda adlarını çəkdiyim əziz dostlarım və həqiqi mənada dünya çaplı sənətkarlarımız həqiqi peşəkarlardır və heç vaxt korrupsiyaya qurşanmayıblar... Bir şey maraqlıdır mənə - bu adamlar sağ ikən, bu müsabiqənin münsiflər heyətinə Mədəniyyət Nazirliyi tərəfindən seçilən insanlar yerlərindən xəcalət çəkmirlər? Hiss etmirlər ki, öz yerlərində deyillər???

Hər kəs öz yerinə layiqdir, xanımlar və cənablar. 

P.S. Yeri gəlmişkən, 2020-ci ilin sentyabrından, yəni 44 günlük müharibə başlayandan bu günə kimi ANS olaraq artıq dörd sənədli film çəkib təqdim etmişik. Hələ də işləyirik, çəkirik və çəkəcəyik də! 

Düzdür, bu gün müsabiqədə iştirak etmək üçün qərarı PİTÇİNQ-çilər verir, amma unutmayın ki, qiyməti həmişəki kimi XALQ verəcək!

Gəlin bir daha Böyük Piter Breygelin “Korlar haqqında hekayət” əsərinə birlikdə baxaq və zavallıların aqibətini yaşamayaq.



Vahid Mustafayev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top