"Ya normal təhsil sistemi ilə prosesin iştirakçısı olacağıq, ya da laboratoriya siçovulları"


YAZARLAR 28 mar 2021, 19:04
Artıq pandemiya dövrü öz mahiyyətini göstərir. Biz artıq heyrətamiz bir dövrdə yaşayırıq.

Texnologiyalarda radikal dəyişikliklər böyük sürətlə baş verir. Dünən fantastik hesab etdiyimiz layihələr üzərində bu gün artıq innovasiya şirkətləri çalışır, nailiyyətlər əldə edirlər. Hər ötən gün biz elə bir texnoloji inkişaf mərhələsinə çatırıq ki, həyatımızı yeni-yeni nailiyyətlərsiz təsəvvür edə bilmirik...

Sağ olsun, aidiyyəti dövlət qurumları, bu prosesləri kənardan izləyirik.

Yaxın günlərdə hər birimizin həyatını, xüsusilə də övladlarımızın həyatını 100% dəyişəcək texnologiya yaxın gələcəkdə olacaq. Başa düşməliyik ki, hazırda biz dördüncü sənaye inqilabına qədəm qoymuşuq (Daha dəqiqi, dünya qədəm qoyub, biz özümüzü qoymuş kimi göstəririk).

Əgər birinci sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, ikinci sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə, üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdusa (biz hələ bunu indi tətbiq edirik), dördüncü sənaye inqilabı (“Sənaye 4.0”) rəqəmsallaşmanı, texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir.
Artıq qədəm qoyduğumuz dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti o qədər fundamentaldır ki, dünya tarixi həm böyük imkanlar, həm də potensial təhlükələrlə dolu olan buna bənzər bir dövrlə hələ qarşılaşmayıb. Bəs bu dördüncü sənaye inqilabında bizi nə gözləyir? İnsanın iştirakı olmadan idarə edilən avtomobillər, 3D çap, qabaqcıl robot texnikaları, yeni materiallar, genlərin redaktə edilməsi, əşyaların interneti (IoT – Internet of Things), insan bədəninə implantasiya edilmiş telefon, şirkətlərin rəhbərliyinin tərkibində süni intellekt, blokçeyn vasitəsilə verginin toplanması və daha nələr, nələr...

Biz sənaye 4-ə hansı universitet, hansı məzun ilə gedirik?

Kompüterdən istifadə edə bilməyən elmlər doktorları ilə? Yoxsa kompüterdən, telefondan sosial şəbəkələrdə vaxt öldürən, şəkil çəkib paylaşan və mənasız videolara baxan tələbələr ilə?

Dördüncü sənaye inqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Qarşıda bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayış gözləyir.

Bəs biz nə gözləyirik? Hər şeyin əvvəlki dövrə qayıtmasını. Yenə də gedək universitetlərə, bufetdə vaxt keçirək, divara təpik ataq, kitabxanalara sevgilər ancaq görüş yeri üçün getsinlər.

Dördüncü sənaye inqilabının artıq geniş vüsət almağa başlaması faktı təkcə internetə ümumi çıxışla kifayətlənmir. 2016-cı il Davos Dünya İqtisadi Forumunun yekun hesabatına görə, mobil cihazların, internet sensorların və s. hər yerdə yayılması, alış-verişdən tutmuş xəstəyə qulluğadək real vaxt rejimində ətraflı və dəqiq məlumatları əldə etməyə imkan vermişdir. Hazırda “Sənaye 4.0” bağlantı xidmətləri (connectivity), avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edir.

Biz 1 ildir ki, dərsləri onlayn-distant qaydada keçirik. Bəs öz platformamız, resurslarımız varmı? Yaradıldımı? Birmənalı şəkildə YOX! Bir ildir ki, "Microsoft Teams" proqramından asılıyıq. Halbuki 1 il ərzində dünyada 100-dən çox onlayn konfrans proqramı yaradılıb, milyardlarla dollar həcmində tədris resursları hazırlanıb.

Biz nə etmişik? Təhsildə Yeni Ulduz müsabiqəsi keçiririk. Ali məktəblər qayıb-qayıb oyunu oynayır. Yenə də heçnə dəyişməyib.

Deməli, Avropa X əsrdə Universitetini yaradanda, biz hələ mədrəsədə idik, bizdə ilk Universiteti XX əsrdə yaratdıq. Avropa 1445-ci ildə kitab çap edəndə, biz 1920-ci illərdə savadsızlığa qarşı mübarizə idarəsi yaratmışdıq.

2021-ci ildə Amerika alimi Marsda tədqiqat aparanda, bizim alim çayxanada oturub çay sifariş edir və deyir ki, yanında "MARS" olsun.

“Sənaye 4.0” dövründə ölkələr infrastruktur inkişafına vəsait ayırır, geri qalmamaq üçün yatırımlar edirlər. Biz isə 190 manatın verilməsini tələb edirik...

Rəqəmsal dövrdə əhəmiyyətli inkişafa nail olmağın, dördüncü sənaye inqilabı dövründə geri qalmamağın yollarından digəri isə ölkəmizdə biznes və tətbiqi elm arasında əməkdaşlığın gücləndirilməsi, innovasiya məkanlarının yaradılması, Universitetlərin gələcəyin texnoloji inkişafını irəli aparmağa qadir olan mütəxəssislər yetişdirməsi, eləcə də dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Qəbul edin, dünya yeni mərhələyə daxil olub. Ya normal təhsil sistemi ilə prosesin iştirakçılarından biri olacağıq, ya da yenilik zamanı laboratoriya siçovulları kimi təcrübə vasitəsi olacağıq.

Bir də deyirəm ki, biz bu universitetlər və onlayn məzunları ilə “Sənaye 4.0” də heç nə edə bilmərik.

Bu arada, artıq “Sənaye 5” inqilabı da hazırdır...
Təhsil eksperti
Kamran Əsədov


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyn 2021, 13:46
Top