"Kütləvi vaksinasiyadan sonra ümumi yoluxma xeyli azalacaq" — Baş infeksionist

SOSİAL 29 yan 2021, 09:35
Azərbaycanda koronavirusa qarşı peyvəndləmə başlayıb. Bununla belə, insanları narahat edən  bir çox suallar var. Vaksin vurulandan sonra virus mutasiya olarsa, yenidən virusa yoluxma ola bilərmi?

Demokrat.az
xəbər verir ki, mövzu ilə bağlı “Yeni Musavat”ın suallarını Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov cavablandırıb.

- Koronavirus bizdə azalır, Avropada isə yeni və daha qorxunc ştammı yayılır. Yeni virus bizi də “vura”caqmı?

- Koronavirus infeksiyasının pandemiya ilə əlaqədar geniş yayılması onun mutasiyalara məruz qalmasını şərtləndirir. Nəzəri olaraq qeyd edilməlidir ki, çoxsaylı mutasiyalar son nəticədə virusun bir sıra xüsusiyyətlərini dəyişə bilər. Hazırda müşahidə olunan mutasiyaların  virusun yalnız yoluxma qabiliyyətini artırdığı haqqında məlumatlar açıqlanır. Artıq bir sıra, o cümlədən qonşu və yaxın ölkələrdə də mutasiya olunmuş virusun aşkarlandığı məlum olub. Hazırda bu ölkələrlə əlaqələrimiz minimal olsa da,  mutasiyaya uğramış virus ştamlarının ölkəmizə də daxil olması mümkün sayılır.

- Azərbaycanda vaksinasiyaya artıq başlanıb, virus mutasiyaya uğrayarsa, vaksinin ona qarşı qoruyuculuğu olacaqmı?

- Belə bir fikir formalaşıb ki, mutasiyaların baş vermə sürətinin azaldılması üçün kütləvi vaksinasiya prosesinı mümkün qədər tez həyata keçirmək lazımdır. Yəni virus nə qədər az yayılarsa, bir o qədər az mutasiyaya uğrayar. Tibbi mənbələrin verdiyi məlumatlara əsasən, istər təbii, istərsə də süni qazanılmış immunitet mutasiya olunmuş və ya olunmamış virus ştamlarından eyni səviyyədə qoruyucudur.

- Koronavirusdan sağalan şəxslər nə zaman peyvənd olunmalıdır? Həmin şəxslər yenidən mutasiya olmuş virusa yoluxa bilərlərmi? Yəni orqanizmdə yaranmış antitellər mutasiya olunmuş virusa qarşı da dayanıqlıdırm?

- Müşahidələr göstərir ki, yeni koronavirus infeksiyasını keçirməsi nəticəsində formalaşan təbii immunitet bəzi şəxslərdə 4-6-8 aydan sonra zəifləyir və infeksiyanın kütləvi yayılma dövründə təkrar yoluxmalar baş verir. Lakin təkrar yoluxmaların immunitetin gərginliyi ilə deyil, məhz virusun mutasiyası ilə əlaqədar olması barədə sübutlar yoxdur.

- Uşaqların peyvənd olunmayacağı bildirilir. Son günlərdə isə uşaqların koronavirusdan ağırlaşmalarının olduğunu eşitdik. Bəzi həkimlər bunu virusun mutasiyaya uğramış variantı ilə əlaqələndirdilər. Bəs uşaqları necə qoruyaq?

- Ölkəmizdə 18 yaşınadək şəxslər peyvənd olunmurlar. Bu, infeksiyanın uşaqlarda böyüklərə nisbətən daha yüngül və fəsadsız keçməsi ilə əlaqədardır. Son dövrlərdə bu infeksiyanın bəzi hallarda uşaqlarda da müəyyən ağırlaşmalar verməsi haqqında məlumatlar yayılsa da, bunlar uşaqlarda  infeksiyanı risk qrupuna daxil etmək üçün yetərli sayılmır və buna görə onlar vaksinasiyaya cəlb olunmurlar. Həmçinin onu da nəzərə almaq lazımdır ki, bu səbəbdən də uşaqlar arasında peyvəndlərin effektivliyi və təhlükəsizliyini sübut edən tədqiqatlar aparılmayıb. Kütləvi vaksinasiyaya nail olunduqdan sonra ümumi yoluxma halları xeyli azalacaq, deməli, eyni zamanda uşaqlar arasında da yoluxma və xəstələnmə halları minimallaşacaq. Hələlik isə uşaqların qorunması üçün böyüklərə aid edilən universal qorunma tədbirlərinə eynilə uşaqlar tərəfindən də əməl olunması ciddi tövsiyə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top