Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkədə daha bir skandalı ilə gündəmə gəlib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, səfir, Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib.
Belə ki, E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan "Filosoflar parkı"nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib. 
Məlumdur ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ukraynada böyük şairin adına ucaldılacaq abidə isə “Nizami Gəncəvi İli”nə növbəti töhfə ola bilər. 



