Deputat: "ATƏT-in Minsk Qrupu nəyi həll edəcək?"

GÜNDƏM 14 apr 2021, 16:18
Azərbaycan-Ermənistan münaqişəsinin həll olunması üçün yaradılan ATƏT-in Minsk Qrupu danışıqlar prosesinin aparılması, eləcə də münaqişənin həllinə dair hərhansı nailiyyətlər əldə edə bilməyib. Minsk Qrupunun 30 ilə yaxın müddətdə münaqişənin həlli istiqamətindəki "səyləri" uğursuz dəyərləndirilir. Çünki Azərbaycan ordusu BMT-nin müvafiq qətnamələrini təkbaşına icra edərək ərazi bütövlüyünü təmin edib.

Bəs indi ATƏT-in Minsk Qrupunun məqsədi nədir və sözügedən qurum hansı "problemi" həll etmək istəyir?

Milli Məclisin deputatı Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, ATƏT-in Minsk Qrupu artıq Azərbaycana lazım deyil və burada görüləsi heç bir işi də yoxdur.

Deputat həmçinin qeyd edib ki, Minsk Qrupu əgər Qarabağın statusu ilə bağlı məsələnin həllini düşünürsə, belə bir məsələ yoxdur: "Aprelin 13-də ADA universitetindəki beynəlxalq konfrans zamanı cənab Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupu ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi. Doğrudan da, sözügedən qrup Qarabağın problemini həll etmək üçün yaradılmışdı. Prezident İlham Əliyev də haqlı olaraq deyir ki, bu məsələ artıq həll olunub, sən nəyi həll edəcəksən?! Deməli, bunların fikri birbaşa olaraq Qarabağın statusu məsələsi ilə bağlıdır. Dəfələrlə qeyd olunub ki, bu status məsələsi cəhənnəmə gedib. Azərbaycanın mövqeyini bildiyiniz halda daha nə istəyirsiz?!"

Tahir Kərimli vurğulayıb ki, Ermənistanın Qarabağ münaqişəsinin dini müstəvidə getdiyini söyləməsində müəyyən qədər haqlıdır: "Çünki Azərbaycan-Ermənistan münasibətlərini həll etməli olan Minsk Qrupunun həmsədr ölkələrinin üçü də dünyanın ən böyük xristian dövlətlərindən biridir. Belə ittiham səsləndirməklə ermənilər əslində özlərini ifşa edirlər. Niyə bir dənə də olsun müsəlman dövləti bu məsələnin həlli üçün yaradılan Minsk Qrupunun üzvü deyil? Fransanın o vaxtkı Prezidenti Jak Şirak Heydər Əliyevdən xahiş edib ki, amanın günüdür obyektiv olacağıq, amma həmsədr olmağa icazə verin. Lakin Fransa öz sözünə dönük çıxdı. Sözüm odur ki, Azərbaycanın mövqeyi bəllidir. Qarabağın statusu məsələsi daha yoxdur!"

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top