"Hazırda erməni silahlıların çıxarılması prosesi gedir"

QARABAĞ 10 fev 2021, 21:17
Bu gün noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatdan 3 ay keçir. Hər şeydən öncə qeyd etmək lazımdır ki, müharibələr tarixində cəmi 44 gün kimi qısa müddətdə belə həlledici nəticələr əldə etmək və belə mürəkkəb bir problemə sadəcə, bəyanat vasitəsilə son qoymaq görünməmiş bir hadisədir. Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı 100 il mövcud olmuş problemi bu şəkildə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı. Beləliklə, nə qədər güclü dövlət olduğunu bütün dünyaya, hər şeydən öncə isə düşmənə sübut etdi.

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, elə üçtərəfli bəyanatda öz əksini tapan 9 maddəlik bəndlərin icra olunması da eyni uğurla həyata keçirilməkdədir və bu proses sürətlə davam edir:

“Ən çətin və kritik mərhələ artıq arxada qalıb. Bu, noyabr ayının 10-dan sonrakı 20 gündə Azərbaycanın üç rayonunun qrafik təqviminə uyğun olaraq işğaldan azad olunması idi ki, bu da vaxtında yerinə yetirildi. Yəni 20 gün müddətində – dekabr ayının 1-dək Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının geridə qalan təqribən yarı hissəsini də azad etdi”.

H.Babaoğlu daha sonra deyib:

“İkinci mürəkkəb və strateji məsələ Azərbaycanın Naxçıvanla birbaşa kommunikasiyalarını bərpası məsələsi idi ki, bu da artıq həyata keçirilməkdədir və əlavə razılaşmalarda öz əksini tapıb. Üçüncü Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması idi ki, bu da artıq baş tutub. Hazırda isə erməni icması içərisində olan silahlıların və terrorçuların təmizlənməsi, Ermənistana aid olan silahlıların erməni icmasının kompakt yaşadığı ərazilərdən çıxarılması prosesi gedir. Azərbaycan tərəfi buna ciddi nəzarət edir və son nəticə əldə edilənə qədər də bu davam edəcək. Hazırda azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması istiqamətində işlər görülür və ən optimal müddətdə bu da təmin ediləcək. Önümüzdəki mərhələdə isə Laçın şəhərinə girmədən yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində fəaliyyətlər başlayacaq. Ümumiləşdirməyə çalışsaq görünən mənzərə odur ki, hər şey Azərbaycanın nəzarəti altındadır və kiçik insidentlər istisna olmaqla üçtərəfli bəyanatda əksini tapan müddəalar uğurla icra olunur”.  /Teleqraf

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top