Ağdamda direktor müavini dövlətə nə qədər ziyan vurub? — Şok faktlar

HADİSƏ 26 fev 2021, 15:50
Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsinin Ağdam rayonu 14 nömrəli Texniki Fənlər Təmayüllü məktəb-liseyin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmiş Heydar Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Heydar Rəsulov 24 fevral 1994-cü il tarixdən Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsinin Ağdam rayonu 14 nömrəli Texniki Fənlər Təmayüllü məktəb-liseyin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyərkən məktəbin təsərrüfat işlərinə rəhbərlik edilməsi, təsərrüfat inventarlarının qorunub saxlanılması, məktəb binasının, kabinetlərin və sinif otaqlarının, həyətin təmiz saxlanılmasının təmin edilməsi, kabinetlərdə və sinif otaqlarında, idman zalında, yeməkxanada sanitar-gigiyenik vəziyyətin nəzarətdə saxlanılması, məktəb binasında cari təmir işlərinin aparılması, onun avadanlıqlarla, inventar və materiallarla təjhiz olunması, yanğından mühafizə qaydalarına düzgün əməl olunması və istehsalat sanitariyasının təmin edilməsi səlahiyyətlərinə malik, o cümlədən, məktəbin texniki işçilərinin əmək və icra intizamına, eləcə də, gündəlik işə davamiyyətinə cavabdeh olan təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə edib.

Heydar Rəsulov Texniki Fənlər Təmayüllü həmin məktəb-lisey üzrə 1 sentyabr 1994-cü il tarixli əmrlə xadimə vəzifəsinə təyin edilmiş cinayətdən xəbərsiz olan bacısı Sara Həsənovanın 2003-cü ilin oktyabr ayından səhhətində olan problemlərlə əlaqədar işə gəlməməklə əmək funksiyalarını yerinə yetirməməsinə baxmayaraq, öz qulluq mövqeyindən istifadə edərək həmin məktəb-lisey üçün Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ayrılmış özgə əmlakını öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2003-cü ilin sentyabr ayından 2018-ci ilin iyun ayınadək olan müddətdə həmin məktəbin inzibati binasında tamah niyyətilə rəsmi sənəd olan həmin məktəb-lisey üzrə qeyd edilən müddəti əhatə edən texniki işçilərin iş vaxtının uçotu tabeli kitablarında Sara Həsənovanın gündəlik şəkildə işə gəlməsini təsdiq etmək məqsədi ilə sonuncunun ad-soyadının qarşısında şəxsən imza edib. O, həmçinin ödənişlər üzrə hər ay rəsmi sənəd olan texniki işçilərin tabel cədvəllərini tərtib edib, Sara Həsənovanın da adını, yəni bilə-bilə yalan məlumatları həmin rəsmi sənədlərin məzmununa vahid niyyətlə daxil edərək sonuncunun adına əmək haqqı və məzuniyyət pulu hesablanmasına nail olmaqla 2003-cü ilin sentyabr ayından 2007-ci ilin yanvar ayınadək həmin məqsəd üçün ayrılmış pul vəsaitlərini ələ keçirib.

İstintaq orqanı tərəfindən Heydar Rəsulovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Ağdam rayon Məhkəməsinin hökmü ilə Heydar Rəsulov altı min manat miqdarında cərimə olunub.

Hökmdən narazı qalan Heydar Rəsulov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hökmdən narazı qalan prokuror da apelyasiya protesti verib. Prokuror Heydar Rəsulovun barəsində həbs növündə cəza təyin olunmasını tələb edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Heydar Rəsulovun apelyasiya şikayəti təmin edilməyib.

Prokurorun apelyasiya protesti isə qismən təmin olunub. Heydar Rəsulova 2 il 6  ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 4372 manat cərimə cəzası təyin edilib.

Heydar Rəsulovun yaşayış yerini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməsinə və yaşadığı Ağdam rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulub.

Onun üzərinə yaşayış yerini saat 23.00-dan saat 07.00-dək və yaşadığı Ağdam rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Heydar Rəsulovun cəzanın icrası Ağdam rayon İcra və Probasiya şöbəsinə həvalə olunub, cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanması qərara alınıb.

Bu qərardan narazı qalan Heydar Rəsulov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

İş araşdırılması üçün hakim Əziz Seyidovun icraatına verilib.

Məhkəmə baxışı martın 31-nə təyin olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top