Azərbaycanda ovçuluq himayə edilir: “Ərəblərin ov etməsi dəryada bir damcıdır”

GÜNDƏM 31 mar 2021, 17:16
Azərbaycanda quşlar, “Qırmızı Kitab”a düşənlər də daxil, qeyri-qanuni ov nəticəsində kütləvi şəkildə məhv edilir.

“Azərbaycan Ornitoloji Cəmiyyəti” (AOS) qeyri-hökumət təşkilatının sədri, biologiya elmləri namizədi Elçin Sultanov Caliber.Az-a müsahibəsində sözügedən mövzu və bu sahədə baş verən digər qanunsuz məqamlara toxunub.

- Qax rayonunda baş verən hadisələri nəzərə alaraq, Azərbaycanda qanunsuz ovun miqyası barədə soruşmaya bilmərəm...

- İctimaiyyət ölkədə qanunsuz ovçuluğun nə qədər geniş yayıldığını heç təsəvvür belə etmir. Qanunsuz ovçuluq sözün əsl mənasında hər yerdədir. Bir neçə il əvvəl Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) Avropada qanunsuz ovun nəticələrini qiymətləndirib. Rəqəmlər dəhşətli idi. Məsələn, Fransa, İtaliya və bir sıra digər Avropa ölkələrində qanunsuz olaraq ildə 10-20 milyon xırda quş ovlanır. Bizdə belə hal yoxdur, ancaq böyük quşların qanunsuz ovundan danışırıqsa, bu kədərli siyahıda ilk yerlərdən birini tuturuq.

- Söhbət “Qırmızı kitab” a düşən quşlardan gedir?

- Tək onlardan yox. Axı təkcə “Qırmızı Kitaba” düşən quşları deyil, həmçinin ov etmək üçün nəzərdə tutulan növlərin təyin olunmamış vaxtda ovlanması da qeyri-qanunidir.

Məsələn, bir nəfər bazar ertəsi günü ov edirsə və ov günləri cümə, şənbə və bazar günlərinə düşürsə, o zaman qanunsuz ovla məşğuldur və cərimələnməlidir. Ölkəmizdə qanunsuz ov bütün il boyu davam edir, vaxtaşırı onun qarşısı alınır, lakin bu məsələdə əhəmiyyətli bir nailiyyət əldə etmək çox çətindir. Azərbaycanın bir çox kəndində əhali bütövlüklə qanunsuz ovla məşğuldur, brakonyerliklə dolanır.

- Amma, axı müəyyən dövrlərdə ölkədə ovçuluğa rəsmi olaraq icazə verilir, niyə ov həvəskarları bundan yararlanmasınlar?

- Haqlısınız, amma bəziləri yalnız brakonyerlikdən əldə olunan gəlir hesabına yaşayırlar. Azərbaycanda qanunsuz ovla bağlı real vəziyyət budur.

- Belə çıxır ki, heç kim bununla mübarizə aparmır?

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu problemi tam həll etmək iqtidarında deyil, baxmayaraq ki, onlar bunun üçün səy göstərirlər. Bu işdə onlara yetərincə dəstək verməyən digər dövlət strukturlarının da iştirakı var. Məsələ burasındadır ki, qanunsuz ov sayəsində “kölgə iqtisadiyyatı”nın həcmi artır. Ona görə, ərəblərin ov etməsi dəryada bir damcıdır.

- Siz demək istəyirsiniz ki, bu sahə himayə olunur?

- Əlbəttə! Məsələn, hər il Şirvan Milli Parkında qanunsuz olaraq ceyran ovlayan minimum bir qrup insan saxlanılır. Onlar cəzalandırılır, kimsə həbs olunur, amma heç nə dəyişmir. Söhbət böyük pullardan gədəndə, insanları heç nə ilə dayandırmaq mümkün deyil.

Və ya, məsələn, brakonyerliklə məşğul olan bütöv bir kəndlə necə mübarizə aparmaq olar?! Oraya qoşun yeridiləsi deyil ki. Həm də bütün bunlar Sovet dövründən bəri baş verir.

- Belə olan vəziyyətdə problemi necə həll etmək olar?

- Kəndlərin köçürülməsi də daxil olmaqla hərtərəfli, sistemli tədbirlərə ehtiyacımız var. Ancaq təbii ki, bunu heç kim etməyəcək, çox güman ki, brakonyerliyə göz yumacaqlar.

- Ancaq ölkədə vaxtaşırı ovçuluğun qadağan edilməsinə ehtiyacın olduğuna dair mövzu gündəmə gəlir...

- Bunların hamısı görüntü naminədir. Siz inanmayacaqsız, amma çox vaxt bu mövzu öz şəxsi ov təsərrüfatı olan şəxslər tərəfindən qaldırılır. Bir neçə il əvvəl, ov mövzusunda böyük bir konfrans çərçivəsində, təəssüf ki, bizdə olmayan mədəni ovçuluğun lehinə dair çıxışım oldu. Mən ümumiyyətlə, ov etməyi dəstəkləmirəm, amma bundan zövq alan insanlar var, bu səbəbdən bu məsələ kökündən həll edilə bilməz.

Bir qayda olaraq, ov lobbisi olduqca nüfuzlu insanlardan ibarət olur, buna görə onlarla mübarizə aparmaq olduqca çətindir.

- Mədəni ovçuluq dedikdə nəyi nəzərdə tutursunuz?

- Mədəni ovçuluq – insanların lisenziya əsasında reqlamentə riayət edərək, icazə verilən ərazidə, təbii sərvətlərə hörmətlə yanaşaraq, təbii irsi mühafizə edərək həyata keçirdiyi ovçuluqdur. Bizdə isə ova yalnız istehlakçı münasibəti var.

- Bu yanaşma ilə biz ümumiyyətlə bir çox quş növündən məhrum ola bilərikmi?

- Əlbəttə! Təxminən 50-60 il əvvəl, ölkədə təxminən 20 milyon qışlayan quş var idi, lakin ötən və ondan əvvəlki il onların sayı 220 min təşkil edib. Hələlik biz Avropada “Qırmızı Kitab”a daxil olan nadir heyvan növlərinin sayına görə, Rusiya, Türkiyə və İspaniyadan sonra dördüncü yerdəyik. Ancaq bizdə bu templə quş ovu təbii yolla başa çatacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top