Saleh Məmmədov: Hesab günü yaxınlaşır — Ata və oğulun biznes imperiyası

GÜNDƏM 04 fev 2021, 12:25
Prezident İlham Əliyevin Azərbaycanın oliqarx məmurlarının ünvanına səsləndirdiyi tənqidlər medianın əsas mövzularından biridir.

Demokrat.az-ın məlumatına görə, əlbəttə ki, prezidentin tənqid etdiyi 6 məmurun hər biri haqda ictimaiyyətdə illərdir ümumiləşmiş fikir mövcuddur. Onlar hökumətin ən odioz məmurları sırasındadır.

Prezidentin tənqid hədəfi olan məmurlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov oldu. Onun haqqında müstəqil mediada yüzlərlə tənqidi material, şikayət və korrupsiya faktları ilə bağlı informasiyalara rast gəlmək mümkündür. Oxucuların yaddaşını təzələmək üçün açıq mənbələrdə olan bəzi faktları yenidən təqdim edirik. Görün, bu məmur vəzifəyə təyin olunduğu 2015-ci ildən bu günə kimi necə böyük “uğurlar”a nail ola bilib, öz var-dövlətinin, mülklərinin sərhədlərini nə qədər genişləndirib. Hətta o qədər genişlənib ki, ölkə sərhədlərindən də kənara çıxıb...

Təxminən bir il yarım əvvəl S. Məmmədovun Nabranda yerləşən Prezident Sarayına oxşayan dəbdəbəli villasının görüntüləri yayıldı. Həmin villanın nağıllardakı kimi 40 otaqdan ibarət olduğu bildirilirdi. Onun tikilməsinə isə düz 12 milyon manat pul xərcləmişdi. Villa prezidentin dediyi kimi hündür hasara alınıb və tikanlı məftillərrlə əhatələnib. Ora heç quş da yaxınlaşa bilmir. O zaman bu villanın fotosu sosial şəbəkədə yayıldı. Lakin S. Məmmədov dostu olan PA-nın şöbə müdiri Əli Həsənovun vasitəsi ilə bu məlumatın mediada geniş yayılmasının qarşısını aldı.

Sözügedən məmur əldə etdiyi pulların böyük hissəsini xaricə daşımağı bacarıb. Bunu isə oğlu vasitəsi ilə həyata keçirib. S. Məmmədovun oğlu Sübhan Məmmədli ilə bağlı da mediada çox xəbərlərə rast gəlmək mümkündür. 22-23 yaşlı S. Məmmədli xaricdə yaşayır və atasının korrupsiya you ilə əldə etdiyi pulları diriltməklə məşğuldur.

Bu haqda jurnalist Cavanşir Həsənli apardığı araşdırmada məmur oğlunu 22 yaşlı milyonçu kimi təqdim etmişdi.

Həmin araşdırmaya görə, S. Məmmədli 20 yaşında Avstriyada, 21 yaşında İngiltərədə şirkət açıb, Londonun zənginləri sırasında ən gənc milyonerlərdən biri kimi tanınıb.

Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edib. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət  Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.

Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.

Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.

Həmçinin “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. Detallara varmadan S. Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirrkətlərrin siyahısını da təqdim edirik:

“Saha İnvestment Dış Ticaret Limited”

“Subhan Dış Ticaret Limited”

“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”

“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”

“Azerturk İnvestment Dış Ticaret Limited”

Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.

Onu da qeyd edək ki, Saleh Məmmədov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli  R. Vəliyevin qızı ilə ailə həyatı qurub.

Qeyd etdiyimiz kimi, S. Məmmədov əldə etdiyi pulların böyük hissəsini ölkədən xaricə daşımağı bacarıb. Hətta bunun necə həyata keçirilməsi haqda vaxtilə mediada məlumatlar yayılmış, Avropaya daşınan milyardların xəritəsi təsvir olunmuşdu.

Azərbaycanda gedən son proseslər onu göstərir ki, dövlətin pullarını oğurlayan məmurların heç birinə güüzəşt olunmayacaq. Hətta illər əvvəl vəzifəsindən azad olunan Səlim Müslümovun həbs xəbəri də bunu deməyə əsas verir. Müharibədən sonrakı iqtisadi durum xaricə daşınan pulların geri qaytarılması mexanizminin hazırlanmasını labüd edir. Bu məmurların taleyinin necə olacağı haqda sualın cavabı olaraq isə onu deyə bilərik ki, sələflərindən fərqli olmayacaq.(yenisabah.az)

Saleh Məmmədov: Hesab günü yaxınlaşır –  Ata və oğulun biznes imperiyasıSaleh Məmmədov: Hesab günü yaxınlaşır –  Ata və oğulun biznes imperiyası

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top