Sumqayıtda səs-küyün normadan artıq olması müəyyənləşdirildi

SOSİAL 01 fev 2021, 08:56
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin əməkdaşları Azərbaycan Prezidentinin “Ətraf mühitə insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” fərmanından irəli gələn tələblərə və tədqiqat planına uyğun olaraq Sumqayıt şəhərində avtonəqliyyat vasitələrinin yaratdığı səs-küyün intensivliyi, onun insan sağlamlığına təsir xüsusiyyətlərinə dair çöl-tədqiqat işləri aparırlar.

Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, coğrafiyaçılar tərəfindən Sumqayıtda aparılan çöl tədqiqatları zamanı şəhərin daha intensiv III və IV dərəcəli küçələrinin üç xarakterik hissəsinin 0,10 və 20 metr məsafəliyində nəqliyyatın gur vaxtında müvafiq müşahidə məntəqələri seçilib. Səs-küyün diapazonu üzərində “SVAN 947” cihazı vasitəsi ilə ölçmələr aparılıb, orta rəqəmlər əldə edilib.

Müşahidələr zamanı əldə edilən 70-dən artıq kartotekanın emalının nəticəsi olaraq şəhərin Sülh, Bakı və Koroğlu küçələrinin müxtəlif məntəqələrinin “0” nöqtəsində səs-küy miqdarının normadan orta hesabla 10 dB artıq olması təyin edilib. 10 metrlik məsafə göstəriciləri isə Sülh küçəsinin bəzi məntəqələrində normadan orta hesabla cəmi 5 dB artıq olub.

Şöbə əməkdaşları bu problemi Bakı da daxil olmaqla, digər iri şəhərlərdə də öyrənmək niyyətindədirlər.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu problemi insan orqanizmində çoxsaylı sinir, mədə-bağırsaq, ürək-damar xəstəlikləri, xroniki yorğunluq, diqqət və yaddaşın zəifləməsi, normal istirahət və orqanizmin müqavimət gücünü bərpa etməyə mane olan əsas amillərdən biri kimi səciyyələndirib. Bəzi ölkələrdə aparılan tədqiqatlara görə, bu səbəblərdən insan ömrünün orta hesabla 10-12 il azaldığı məlum olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top