Deputatlar: Hərbçilərin maaşlarına müddətli əlavələrin edilməsi ilə bağlı qərarı müsbət qiymətləndiririk

GÜNDƏM 03 mar 2021, 14:08
Ötən gün hərbi qulluqçuların vəzifə maaşları ilə bağlı əmr imzalanıb. Müdafiə nazirinin müvafiq əmrinə əsasən, post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Milli Məclisin deputatları bir müddət əvvəl də müzakirələrə səbəb olan məsələ ilə bağlı fikirlərini bölüşüblər.

Deputat Fazil Mustafa Pravda.az-a açıqlamasında bildirib ki, dövlətin elə ən çox diqqət göstərdiyi təbəqə məhz Vətən Müharibəsi iştirakçılarıdır:



“Dövlətin belə addım atacağı gözlənilən idi, sadəcə, bir müddət əvvəl süni gündəm yaradılmışdı. Xarici xüsusi xidmət orqanları Azərbaycan sosial media məkanından səmərəli istifadə edə bilirlər, istənilən tezisi canlandırıb Azərbaycan cəmiyyətini çaş-baş salmaq, müəyyən dərəcədə neqativ yükləmək üçün fəaliyyət göstərirlər. Bizim cəmiyyət də, bildiyimiz kimi, İsfahandan gələn Şeys Nəsrullahın ölü diriltdiyi cəmiyyətdir, yəni yeganə xalqıq ki, bu xalqa ölünün dirildiyini inandıra biliblər. Bu o deməkdir ki, özünü ziyalı sayan, diplomlu insanlarımıza istənilən informasiyanı sanki özünün düşündüyü problemmiş kimi sırımaq olar. Yaradılan süni ajiotaja baxmayaraq, nəticədə aydın oldu ki, dövlətin elə ən çox diqqət göstərdiyi təbəqə məhz Vətən Müharibəsində iştirak edənlər: qazilər və şəhidlərdir. Aydındır ki, maaş məsələsində də dövlət bunu büdcəyə uyğunlaşdırır, bir sıra hesablamalar aparır və bu, 2-3 həftəyə başa gəlir. Beləliklə, bir qrup fürsətdən istifadə edərək “Hərbçilərin əməkhaqqı qaldırılmır” deyə səbirsiz yanaşma sərgiləyir, bu, səbəbsiz deyil. Xüsusi xidmət orqanları növbəti həftələrdə də Azərbaycan cəmiyyəti üçün müvafiq bir tezis verəcək və həmin tezis yenə də saxta və yalançı vətənpərvər obrazların əli ilə tirajlanacaq. Təsəvvür edin ki, dövlət yaxın illərdə 11 min qazi və şahid ailəsinə mənzil verilməsi məsələsini dilə gətirib. Bu rəqəmi hesablayan varmı?! Təkrar edirəm, bu süni ajiotaj cəmiyyətimizin xarakter boşluğundan yaranan məsələdir. Özünü tanımayan, ailəsindən xəbəri olmayan adamlar deputatları söyür, təhqir edir. Demədiyi sözləri tirajlayaraq mətn oxumayan, savadsız insan kütləsinə təqdim edirlər. Müharibədə qalib gəldik, amma hesab edirəm ki, ermənilər də müharibədən sonrakı dövrdə  bizim ictimai rəyə savadsız, başıboş insanlar vasitəsilə təsir etmək baxımından kifayət qədər uğur qazana bildilər. Beləlikə cəmiyyəti müəyyən mənada neqativ istiqamətə yönləndirməyi bacarırlar. Dünənki qərar da göstərdi ki, qurbağa gölünə yenidən bir daş atıldı. Yəni dövlət bunu edirsə, bu məsələni ajiotaja çevirməyin adı nə idi?”

F.Mustafa qeyd edib ki, xarici xüsusi xidmət orqanlarının xüsusi hazırladığı belə tezislər müxtəlif formalarda gündəmə gətirilərək ölkədə həqiqətən də xaotik mühit yaradılır: “Dövlət orqanlarının informativ şəbəkəsi bir çox hallarda yarıtmaz məmurların əlində olduğu üçün hamı öz kefindədir və baş verə biləcək təbliğat boşluğunun nə qədər acınacaqlı olduğunu görmək istəmirlər. Problemin kökü budur, dövlət bu qədər iş görür: hərbçilərin maaşını artırır, hərbçilərə mənzil verir, amma bunun cəmiyyətə yansıyan tərəfi yoxdur. Nə qədər ki dövlətin təbliğat sistemində boşluq və səriştəsizlik var, sabah istənilən yalanı cəmiyyətdə həqiqət kimi qəbul etdirmək mümkündür. Bu səbəbdən, bizim işimiz bir o qədər də ürəkaçan deyil”.
 
Milli Məclisin üzvü, I Qarabağ müharibəsi veteranı Arzu Nağıyevin fikrincə, dövlətin bu addımı müsbət hal kimi dəyərləndirilməlidir:



“Bəzi vaxtlar belə məsələlərə debütant yanaşmalar olur. Həqiqətən də söhbətin nədən getdiyini başa düşməyənlər, eyni zamanda hərbidən anlayışı olmayan şəxslər virtual şəbəkələrdə qəhrəmanlıq qazanmaq istəyirlər. Düşünürəm ki, dövlətin bu addımı müsbət hal kimi dəyərləndirilməlidir. Ümumiyyətlə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsində bütün bunlar nəzərdə tutulub. Beləliklə, döyüş şəraitinin, döyüş növbətçiliyinin çətinliyi məsələləri mütləq şəkildə nəzərə alınmalı idi və alındı. Məlum məsələdir ki, bu gün istər Ali Baş Komandan İlham Əliyev tərəfindən, istərsə də vətəndaşlar tərəfindən hərbçilərimizə diqqət həddən artıq çoxdur. Çünki bu qələbənin əsas səbəbkarları ilk növbədə Ali Baş Komandan, Azərbaycan ordusu və Azərbaycan vətəndaşının vəhdətidir. Bu səbəbdən, bu məsələ öz həllini mütləq tapmalı idi. Hesab edirəm ki, gələcəkdə də hərbçilərə diqqət hər zaman yüksək səviyyədə olacaqdır”.

Milli Məclisin deputatı Vahid Əhmədov deyib ki, cəbhə bölgəsində xidmət göstərən hərbçilərin əmək haqqlarının birdən-birə kəsilməsində hansı qeyri-müəyyənlik var idi:



“Şükürlər olsun ki, hərbçilərin maaş məsələsi öz həllini tapdı. Ümumiyyələ belə məsələlərdə ehtiyatlı olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, hərbçilər orada soyuqda, 1 metr dərinlikdə qarın içində çətin vəziyyətdə xidmət edirlər. Bu səbədən, qəbul edilən qərarı yüksək qiymətləndirirəm. Çalışmaq lazımdır ki, belə anlaşılmaz hallar təkrar olmasın. Sadəcə, bir şeyi də qeyd etmək istərdim, hərbi qulluqçuların vəzifə maaşlarına əlavələr müddətli nəzərdə tutulub. Mən hesab edirəm ki, bu artım müddətsiz olmalı idi. Yəqin ki, müəyyən vaxtdan sonra bu məsələyə yenidən baxılacaq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top