Ayaz Mütəllibov: “O dövrdə də bunu anladım”

SİYASƏT 15 yan 2021, 22:19
“Etiraf etmək lazımdır ki, hələ sovet dövründə biz,  Azərbaycan rəhbərliyi, hökuməti olaraq Ermənistanla sərhəddəki, eləcə də keçmiş Dağlıq Qarabağ vilayəti ətrafındakı bölgələrimizin iqtisadi inkişafına, o torpaqlardakı soydaşlarımızın sosial rifah halının yüksəlməsinə  kifayət qədər diqqət ayırmamışıq. Söhbət xüsusən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Gədəbəy, Qazax və s. kimi rayonlarımızdan gedir...”

Bu fikri öncə sovetlər dönəmində Azərbaycan SSR Nazirlər Sovetinin sədri,  Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi vəzifələrində çalışmış,  müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə isə Azərbaycan Respublikasının ilk Prezidenti olmuş Ayaz Mütəllibov işğaldan yenicə azad edilmiş bölgələrimizin strateji əhəmiyyətini nəzərə alaraq onların tezliklə məskunlaşdırılmasının, inkişafının vacibliyindən  danışarkən söyləyib.

Keçmiş dövlət başçısı Qarabağ “problemi”nin qondarıldığı ilk illərdə Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına səfərlərindən də bəhs edib: 

“Sovet dövründə  bir rəhbər kimi Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarına səfərlər etmiş, həmin rayon mərkəzlərinə müşavirələr keçirmişik. Xeyli müsbət nəticələr də əldə etmişdik. Lakin  o dövrdə də bunu anladım... İndi də etiraf etmək lazımdır ki, hələ sovet dövründə biz,  Azərbaycan rəhbərliyi, hökuməti olaraq Ermənistanla sərhəddəki, eləcə də keçmiş Dağlıq Qarabağ vilayəti ətrafındakı bölgələrimizin iqtisadi inkişafına, o torpaqlardakı soydaşlarımızın sosial rifah halının yüksəlməsinə  kifayət qədər diqqət ayırmamışıq. Söhbət xüsusən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Gədəbəy, Qazax və s. kimi rayonlarımızdan gedir... Biz əsas gücümüzü, Bakı, Abşeron və ətraf rayonlara ayırmışıq,  həm də strateji əhəmiyyəti olan adı çəkilən rayonlarımız isə diqqətdən kənarda qalıb... 

Həmin səfərlərdən biri zamanı, səhv etmirəmsə, Qubadlı rayon mərkəzində gecə diqqət etdim ki, küçədə yalnız bir yerdə dirəkdə işıq yanır.  Başqa heç yerdə küçə işığı tapa bilmədim. Bəzi kəndlərdə isə ümumiyyətlə, işıqlandırma yox idi. Amma qarşıda görsənən Ermənistan kəndlərində işıqlar daimi yanırdı. Və onların Qafan, Gorus kimi sərhədyanı  şəhərlərinin işıqlanması da, binalarının xarici, daxili görünüşü də bizimkilərdən xeyli üstün idi...

Odur ki, deyilənləri, keçmiş səhvləri nəzərə alaraq  indi, şükür Allaha, dövlətimizin, ordumuzun, xalqımızın gücü, birliyi sayəsində Dağlıq Qarabağdan kənardakı Ermənistanla həmsərhəd rayonlarımızın da işğaldan azad edildiyi bir vaxtda keçmişdə edə bilmədiyimizi indi etməliyik.  Ali Baş Komandan dediyi kimi,  məcburi köçkünlərin o torpaqlara tezliklə qayıdışı üçün var gücümüzlə çalışaraq  həmin bölgələrimizin Ermənistanınkılarından dəfələrlə yüksək inkişaf səviyyəsini təmin etməliyik...”

Eks-prezidentin  “Əgər, inşallah, sizin üçün də işğaldan azad olunmuş torpaqlarımıza getmək imkanı yaranarsa, ilk olaraq hansı rayonumuza səfər edərdiniz” sualımıza cavabı da maraqlı olub.

“Allah qoysa, əgər tezliklə işğaldan azad rayonlara getmək şansım olsa, öncə Laçına gedəcəm... Çünki Laçın həm də Ermənistanla bir sərhəd rayonu kimi keçmişdə də belə olub, indi də Azərbaycan üçün strateji cəhətdən çox əhəmiyyətlidir...”- deyə sabiq dövlət başçısı vurğulayıb.Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top