30 il əvvəl baş verənlərdən tarixi dərs almaq — Birdən Rusiyada yenə QKÇP olsa...

GÜNDƏM 21 apr 2021, 23:01
Tarixi yaddaş, tarixdən dərs almaq və düzgün nəticə çıxarmaq istənilən fərdə də, millətə də, dövlətə də yalnız xeyir gətirə bilər.  Azərbaycanın birinci prezidenti hörmətli Ayaz Mütəllibovun Moderator.az-da 30 il əvvəl keçirilmiş “Həlqə” əməliyyatı haqqında fikirlərini oxudum və burada xatırlanan bir məsələ diqqətimi çəkdi, çünki qeyd edilən məsələ ilə Qarabağdakı indiki vəziyyət arasında bir oxşarlıq gördüm.  Həmin məsələyə keçməzdən əvvəl qeyd edim ki, bu əməliyyatın ilk günündən sonunadək iştirak edən, qələbədən sonra hörmətli Ayaz Mütəllibovun Gəncəyə səfərini, şəhər ictimaiyyəti qarşısında çıxışını da yaxşı xatırlayan bir təhlükəsizlik qüvvələrinin zabiti kimi həmin günlər mənim üçün çox əzizdir. Ona görə ki, gördüyümüz işin çox yaxşı nəticəsi oldu, biz böyük bir ərazini düşməndən azad etdik.

Ayaz müəllim deyir: “Təəssüf ki, “Həlqə” əməliyyatı tam yekunlaşmadı və nəzərdə tutulmuş bütün digər müsbət nəticələr əldə olunmadı. Ona görə “təəssüf” deyirik ki, Azərbaycanın  məsələnin hərbi güc yoluyla həll edilməsi qərarı tamamilə özünü doğrultmuşdu və bu, yaxın gələcəkdə hər iki tərəfə lazım olan yaxşı sülhlə nəticələnəcəkdi. Ancaq  Moskvada SSRİ rəhbərliyində baş vermiş “QKÇP” adlanan təbəddülatlar və həmin fonda Qarabağ separatçılarının öz təxribatçı əməllərini davam etdirməsi  bizim qarşıya qoyulmuş vəzifəni yerinə yetirməyimizə əngəl oldu”.
 
Tamamilə doğrudur. QKÇP olmasaydı, Çaykənd, Qarabulaq, Manaşid, Erkeç, Buzluq kəndinin azad edilməsindən sonra növbəti hədəf Ağcakənd ( keçmiş Şaumyan kənd rayon mərkəzi) rayonunu tamamilə düşməndən azad edilməsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonun sərhədinə çıxmaq idi. Şəxsən mənə artıq o vaxtkı sədr Vaqif Hüseynov tərəfindən tapşırıq verilmişdi və mən Rus Borisi kəndinə kəşfiyyata gedirdim. Məhz yola düşdüyüm gün Moskvada QKÇP baş verdi və Goranboydan, yolun yarısından geri çağrıldım. Sonrakı hadisələr məlumdur, bu proses düz bir il ləngidi.
 
Bu vəziyyəti ona görə xatırlatdım ki, Qarabağda yaranmış indiki situasiya ilə paralellər aparım. Bu gün keçmiş Dağlıq Qarabağda vəziyyət elədir ki, biz o yerlərə nəzarət edə bilmirik. 44 günlük qələbəmizlə bitən müharibə nəticəsində böyük ərazilərimiz işğaldan azad olsa da, hələlik Xankəndi və ətrafdakı rayonlar hələ də erməni hərbi birləşmələrinin və Rusiya sülhməramlılarının nəzarətindədir. Beş aydan çoxdur müharibə bitsə də, bu ərazilərlə bağlı biz tərəfdən konkret addımlar atılmayıb, nə edəcəyimiz haqqında da rəsmi mövqe yoxdur. Müharibə bitəndən bəri 10 noyabr bəyanatının bəndlərinə - erməni silahlılarının ərazidən çıxarılması, qaçqın azərbaycanlıların Dağlıq Qarabağ ərazisinə qaytarılması, nəqliyyat-kommunikasiya xətlərinin açılması - əməl edilməsinə çağırışlar edir, narahatlığımızı bildiririk. Qalib dövlət kimi mövcud vəziyyətin bizim üçün əlverişli olduğunu nəzərə almağı dəfələrlə vurğulamışıq. Əks halda bölgədə baş verə biləcək gərginliklər bizim maraqlara uyğun olmaya bilər. Hətta, nəinki bölgədə , eləcə də bu gün açar rol oynayan ölkə kimi Rusiyanın özündə nə baş verəcəyini və nəticədə daha aqressiv bir siyasətlə üzləşməyəcəyimizi necə proqnozlaşdıra bilərik? Kim zəmanət verir ki, qlobal maraqların toqquşduğu bir vaxtda, ABŞ, Avropa İttifaqı ilə Rusiya arasında böhran həddə olan gərginlik dünya düzənində dəyişikliklərə səbəb olmayacaq və bizim maraqlarımız bu zaman gözləniləcək, yoxsa yox? Hər halda iki ay əvvəlki münasibətlərlə bu gün arasındakı fərqi ən azı özümüz görürük. “İsgəndər” raket kompleksinin yaratdığı soyuqluq, Ukraynaya görə Türkiyəyə olan təzyiq, 10 dekabr paradına qarşı Xankəndində keçiriləcək 9 may paradı və sairə. 
 
Ona görə də hörmətli Ayaz Mütəllibovun xatırlatdığı QKÇP yerinə düşür. Bizdən asılı olmayan səbəblər bizim planlarımızı pozdu. Bu gün də işimizi, siyasətimizi gecikmədən elə qurmalıyıq ki, Xankəndindəki separatçı rejim yenidən möhkəmlənməsin, bu boyda məğlubiyyətdən sonra dirçəlməsin. Onların möhkəmlənməsi Qarabağ problemini daha uzaq müddətə aparacaq. Bizə yaxşı heç nə vəd etməyən sürprizlərin olması mümkündür. Bu mənada tarixdən dərs almamız yalnız milli marağımızın xeyrinədir.
 
İlham İsmayıl

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top