"Qəzetlərin siması dəyişməli, oxucusu gəncləşməlidir" — VİDEO

SOSİAL 14 yan 2021, 18:18
Qəzet nədir, mətbuat yaşayacaqmı, bizə qəzet lazımdırmı?

Demokrat.az
xəbər verir ki, Əməkdar jurnalist Natiq Məmmədli ATV-nin canlı efirində qəzetçiliyimizin indiki durumu və gələcəyi barədə fikirlərini bölüşüb.

O qeyd edib ki, mətbuat orqanı özü gözəl bir təsisatdır və qəzet işinin çox qəribə romantikası var:

"Qəzetin oxucusu da ayrı bir insandır. Qəzetin oxucusu operaya baxan, teatra gedən, klassik musiqini duyan və dinləyən, onlardan zövq almağı bacaran bir insandır. Qəzetin oxucusu Azərbaycan dilində sərbəst şəkildə fikrini ifadə etməyi bacaran, düşünən və gözəl yazı yazmağı bacaran insandır. Bu insanları formalaşdırmaq, onları axtarıb tapmaq və qəzetləri insanlara oxutdurmaq lazımdır. Qəzet qocalar və yaşlılarla bərabər, həm də gənclərin meydanıdır. Qəzetdə gənc ruh olmalıdır. Qəzetə sadəcə salnamə kimi yanaşmaq olmaz. İnformasiya, qəzet sadəcə keçmişimizi öyrənmək üçün deyil, məhz bu gün üçün lazımdır. Qəzet fikir daşıyıcısıdır. Arzu edərdim ki, həm qəzetlər cavanlaşsın, siması dəyişilsin, həm də qəzetlərimizin oxucusu gəncləşsin. Misal üçün, SSRİ, komsomol çoxdan dağılsa da müasir dövrdə Moskvada ən çox oxunan mətbuat orqanları “Moskovskiy komsomoles”, “Komsomolskaya pravda” qəzetləridir. Bu mətbuat orqanları nəinki öz əvvəlki nüfuzunu qoruyub saxlayıb, hətta radiolarını da yaradıblar, multimedia elementləri var. Biz dünya təcrübəsini öyrənməliyik".

Əməkdar jurnalist deyib ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla yaradılan Medianın İnkişafı Agentliyi çap və onlayn media arasında harmonik əlaqə yaratmaqla onun inkişafına töhfə verəcəkdir:
 
"Türkiyə, Rusiya təcrübəsi öyrənilərək tətbiq ediləcək. Bizim cəmiyyətimiz bütün dəyişikliklərə açıqdır. Vətən Müharibəsində zəfər çalan, qalibiyyət sevincini xalqına yaşadan bir dövlətin, gözəlləşən bir ölkənin mətbuatı da gözəl olmalı, qalib ölkənin mediası olmalıdır. Qalib ölkənin vətəndaşının adına layiq qəzet nəşr etmək lazımdır. Qəzet oxuyursunuzsa, fikriniz gözəlləşir. Bu, mütaliədir və bunu heç kim sizin əvəzinizdən etmir. Oxucu qəzeti özü oxumalı, dərk etməlidir. Bu, onun intellektual səviyyəsi ilə bağlı olan məsələdir. Bütün bunları nəzərə alaraq gələcəyə çox böyük ümidlərlə baxıram. Yeni Agentliyin yaranması, media islahatlarının dərinləşməsi çox optimist əhval-ruhiyyə yaradır".  

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top