Dilçilik İnstitutunda Prezident sərəncamı ilə yaradılan “Qaynar xətt” lazımsız bilinərək ləğv edildi…

GÜNDƏM 28 yan 2021, 10:06
Bu günlərdə “Xalq” qəzetində akademik Möhsün Nağısoylunun böyük bir məqaləsi nəşr olunub. “Prezidentin Azərbaycan dilinə yüksək diqqət və qayğısını ana dilimizin saflığını qorumaqla cavablandırmalıyıq”. 

Məqalə həqiqətən də akademik səviyyədə yazılıb və cənab prezidentin və ümummilli liderin ana dilimizə qayğısı, verdikləri sərəncam və görülməli olduğu işlər çox gözəl şəkildə sadalanır. Lap həvəsə düşdüm, dedim bir zəng edim soruşum ki, hörmətli akademik AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna gələndən sonra bu qədər iş görülübsə onda niyə bəzi ağzıgöyçəklərin gözü bunu götürmür, elə hey Kamal Abdulla akademik katib olarkən Nəsimi adına Dilçilik İnstitutuna ayrılan lakin Dilçilik İnstitutuna deyil harasa xərcləndiyi məlum olmayan iki milyondan tutub qalıblar. Axı bu iki milyon elə AMEA-nın ümumi büdcəsinə köçürülmüş və hara xərcləndiyini bir akademik Kamal Abdulla bir də Allahın özü bilir. Hər halda Nəsimi adına Dilçilik İnstitutu heç vaxt o qədər pul görməyib, əgər görsəydi heç olmasa İnstitutun qabağında qoyulan Nəsiminin heykəlini ağardardılar. Yazıq heykəl dərd çəkməkdən qapqara qaralıb. Ümumiyyətlə, işin maraqlı tərəfi odur ki, Kamal Abdulla Dilçilik İnstitutunda heç zaman olmasa da, zaman-zaman onun barmağı həmişə orada olub özü də müridlərinin dəstəyilə. İndi də onun təsir gücü bu institutda qalmaqdadır. Təbii ki, yeni müridlərinin dəstəyilə. İnstituda nə baş verirsə, dərhal Şeyx Kamalın ovucunun içində olur. O müridlər ki onlar üç il bundan öncə başqa sahədən Dilçilik İnstitutuna trasfer olunaraq artıq akademikliyə və icraçı direktorluğa doğru Şeyxlərinin dəstəyilə durmadan irəliləyirlər. Dilçilik İnstitutundan bir neçə vəzifəni zəbt etmələrinə baxmayaraq Şeyx onları rektoru olduğu Azərbaycan Dillər Universitetində daha bir müdirliklə ənamlandırmışdır. Bu müridlər akademiyanın digər institutlarında da var. Məsələn, təxminən 10 ilə institut direktoru, akademik olan Muxtar İmanov Şeyxinin rəhbəri olduğu universitetdə həm də kafedra müdiridir. İlahi bunları nəfsləri nə zaman doyar dünya malından, vəzifədən. Bu barədə daha geniş məlumat növbəti yazılarda…

Nə isə mətləbdən uzaqlaşmayıb keçək əsas məsələyə. Telefonu götürüb zəng etdim Dilçilik İnstitutunda elə Prezident sərəncamı ilə yaradılan və son illər akademik Möhsün Nağısoylunun da hər müsahibəsində qabartdığı “Qaynar xəttə”. Amma nədənsə bu məqalədə bu haqda yazılmamışdı, dedim yəqin İnstitutda başqa yeni nələrsə var, yoxsa əcəba akademik bu qədərmi qocalıb ki, bunu yaddan çıxarsın. Çünki “Dövlət proqramı”na görə edilməli olan bu qədər işdən vur-tut bir-ikisi görülmüşdü ki, onun da biri elə “Qaynar xətt” idi və insafən bu iş son illər Dilçilik İntitutunun üzünü ağardırdı. Hərdən biz də zəng edib nəyisə irad tutur, və ya öyrənirdik.

Əvvəllər bu nömrəyə nə vaxt zəng edirdim cavab verirdilər. Hətta iş vaxtı olmasa da sonra zəng edib maraqlanırdılar. Amma bu dəfə nə illah etdim telefonuma cavab verən olmadı. Sonda naəlac qalıb jurnalist dostlarımdan birinə müraciət etməli oldum. Axı biz bu nömrəyə tez-tez zəng edirdik. Aldığım cavab isə çox məyusedici oldu. Sən demə xeyli dövlət vəsaiti hesabına ərsəyə gələn və daim işləməli olan “qaynar xətt” avadanlığı “otaq olmadığından” sökülüb və anbara atılıb. Deyirlər ki, indi daha “Qaynar xətt” fəaliyyət göstərmir. Niyəsi isə budur ki, Prezidentin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” 2013-2020-ci illəri əhatə edir. “Qaynar xətt” də yarandığı gündən ayrıca otaqda yerləşdirilə də, heç vaxt ayrıca struktur olmayıb və Monitorinq şöbəsinin daxilində fəaliyyət göstərib. “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” yarandıqdan sonra isə otaq olmaması səbəbilə “Qaynar xətt” ləğv edilib. Amma nədənsə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin və Elm, təhsil şöbəsinin kifayət qədər otaqları var. Hətta yenicə Monitorinq şöbəsinə müdir təyin olunmuş Ruslan Abdullayev də müdir kreslosunda deyil, əvvəlki türk dili şöbəsindəki sıravi işçi stulunda qərar tutub. Səbəb isə odur ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi institutun Elm və təhsil şöbəsinin dərs otaqlarını zəbt etdiyindən onlar da Monitorinq şöbəsinin bircə otağını zəbt edərək yeni müdirin əlindən almışlar. Yeni müdir də abrına bükülərək dinməzcə sükut etmişdir, əsas odur ki hər ayın sonunda müdir maaşını alır.

Qəribə məntiqdir deyilmi? Heç olmasa bu bahalı avadanlığı yenicə yaradılan “Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzi”nə verəydiz, ay Möhsün müəllim. Axı, siz elə həmin mərkəzin “Müşahidə Şurası”nın sədrisiniz. Yadımdadır o vaxt hər yerdə yazırdınız ki, Dövlət Proqramına uyğun olaraq “Qaynar xətt” fəaliyyət göstərir. Budurmu sizin Prezident sərəncamına münasibətiniz? Eşitdiyimə görə, orada quraşdırılan avadanlığın qiyməti on min manatlarla ölçülür. Doğrudanmı “Qaynar xətt”in otağı əlindən alınıb və ora bağlanıb? Axı “Qaynar xətt” dövlət dilinin təmizliyinin qorunması istiqamətində atılmış ən vacib məsələlərdən biri idi. “Dövlət Proqramın”ın 6.1.5. bəndində bu barədə yazılır: “Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılsın”.

İndi belə çıxır ki, “Qaynar xətt” lazım deyilmiş. Bəs lazım deyildisə, niyə dövlət buna bu qədər xərc çəkir, onun üçün ayrıca otaq ayrılırdı? Hər halda maraqlı məsələdir, araşdırmaq lazımdır. Görünür, bəziləri “Prezidentin Azərbaycan dilinə yüksək diqqət və qayğısını ana dilimizin saflığını qorumaqla cavablandırmalıyıq” desələr də, əməldə bunun əksini edirlər. Hər halda bunu başqa cür izah etmək də olmur.(Yenikirpi)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top