“El həkimi qəzetinin” təsisçisi və “www.elhekimi.az” informasiya saytının rəhbəri vəzifəsində işləyən Zöhrab Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zöhrab Ağayev “El həkimi” qəzetində müxbir vəzifəsində işləyən Günel Cümşüdova və qeyriləri ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşiblər.
Onlar zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə etməklə cinayət əlaqəsinə giriblər.
Zöhrab Ağayev Mingəçevir Kadr Hazırlığı və İxtisasartırma Mərkəzinin Bərdə filialının direktoru Fizuli Mürsəlzadənin iş otağında sonuncunun rəhbərlik etdiyi təhsil müəssisəsinin diplomunu müəyyən pul müqabilində satması ilə bağlı olan fəaliyyətini mobil telefon vasitəsi ilə gizli video çəkilişini aparmasını Günel Cümşüdovaya və digərlərinə tapşırıb.
Qrup üzvləri arasında əldə olunmuş razılaşmaya əsasən 2017-ci ilin iyununda Zöhrab Ağayev əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi qeyd olunan təhsil müəssisəsində Fizuli Mürsəlzadə tərəfindən Mingəçevir Kadr Hazırlığı və İxtisasartırma Mərkəzinin Bərdə filialının diplomunun müəyyən pul müqabilində verilməsi ilə bağlı fəaliyyətinin gizli video çəkilişlərinin Günel Cümşüdova və digərləri vasitəsi ilə aparılmasını həyata keçirib.
Mərkəz direktoru nədə ittiham edilib?
Fizuli Mürsəlzadənin hüquq və qanunla qorunan mənafeyinin əhəmiyyətli pozulmasına səbəb olan çəkilişləri qabaqcadan əlbir olduğu Günel Cümşüdovadan əldə etdikdən sonra cinayətin törədilməsi planına uyğun olaraq, mobil telefonla Fizuli Mürsəlzadənin istifadəsində olan mobil telefonla 13 iyun 2017-ci il tarixdə əlaqə saxlayıb.
O, Bərdə şəhərində “Bayraq meydanı” deyilən ərazidə görüşərək, rəhbərlik elədiyi təhsil müəssisəsinin diplomunu satması ilə bağlı qanunsuz fəaliyyətini təsdiq edən video çəkilişlərə malik olduğunu ona bildirib və barəsində şəxsi, işgüzar fəaliyyətinə dair rüsvayedici məlumatlar olan həmin video çəkilişləri mətbuatda, sosial şəbəkələrdə və xəbər saytlarında yayma, habelə həmin məlumatları hüquq mühafizə orqanlarına təqdim etmə hədəsi ilə ondan 3000 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib.
Ümumi razılığa gələrək Fizuli Mürsəlzadənin 2017-ci il iyunun 14-də ümumi tanışları Koroğlu Hacıyev vasitəsi ilə göndərdiyi 1100 manat məbləğində pul vəsaitini “El həkimi” qəzetinin Bərdə şəhəri, Heydər Əliyev prospekti 16, ev 94 ünvanında yerləşən redaksiyasında alıb.
Zöhrab Ağayev mütəşəkkil dəstəsinin üzvləri ilə birlikdə 2018-ci ildə yenidən Fizuli Mürsəlzadəyə hədə-qorxu gələrək ondan 100 manat alıb.
Baş həkimlə intim söhbət, şantaj...
Bundan əlavə Zöhrab Ağayev Günel Cümşüdova ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını təkrar olaraq hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə etməklə sonuncu ilə cinayət əlaqəsinə girib.
Zöhrab Ağayev 2017-ci ilin iyul ayında təkrarən əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi “Bərdə Tibb Mərkəzi”nin baş həkimi Vaqif Hüseynovun iş otağında olan intim məzmunlu söhbətlərinin və qeyri-əxlaqi hərəkətlərinin gizli video çəkilişinin aparılmasını Günel Cümşüdovaya tapşırıb.
Qrup üzvləri arasında əldə olunmuş razılaşmaya əsasən 2017-ci ilin iyul ayında Zöhrab Ağayev təkrarən əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi “Bərdə Tibb Mərkəzi”nin baş həkimi Vaqif Hüseynovun iş otağında olan intim məzmunlu söhbətlərinin və qeyri-əxlaqi hərəkətlərinin gizli video çəkilişinin Günel Cümşüdova vasitəsi ilə aparılmasını həyata keçirib.
10 min manat tələb
Onun hüquq və qanunla qorunan mənafeyinin əhəmiyyətli pozulmasına səbəb olan video çəkilişi qabaqcadan əlbir olduğu Günel Cümşüdovadan əldə etdikdən sonra cinayətin törədilməsi planına uyğun olaraq, Vaqif Hüseynova zəng edib.
Ona tibb müəssisəsində işə düzəlmək üçün müraciət edən qadınlara qarşı iş otağında etdiyi intim məzmunlu söhbətlər, qeyri-əxlaqi təkliflər və hərəkətlərə dair video çəkilişlərə malik olduğunu bildirməklə barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatları mətbuatda, sosial şəbəkələrdə və xəbər saytlarında yayma, habelə həmin məlumatları aidiyyəti orqanlara göndərmə hədəsi ilə ondan təkrar olaraq 10000 manat məbləğində xeyli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb edib.
Ümumi razılığa gələrək 2017-ci ilin iyul ayında Bərdə şəhərində “Bərdə tibb Mərkəzi” nin yaxınlığında 500 manat məbləğində pul vəsaitini alıb.
Zöhrab Ağayev mütəşəkkil dəstəsinin üzvləri ilə Kəlbəcər rayonu 38 saylı tam orta məktəbin direktoru Tapdıq Nəsibovun maddi maraq müqabilində attestat verilməsi ilə bağlı qanunsuz fəaliyyətinə dair apardığı danışıqların mobil telefonun kamerası vasitəsi ilə gizli video çəkilişinin aparılmasını 2017-ci ilin noyabr ayının əvvəllərində təşkil edib.
Məktəb direktorunun şantajı
Daha sonra Tapdıq Nəsibova zəng edib və onunla “El həkimi” qəzetinin redaksiyasında görüşüb. Orta məktəbi bitirmə ilə bağlı sənədin verilməsində qanunsuz fəaliyyətini təsdiq edən video çəkilişə malik olduğunu ona bildirib və barəsində rüsvayedici məlumatları mətbuatda, sosial şəbəkələrdə və xəbər saytlarında yayma, həmin məlumatları hüquq mühafizə orqanlarına təqdim etmə hədəsi ilə 1000 manat istəyib. Ondan ümumilikdə 900 manat məbləğində pul vəsaitini “El həkimi” qəzetinin redaksiyasında alıb.
Zabitlə görüş...
Bundan başqa, Zöhrab Ağayev “El həkimi” qəzetində müxbir vəzifəsində işləyən Günel Cümşüdovaya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin zabiti vəzifəsində qulluq edən İlkin Fətəliyev ilə tanış olmağı tapşırıb. Sonuncu ilə Günel Cümşüdovanın 2018-ci ilin 6-7 fevral tarixlərində olan intim məzmunlu telefon danışıqlarını əldə etdikdən sonra İlkin Fətəliyev ilə danışıb.
Bu müddət ərzində bir neçə dəfə onunla Bərdə şəhərində görüşüb və Günel Cümşüdova ilə olan intim məzmunlu telefon danışıqlarının audio yazısına malik olduğunu bildirib, barəsində rüsvayedici məlumatları internet resurslarında yayma, habelə həmin məlumatları aidiyyəti orqanlara təqdim etmə hədələyib. Ondan 10000 manat tələb edib. 2018-ci ilin fevral ayının sonu mart ayının əvvəllərində ümumilikdə ondan 250 manat pul vəsaitini alıb.
Daha sonra Zöhrab Ağayev bir nəfəri də intim münasibətləri ilə şantaj edib və ondan 2 min manat alıb.
İstintaq orqanı tərəfindən Zöhrab Ağayevin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zöhrab Ağayev 3 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib, 6 il müddətə azadlıqdan məhrum olunub.
Zöhrab Ağayev apelyasiya şikayəti verib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Zöhrab Ağayevin şikayəti təmin edilməyib.
Fariz Məlikli
Demokrat.az