İsmayıllıda dəhşətli hadisə: Gənc oğlan narkotik alverçisi iddia etdiyi kişini maşınında öldürdü — Şok təfərrüat

KRİMİNAL 06 apr 2021, 10:43
İsmayıllı rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Şirxan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şirxan Əzimov 2017-ci ildə İsmayıllı rayonunun Müşkəmir kənd sakinləri tərəfindən döyülərək dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə bağlı İsmayıllı rayon polis şöbəsinə şikayət etməsi və onun müraciəti əsasında polis şöbəsində araşdırma aparılması səbəbindən Ağasəf Soltanovun həmin vaxtdan etibarən ona mütəmadi olaraq nalayiq söyüşlər söyüb.

Bu səbəbdən Şirxan Əzimov Ağasəf Soltanov ilə aralarında şəxsi münasibətlər zəminində qərəzli münasibətlər yaranıb. Şirxan Əzimov Ağasəf Soltanovun ona qarşı etdiyi hərəkətlərə görə qisas alaraq öldürmək qərarına gəlib.

Bu məqsədlə Şirxan Əzimov 7 may 2020-ci ildə səhər saatlarında İsmayıllı rayonunun Müşkəmir kəndində valideynlərinə məxsus olan yaşayış evinin eyvanında dayanaraq Ağasəf Soltanovun adətən olduğu kimi həmin evin qarşısındakı yoldan keçəcəyi vaxtı gözləyib.

Həmin gün saat 09.30-da Şirxan Əzimov Ağasəf Soltanovun yolla gəldiyini görüb. O, tüfəngi götürərək yola çıxıb, arxadan Ağasəf Soltanova yaxınlaşaraq dayanmasını söyləyib.

Bu zaman Şirxan Əzimov təxminən 10 metrdən bir dəfə atəş açaraq Ağasəf Soltanova xəsarət yetirib. O, Ağasəf Soltanovu öldürdüyünü düşünərək hadisə yerini tərk edib. Ağasəf Soltanov birinci atəş nəticəsində aldığı xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölüb.

İstintaq orqanı tərəfindən Şirxan Əzimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Məni polisin “adamı” olmaqda günahlandırdı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şirxan Əzimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, İsmayıllı şəhəri Natavan küçəsində qeydiyyatda olub: “Buna baxmayaraq rayonun Müşkəmir kəndində yaşayan nənəm Vəsinin yanına tez-tez gedib, ona baş çəkmişəm. Müşkəmir kənd sakini Ağasəf mərhum atamın xalası oğlu olub. Onunla əvvəllər münasibətləri normal olub. 2017-ci ilin təxminən ortalarında Ağasəfin Zərnava meşəsində əkdiyi təxminən 6-7 ədəd narkotik kollarını yığaraq istifadə etməyimə görə münasibətlərimiz korlanmışdı. Həmin vaxt Ağasəf, Sadiq, Lahıc kənd sakini Valehlə birlikdə məni narkotik kollarını oğurladığıma görə döydülər. Bu səbəbdən İsmayıllı rayon polis şöbəsinə şikayət ərizəsi verdim. Lakin sonradan Ağasəf və digər şəxslər məndən üzr istədilər.  Buna görə də şikayətimi geri götürdüm. Buna baxmayaraq Ağasəf hər dəfə məni görəndə nalayiq sözlərlə söyüb təhqir etdi. Məni polisin “adamı” olmaqda günahlandırdı”.

“Nalayiq ifadə işlətməyə qorxdum”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən təxminən beş gün əvvəl yenə də Müşkəmir kəndinə gəlib: “Ağasəfin kəndin girişində olan təzə tikdiyi evinin yanından keçərkən sonuncu məni həyətinə dəvət etdi, mənimlə söhbət etdi.  Ağasəf əvvəlcə mənimlə mülayim danışsa da, sonradan mənə qarşı nalayiq ifadələr işlətdi. Məni polisin “sukası” və “işverən” olduğumu dedi. Ağasəf fiziki cəhətdən məndən güclü olduğundan həmin vaxt sonuncuya qarşı hər hansı nalayiq ifadə işlətməyə qorxdum. Ağasəfə sonradan gələrək münasibətlərimizə aydınlıq gətirəcəyimi dedim, sonra oradan uzaqlaşdım. Kənddə olduğum beş gün ərzində həm əkin işləri ilə məşğul oldum, həm də Ağasəfi güdərək sonuncunun gecələr kənddəki köhnə evində qaldığını, səhərlər isə işləmək üçün kəndin aşağısında yeni tikdirdiyi evə gedərək onların evinin aşağısındakı yoldan keçdiyini müəyyən etdim”.

“Məni görmədi”

Şirxan Əzimov qeyd edib ki, mayın 6-da, axşam nənəsinə onu səhər saat 07-də yuxudan qaldırmasını deyərək yatıb: “Mayın 7-də, saat 08 radələrində nənəm məni yuxudan oyadandan sonra babamdan qalma qeyri yaşayış sahəsində olan tüfəngi götürüb və yatdığım otaqda evin divarında qarderob kimi istifadə olunan yerdə olan yorğan-döşəyin qarşısına qoydum. Oyanandan sonra küçədə gediş-gəlişi müşahidə etməyə imkan verən evin eyvanında oturdum, Ağasəfin gəlməsini gözlədim. Həmin vaxt tüfəngi və patronları qarderabdan götürdüm və eyvanda yanına qoydum. Saat 09 radələrində evdən təxminən 500 metr aralıda yerləşən Ağasəfin özünə məxsus köhnə evdən tək çıxaraq gəldiyini gördüm. Təklüləli tüfəngə patronun birini yerləşdirdim və Ağasəfin gəlməsini gözlədim. Digər patronları isə şalvarımın sağ ön cibinə qoydum. Ağasəf yaşadığım evin qarşısından gələrək keçərkən məni görmədi. Evin qarşısından keçən kimi dərhal eyvandan həyətə düşdüm və yola çıxdım”.

“Qışqırdım ki, əmi, dayan”

Şirxan Əzimovun sözlərinə görə, Ağasəf evin qarşısında olan döngəyə döndükdən sonra dərhal döngəyə tərəf gedib: “Qaça-qaça gedərək kənd sakini Salehin darvazasının qarşısında Ağasəfə təxminən 10 metr məsafə qalarkən sağ əlində olan tüfəngi atəşə hazır vəziyyətə gətirdim. Arxadan Ağasəfə tuşlayaraq qışqırdım ki, əmi, dayan. Bu zaman Ağasəf dayanaraq geri döndü. Sonuncuya “əmi, mən sənə neynəmişəm” deyərək tüfənglə sinə nahiyəsinə tərəf nişan alaraq atəş açdım. Ağasəf üzüyuxarı yerə yıxıldıqdan sonra ikinci patronu tüfəngə qoyaraq sonuncuya tam yaxınlaşdım. Tüfəngi Ağasəfin baş nahiyəsinə tərəf tuşladım, üzümü yana çevirərək bir dəfə də atəş açdım. Ağasəfin qanlı vəziyyətini görmək istəmədiyimdən və buna görə qorxa biləcəyimdən sonuncuya tərəf baxmadan sağ cibimdə olan üçüncü patronu da tüfəngə qoyaraq yenidən üzümü yana çevirdim və bir dəfə də atəş açdım”.

“Peşmanam”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, üçüncü atəşdən sonra kənddə səs-küy qalxdığını bilib və əlində olan tüfənglə kəndi çıxana kimi qaçıb: “Müşkəmir kəndindən çıxdıqdan sonra asfalt yolla körpünü keçdim, Gəndov kəndi ərazisindən Qaraqaya kəndinə tərəf gəldim. Yolda əsəbimdən tüfəngin qundağını zərbə ilə yerə vuraraq sındırdım. Qaraqaya kəndi ərazisində əvvəldən tanıdığım polis nəfəri Davudun “Niva” markalı avtomaşınını gördüm. Əl edərək avtomaşını saxlatdım. Davud avtomaşını saxladıqdan sonra avtomaşından tanımadığım 2 nəfər polis əməkdaşı düşdü. Tüfəngi həmin polislərdən birinə təqdim edərək sonuncularla birlikdə İsmayıllı rayon polis şöbəsinə gəldim. Törətdiyim əməldən peşmanam”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

Şirxan Əzimov 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top