“İsgəndər” müəmması açılır

GÜNDƏM 02 apr 2021, 22:34
Ermənistanın Azərbaycanla 44 günlük  müharibə ərəfəsində “İsgəndər” raketindən istifadə etməsi təsdiqini nəhayət ki, tapdı. Minatəmizləmə Agentliyinin mütəxəssisləri raketin qalıqlarını Şuşada aparılan mina təmizləmə əməliyyatı zamanı aşkara çıxardılar. Agentliyin operativ qərargahının rəisi İdris İsmayılov bildirib ki, aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb. Məlum olub ki, bu, “İsgəndər” raketinin qalıqlarıdır. Həmin qalıqlar bir-birindən 780 metr məsafədədir. Aparılan son araşdırma nəticəsində qənaətə gəlinib ki, atılmış raket “İsgəndər-M” kompleksinin raketidir. Raketin uzunluğu 7 metr 23 santimetr, diametri isə 920 millimetrdir. Hazırda partlayış̧ yerində və ətrafda ilkin tədqiqatlar aparılır.

Artıq bu dəhşətli silahın istifadə olunub-olunmaması ətrafında suallar səngiyir. Çünki Ermənistan rəsmiləri tərəfindən bu yaxınlarda “İsgəndər” in atılması ilə bağlı etiraflar da səslənmişdi.  Müharibə dövründə də təhdidlər var idi. Az sonra minatəmizləmə mütəxəssislərinin ortaya qoyduğu bu sübut “İsgəndər” üzərindən qeyri-müəyyənliyi qaldırmış olur.  Üstəlik, bəlli olub ki, atılan raket “İsgəndər-M”-dir və bu, çox mühüm məqamdır.  

Bu, Rusiyanın verdiyi raket komleksidirmi? Bəzi şübhəli məqamlar  bu hissədə qalır! Çünki raketin  “M”, “E” və “K” seriyaları mövcuddur və Rusiya tərəfi Ermənistana “İsgəndər-M”- in verildiyini heç vaxt təsdiqləməyib,  amma raketin “E” seriyasının Ermənistana hərbi əməkdaşlıq çərçivəsində verildiyini etiraf edib.  
Yadınızdadırsa, Ermənistanda keçirilən hərbi paradların məşqləri zamanı  “İsgəndər-M” raketinin nümayiş olunduğu iddia edilirdi. O səbəbdən iddia deyirik ki,  paradda onun üzəri bağlı idi və 3 raket kompleksi paradın təlimlərinə gətirilmişdi. Rusiya rəsmiləri bunu o zaman da təkzib edirdilər. Lakin fərq etməz, fakt budur ki, Azərbaycan Ermənistan tərəfindən atılan dəhşətli silahın təhlükəsi altında olub və növündən asılı olmayaraq,  belə dağıdıcı silahlardan istifadə bəşəri cinayətdir.  Əgər o, “İsgəndər-M”-dirsə, burada cinayətin şiddəti daha böyükdür. 

Ona görə ki:

Bu, ballistik raket sistemidir. Hərbi sənayenin ən son yeniliklərindən biri olan bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. Ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Raketin başlanğıc kütləsi 3 800 kq, döyüş başlığının kütləsi 480 kq-dır. Uzunluğu 7,2 m, diametri 920 mm-dir. Hədəfi vurma minimal məsafəsi 50 km-dir. Hədəfi vurma maksimal məsafəsi 500/280 km-dir. 

Bu silahın ünvanı Şuşada dağlar, dərələr yox, kütləvi yaşayış yerləri olmuş olsaydı, insanlıq necə bir faciə yaşayacaqdı, bax, bunu sözlə ifadə etmək olduqca  çətindir.   
Məlumdur ki, dağıdıcı silahlardan bəşəriyyətin hər zaman nifrət bəslədiyi müharibələrdə istifadə olunub. Dünyanın qaniçən liderləri ən təhlükəli silahları dinc sakinlər üzərinə çevirməkdən çəkinməyiblər.  İraqın keçmiş rəhbəri Səddam Hüseyn İsraillə savaşda raketə əl atdı, insanların faciəsində məsuliyyətini dərk   etmədən bu cinayətini fürsət düşdükcə davam etdirdi. Və yaxud faşist Almaniyasının raketlərlə gözəl şəhərlərə, uşaqların, böyüklərin, yaşlıların başı üzərinə yağdırdığı bombalar. Polşa bomba zərbələrindən necə viranə bir şəhərə döndü! Bunlar tarixin səhifələrində öz izini hər zaman saxlayır və həmin liderlərə əbədi nifrəti də dəyişməz edir.  

Ermənistan Gəncəyə, Bərdəyə, Tərtərə atdığı raketlərlə, bais olduğu insan faciələri ilə özünü bir dövlət kimi faşıst Almaniyası, Səddam Hüseyn İraqı ilə eyni sıraya qoydu. Dünyaya göstərdi ki, onun humanizmdən xəbəri yoxdur, dəyərlərdən xalidir, müharibə qaydalarını bilmir, savaşı ordu ilə yox, əsgərlə yox, dinc əhali ilə aparır və bununla özünün alçaq sifətini bütün dünyaya tanıdır.

Gələk, raketin niyə Şuşaya atılması məsələsinə, burada konkret mülahizə yürütmək çətindir. Bəlkə Paşinyan öz cəmiyyətinə “raketdən istifadə etmişəm” - deməyə sübut üçün qərarı belə verib. Bəlkə, Rusiya hərbi sənayesini dünyada nüfuzdan salmaq üçün bir siyasi oyun oynayıb, hansı ki, “İsgəndər”in atılması etirafı səslənəndə ekspertlər tərəfindən  bu versiya da nəzərdən keçirilmişdi.   Ya da ki, erməni xisləti: necə ki, Kəlbəcər yandırıldı, Azərbaycanın əlinə salamat təhvil verilməsin, eləcə də Şuşanı “İsgəndər”lə dağıtmaq ki, Azərbaycan bu gözəl yurdu xaraba vəziyyətdə görsün!
Əməkdar jurnalist
Elman Babayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top