İlham Əliyev: "Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcək"

GÜNDƏM 24 dek 2020, 16:16
"Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən deyib.

"Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir", - dövlət başçısı bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top