"Şuşanın azad olunma xəbərini eşidəndə Bayram müəllim uşaq kimi ağlayırdı"

GÜNDƏM 24 dek 2020, 12:17
Şuşanın icra başçısı Bayram Səfərovla 3 il birlikdə çalışmışam. O həm başçı, həm Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, mən isə İcmanın Əlaqələndirmə Şurasının sədri idim.

3-cü günlər Bayram müəllimin başçı olaraq qəbul günləri idi. Digər bəzi başçıların çoxunun etdiyi kimi o günə tədbir salıb qəbulu ləğv etmirdi. Səhər tezdən gəlib onlarla ailədən gələn yüzdən çox insanı qəbul edirdi. Özü də, müəllimin qəbuluna ancaq Şuşa əhalisi yox, bütün məcburi köçkün olan insalar gəlirdi. Qəbullarda bəzən mən də iştirak edirdim. Bəzən Bayram müəllimə deyirdim, "müəllim, axı sizin qəbula gələn adamın olduğu rayonun öz başçısı var", mənə həmişə deyirdi ki, "elə demə, problemini həll edə bilsəydi öz başçısı mənim yanıma gəlməzdi". Bilirsiniz problemləri necə həll edirdi? 

Əgər sənəd və rəsmi problemlərdisə yerindəcə zəng edərək, maddi problemdirsə bir çoxunu cibindən. Bəli öz cibindən. Hardan idi pulu? 

Bayram müəllim Şuşada çalışdığı dövrdə də başçı olmadan əvvəl də bizneslə məşğul olan biznesmen idi. Başçı olduqdan sonra isə bu biznesini yaxınları idarə edirdi.

O tək-tük başçılardandır ki, vəzifəyə gələndən sonra milyonuna milyon qatmayıb, əksinə əvvəl yığdığından insanlar üçün xərcləyib. Şuşa İH-də istəsən də yeyinti edə bilməzsən. Səbəbi sadədi, çünki satılacaq ərazi yox idi ki, satıb yeyəsən. Bütün digər tikinti və sosial məsələlər isə İcra Hakimiyyətinin yox "Qaçkınkom"un səlahiyyətində idi.

Hələ elə bir hal olmayıb ki, Qarabağ İcması üçün daxildə vəya xaricdə tədbir keçirim, müəllimin yanına gəlim və müəllim mənə "yox" desin. İcmanın buğda dənəsi qədər illik büdcəsi var idi. Bayram müəllim demək olar hər dəfə mənə deyirdi ki, "büdcəni saxla maaşlara, tədbirin pulun mən verərəm". 

Hər ilin sonunda İcmanın büdcəsində Bayram müəllimə görə pul qalırdı və o pulu biz büdcəyə qaytarırdıq. Çoxunun etdiyi kimi ilin sonunda pul qalmasın deyə ofisə 20-ci printer, 500-cü ruçka, 1000-ci A4 kağızı almırdıq. Bu gün neçə icra başçısı belə edir? Başçı olmamışdan əvvəl qazandığı pulu neçə başçı dövləti üçün xərcləyir? Çox azı.

Hamı tutub ki, villası var, bahalı maşını var. Təkrar edirəm, Bayram müəllim dövlət işinə gəlmədən öncə hər zaman imkanlı olub. Dövlət işində isə texniki olaraq onun pul qazanmağı mümkün deyildi.

Tədbirdə yuxuya gedib? Bir çoxlarının etdiyi kimi tədbir təşkil edib pul yeməyib ki, indi yuxuya gedib də, və? Az olub universitetdə mühazirədə vəya hansısa tədbirdə gözünüzü yuxu aparıb?

Bəli, Bayram müəllim bəzi "jurnalistləri" sevmirdi. Bəzi deyəndə "reket" jurnalistlərdən söhbət gedir. Zəng edib şantaj edirdilər, müəllim də onları "uzaqlara yola salanda" bunlar götürüb ağızlarına gələni yazırdılar. Digərləri də onlara "istinad edirdilər". 

O qədər çox idi ki, bu "jurnalistlər", elə olurdu normalları da isti əlinin altına düşürdü, lakin biləndə ki, bu normal insandı müəllim hər zaman müsahibəsini də verirdi, açıqlamasını da.

Bəli, görünüş olaraq Bayram müəllim kobud görünə bilər. Mələk kimi görünüb, model kimi xarici görünüşü olub sonda DTX tərəfindən aparılan başçıları da az görmədik və görməyə davam edirik.

Şuşanın azad olunma xəbərini Cənab Prezident elan edəndə ilk olaraq durub getdim Bayram müəllimin yanına. Sizin kobud olaraq bildiyiniz adam, uşaq kimi hönkür-hönkür ağlayırdı. Yəni ki, gördüyünüzü deyil bildiyinizi yazın dostlar.

Ha deyirdim ki, bu mövzuda ayrıca bir status yazmayacam, lakin hörmət etdiyim insanların belə bu mövzuda yalnış fikirdə olduğunu görəndə, düşündüm ki, bu haqda yazı yazmaq ən azından vicdanımı rahatlatmaq üçün vacibdir.

Əlbəttə ki, hamı kimi Bayram müəllim də mələk deyil və ideal deyil. Ola da bilməz. Lakin onun haqqında yazlanlar absurddur. Onu müdafiə etməyə isə məni vadar edən yeganə səbəb mənim vicdanımdır.

Bağışlanmayan yegənə haqq insan haqqıdır. İnsanı şəxsən tanıyırsınızsa və konkret məsələ haqqında fikriniz varsa yazın, əks halda o insanın haqqına girmiş olacaqsınız. 


Orxan Əkbərov

Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sabiq sədri

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top