Azərbaycanda sərt karantin tətbiq ediləcək

SOSİAL 30 mar 2021, 10:14
Dünyada və Azərbaycanda koronavirusa yoluxanların sayı durmadan artır. Belə ki, ötən sutka ərzində dünyada 486 min 741 nəfər koronavirusa yoluxub, 6 min 888 nəfər isə bu virus səbəbindən dünyasını dəyişib. Göstərici ötən ayla müqayisədə iki dəfəyə yaxın çoxdur.

Azərbaycanda da yoluxma sayı sürətlə artır. Belə ki, martın 28-də Azərbaycanda 1831 nəfər koronavirusa yoluxub. Bayram tətilinin bitməsi ilə əlaqədar ölkədə martın 29-dan etibarən ictimai nəqliyyatın, bir çox iş yerlərinin fəaliyyəti bərpa olunub. Məntiqlə indi yoluxma daha da arta bilər.

Bəs indiki situasiyada sərt karantin rejimi tətbiq ediləcəkmi?

Hazırda hər kəsi bu sual düşündürür. Həm dünyada, həm də Azərbaycanda insanlar artıq qapanmadan, karantindən beziblər. Bunu dövlətlər də gözəl anlayırlar. Ona görə də mümkün qədər sərt karantin rejimi tətbiq edilmir. Lakin mütəxəssislər bildirirlər ki, COVİD-19-a qarşı dərmanın olmadığı zamanda ən effektiv qorunma yolu sosial izolyasiya, qapanmaqdır.

Mütəxəssislər də düşünürlər ki, əgər vəziyyət nəzarətdən çıxarsa və yoluxma sayı artarsa, o zaman sərt karantin tətbiq edilə bilər. Professor Adil Qeybulla “Yeni Müsavat”a bildirib ki, indiki zamanda karantin qaydalarına əməl etmək lazımdır. Professorun sözlərinə görə, yoluxma sayı bu cür artan templə davam edərsə, sərt karantini görəcəyik.  Adil Qeybulla bildirib ki, ötən ilin yay aylarındakı vəziyyət yaranmadan müəyyən qaydalar tətbiq edilməlidir.

Hələ ki karantinin sərtləşdiriləcəyi ilə bağlı heç bir rəsmi məlumat olmasa da, paytaxtda koronavirusun yayılması səbəbindən ard-arda məktəblər bağlanır və ya distant təhsilə keçir. Təhsil Nazirliyindən isə bildirilib ki, yeni qərar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Mövcud durumu təhlil edən təhsil eksperti Kamran Əsədov Baku.ws saytına bildirib ki, hazırda Azərbaycanda bütün məktəblərin bağlanması lüzumsuz addım olardı: “İlk növbədə qeyd edim ki, təhsil müəssisəsində kütləvi yoluxma varsa, uşaqlar məktəbdən valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəbdə distant, onlayn təhsilə keçməyin tərəfdarıyam. Amma bunun tam şəkildə bütün təhsil müəssisələrində yox, yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrində həyata keçirilməsi lazımdır. Yəni hansı məktəbdə yoluxma halları varsa, yalnız o məktəblərdə tədrisi onlayn qaydada həyata keçirmək lazımdır".

Bugünlərdə bir sıra ölkələrdə sərt karantin rejimi tətbiq edilib. Avstriyanın şərq əyalətlərində (Vyana, Aşağı Avstriya və Burqenland) koronavirusa yoluxma hallarının artmasını nəzərə alaraq, bu əyalətlərin qubernatorları Səhiyyə Nazirliyi ilə sərt karantin rejiminin tətbiqinə dair razılığa gəliblər.

Sərt karantin rejiminin 1-6 aprel tarixlərində qüvvədə olacağı elan edilib.

Qazaxıstanda COVİD-19-a yoluxma sayında kəskin artım müşahidə olunur. Almatı şəhər dövlət sanitar baş həkimi Jandarbek Bekşinin əmri ilə şəhərdə sərt karantin rejimi aprelin 12-dək uzadılıb

İtaliya hökuməti Pasxa həftə sonlarında ölkə daxilində karantin tətbiq edəcək. Karantin 3-5 aprel tarixlərini əhatə edəcək. Fərmana əsasən üç günlük tətil zamanı ölkədə “qırmızı” zonanın qaydalarında nəzərdə tutulmuş ən sərt məhdudiyyətlər fəaliyyət göstərəcək...

Onu da qeyd edək ki,  çinli alimlər və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri Çində apardıqları birgə elmi fəaliyyətin yekununda yeni növ koronavirusun yarasalardan insanlara bilinməyən aralıq heyvan vasitəsilə keçə biləcəyi qənaətinə gəliblər.

Bu, indiyə qədər açıqlanan ən etibarlı nəzəriyyədir.

Qeyd olunur ki, mütəxəssislər COVİD-19-un laboratoriyadan sızma nəticəsində yaranması versiyasından imtina ediblər. Bununla yanaşı, onlar infeksiyanın mənşəyi ilə bağlı tədqiqatları davam etdirmək niyyətindədirlər.

Mütəxəssislər ümumilikdə COVİD-19-un yaranmasında dörd əsas versiyanı sadalayıb. Bunlardan biri koronavirusun hələlik hansı olduğu bilinməyən aralıq heyvan vasitəsilə yarasalardan insanlara keçməsidir. Bu cür heyvanın kərtənkələ, pişik  ola biləcəyi ehtimal olunur. Eyni zamanda mütəxəssislər infeksiyanın birbaşa yarasalardan insana ötürülməsinin az ehtimallı olduğunu düşünürlər.

Mütəxəssislər həmçinin yarasaların koronavirusu dondurulmuş qidalara “yapışdıra” biləcəyini qeyd ediblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top