YapiKredi Müraciət Forması
Gündəm

"David Seliverstov"un daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıb

David Seliverstovun daha bir dələduzluğu üzə çıxdı – 50 min manat alıb, aldadıb

Qaçaq "beynəlxalq hüquq müdafiəçisi" "David Seliverstov"- Kazım Elşən oğlu Abbasovun daha bır fırıldaq əməli üzə çıxıb. Əvvəllər dələduzluğa, xüsusilə külli miqdarda narkotik dövriyyəsi və digər əməllərə görə dəfələrlə məhkum olunmuş "David Seliverstov" uzun illər müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Ağdərə rayon Polis Şöbəsinin rəisi postunda xidmət etmiş Gəray Məmmədovun inamından istifadə etməklə ondan külli miqdarda pul alıb.

Demokrat.az xəbər verir ki, şəhid övladı olan, Qarabağ müharibəsi veteranı Gəray Məmmədov üzləşdiyi dələduzluq barədə Musavat.com-a danışıb. O deyib ki, daxili işlər orqanlarında xidmət etmiş övladının işə bərpası üçün yollar axtardığı bir vaxtda, dələduz şəbəkəsinin hədəfinə çevrilb: "İlkin mərhələdə Elçin və Mehman adlı şəxslərlə görüşdüm. Onlar məni Quba-Qusar deputatı Anatoli Rafailovun köməkçisi "David Seliverstov" və Avram Bermanla tanış etdilər. "David Silverstov" dedi ki, oğlumun məsələsini qısa müddətdə həll edə bilərlər. Bunun üçün "Magen David" fonduna 1000 manat pul köçürməli olduğumu dedim. Bundan bir müddət sonra vəkil müqaviləsi bağlamaq bəhanəsi ilə 50 min manat pul aldı. Bir müddət sonra dedilər ki, artıq razılıq əldə olunub və oğlum Elnur Məmmədov xidmətə bərpa ediləcək. Bundan dərhal sonra Prezidentin Təhlükəsizlik Xidmətinə keçiriləcəyini vəd etdi".

Gəray Məmmədov deyir ki, bir də öyrənib ki, onun adından, ona heç bir məlumat vermədən DİN-i məhkəməyə veriblər: "Mən 35 il hüquq-mühafizə orqanlarında şərəflə xidmət etmişəm. Orta məktəbi bitirdikdən sonra hərbi xidmət keçib, daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Əmək fəaliyyətinə mülki sahədə başladım. Xocalıda baş mühəndis, Aqrar Sənaye Birliyində və təhlükəsizlik üzrə baş müfəttiş kimi çalışdım. Daha sonra daxili işlər orqanlarında xidmətə başladım. Leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəldim. 1996-cı ildən 2001-ci ilin sentyabrına qədər Ağdərə rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışdım, 20 ildən artıq rəis müavini və bölmə rəisi kimi xidmət etmişəm. 1992-ci ilin fevralında Xocalı soyqırımı zamanı atam Süleyman Məmmədov şəhid olub. Oglum Enur Məmmədov 2014-cü ildən 2021-ci ilədək Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Dovlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayında yol-patrul xidməti inspektoru vəzifəsində işləyıb. 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq iqtisadi münasibətlər fakultəsini, 2020-ci ildə isə DİN-nin Polis Akademiyasını bitirib. Xidmətdə buraxdıgı nöqsanlara görə 2021-ci ilin iyul ayında DİO-dan xaric edilib. O gündən övladım işsizdir.

"David Seliverstov" məndən və övladımdan xəbərsiz 35 il çörək yediyim qurumu məhkəməyə verib. Mən bunun xəcalətini çəkirəm. Bizi aldadaraq 50 min manatımızı mənimsədi, sonradan çətinliklə də olsa həmin məbləği hissə-hissə geri ala bildim. Amma oğlumun taleyi ilə oynadılar".

Gəray Məmmədov deyib ki, "David Seliverstov" kimi tanıdığı, mətbuatdakı yazılardan sonra residevist Kazım Elşən oğlu Abbasov olduğunu öyrəndiyi bu şəxs eyni zamanda onu "Magen David" Fondunun Qarabağ zonası üzrə departament direktoru təyin edib, hətta adına vəsiqə də çıxarıb: "Aldadıldığımı tam yəqin etdikdən sonra 2024-cü ilin avqust-sentyabr aylarında "David Seliverstov"la bütün əlaqələri kəsdim. Vəsiqəni də özünə qaytarıb dedim ki, siz fırıldaqçılıqla məşğulsunuz".

Şəhid övladı olan Gəray Məmmədov mətbuat vasitəsilə DİN rəhbərliyindən övladının məsələsinə yenidən baxılmasını və onun etibarından sui-istifadə edən şəxslər barəsində hüquqi tədbirlər görülməsini xahiş edir.

NE
Nihadə Eyyubova