Ceyhun Bayramov yeni səfiri qəbul etdi — FOTO

XARİCİ SİYASƏT 29 yan 2021, 20:27

Xarici işlər naziri Ceyhun Bayramov Belarusun Azərbaycana yeni təyin olunmuş səfiri Andrey Ravkovun etimadnaməsinin surətini qəbul edib.

Demokrat.az
-ın məlumatına görə, nazir Azərbaycana səfir təyin olunması münasibətilə A.Ravkovu təbrik edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

C.Bayramov Azərbaycan və Belarus arasında mövcud olan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. İki ölkə liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirilib. Nazir hər iki ölkənin mövqeyinin beynəlxalq hüquq prinsipləri, xüsusilə də suverenlik, beynəlxalq sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslandığını ifadə edib.

C.Bayramov müstəqilliyinin ilk günlərindən etibarən Azərbaycanın üzləşdiyi təhlükəsizlik təhdidləri, ərazilərinin 20 %-nin Ermənistan tərəfindən hərbi işğalı, etnik təmizlənməsi, onilliklər ərzində davam edən işğal siyasəti, nəhayət 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlara son qoyulması və bölgədə hazırda mövcud olan vəziyyətlə bağlı Belarus səfirinə məlumat verib.

A.Ravkov Belarusun xarici işlər naziri Vladimir Makeyin salamlarını C.Bayramova çatdırıb. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə inkişaf edən əməkdaşlıq münasibətlərinin əsasında hər zaman beynəlxalq hüququn müstəqillik, suverenlik və ərazi bütövlüyünə dəstək prinsiplərinin dayandığı vurğulanıb. O, ikitərəfli əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Hərbi əməliyyatlar dayandırılması və sülhün bərqərar olunması səyləri münasibətilə məmnunluq ifadə edən Belarus səfiri, hazırkı mərhələdə üçtərəfli razılaşmaların yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üzrə razılıqlarını ifadə ediblər.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top