Ən böyük ad: Azərbaycanın ərazi bütövlüyünü təmin edən dövlət adamı

SİYASİ 23 dek 2020, 20:57
Kimliyindən asılı olmayaraq hər bir insanın doğum günü həm də hesabat günüdür. Arxada qoyduğun bütün illərin hesabatını verirsən sanki...

Alnına ölkənin birinci şəxsi olmaq yazılıbsa yaşadığın ömrün hər günü dar bir çərçivəyə deyil, bütün millətə verilən hesabata çevrilir. Qismətinə 42 yaşında olduqca mürəkkəb bir regionda yerləşən Azərbaycana rəhbərlik etmək düşən Prezident İlham Əliyev həm arxada qalan 17 il ərzində, həm də ondan əvvəl məhz belə bir ömür yaşayıb. İlham Əliyevin həyatı heç vaxt sərbəst, diqqətdən kənarda olmayıb. Ümummilli lider Heydər Əliyev kimi tarixi bir şəxsiyyətin tək oğul övladı olan İlham Əliyevin bütün addımları həmişə cəmiyyətin diqqət mərkəzində olub. Ömür boyu Heydər Əliyevin öncə övladı, sonra siyasi varisi kimi Onun adını doğrultmaq kimi çətin vəzifə həyatının bütün pillələrində İlham Əliyevi izləyib. Ömrünün Prezident olana qədərki dövrü daha çox atasının çətin günlərində yanında olmaq, ona dəstək verməkdən ibarət idi.

Heydər Əliyevin 1980-ci illərin sonu, 90-cı illərin əvvəli çətin günlərində İlham Əliyevin daim yanında olması, övladlıq borcunu layiqincə yerinə yetirməsi hamıya məlumdur. Prezident olduqdan sonra isə İlham Əliyevin həyatında Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri tamamlamaq kimi daha məsuliyyətli, daha çox əmək tələb edən dövr başladı. Bu gün tam əminlikə vurğulamaq mümkündür ki, İlham Əliyev bu missiyanın öhdəsindən layiqincə gələ bildi və O, növbəti doğum gününə Qarabağı işğaldan azad edən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən dövlət adamı kimi qədəm qoyur. Şuşanın işğaldan azad olunduğu gün özünün də bəyan etdiyi kimi, atasının vəsiyyətini yerinə yetirməsi kimi şərəfli missiyanı başa çatdıra bilib.

İlham Əliyevin prezidentlik dönəminin əbədi olaraq yaddaşlarda möhkəmlənən ən mühüm hadisəsi Qarabağı işğaldan xilas etməsidir. O, adını Azərbaycan tarixinə Qarabağı işğaldan azad edən lider, sərkərdə kimi yazdırıb. Və hər bir tarixi şəxsiyyət üçün öz xalqının qəhrəmanlıq səlnaməsini yaratmaqdan,  Vətən Müharibəsinin əsl qəhrəmanına çevrilməkdən, vətəndaşlarının qəlbində  “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxs kimi əbədi yer almaqdan yüksək məqam ola bilməz.

Amma Qarabağın azad olunması hadisəsi İlham Əliyevin 2003-cü ildən sonra dövlət başçısı kimi millət qarşısında digər xidmətlərini heç də tam kölgədə qoymur. Onun prezidentlik fəaliyyətinin hər ili kifayət qədər tarixi hadisələrlə, eyni zamanda güclü Azərbaycanın meydana çıxmasına şərait yaradan düşünülmüş islahatlarla zəngindir. Məhz illərin zəhməti bu gün Qarabağı işğaldan azad etmək qüdrətinə malik Azərbaycanı doğurub.

44 günlük Vətən müharibəsi zamanı İlham Əliyev xalqa davamlı müraciətləri, xarici televiziyalara  müsahibələri zamanı cəmiyyət tərəfindən yenidən kəşf olundu desək, yanılmarıq. Hər bir şəxs İlham Əliyevin öz xalqını necə ürəkdən sevməsinin, onun xoşbəxt gələcəyini düşünməsinin, Vətən uğrunda hər iki cəbhədə əzmkar, qətiyyətli mübarizəsinin şahidi oldu. Tam mübaliğəsiz Prezidentin Qarabağdan danışanda necə kövrəldiyini, öz vətəndaşı ilə elə onun öz dilində danışmasını, Vətəninə göz dikən düşmənlərə nifrətini, onlara qarşı barışmaz mövqeyini gördü.

44 günlük Vətən müharibəsinin Zəfərlə bitən nəticələri bir günün işi deyildi. Düşmənin təxribatlarına cavab olaraq hərbi əməliyyatlara başlamaq əmri verən Ali Baş Komandan ilk gündən prosesin Qələbə ilə bitəcəyinə əminlik nümayiş etdirirdi. Bu əminliyin kökündə Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu müasir Azərbaycanın, Onun siyasi varisi tərəfindən daha güclü dövlətə çevrilməsi dayanırdı. Heydər Əliyev kimi tarixi şəxsiyyətdən sonra İlham Əliyev Azərbaycanın inkişafını bir an olsun axsatmadı. İlham Əliyev 17 illik prezidentlik dövründə dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərə imza ataraq, Azərbaycanı beynəlxalq aləmdə güclü mövqeyə malik, nüfuzu daha da möhkəmlənən dövlətə çevirdi.

Bu dövrdə Azərbaycan çeşidli təzyiqlərə, siyasi çəkişmələrə məruz qaldı. Ermənilər və onların lobbisinin idarə etdiyi dairələr, bir az kobud ifadə etsək həmin lobbinin barmağına doladığı bəzi dövlətlər, qurumlar yaxşı anlayırdı ki, İlham Əliyev güclü Azərbaycan qurduqdan sonra ölkəsinin ərazi bütövlüyü məsələsində güzəştsiz mövqeyini parlaq şəkildə nümayiş etdirəcək.  Ona görə də bu çevrənin bütün gücü  Azərbaycanı zəiflətməyə, onun siyasi rəhbərliyinin nüfuzunu ləkələməyə, ölkənin imicinin korlanmasına sərf olunurdu. Fəqət, İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, dövləti daha güclü şəkildə gələcəyə daşıdı, ölkəsini inkişaf etdirdi. Müstəqil siyasət apararaq, xalqın maraqlarının müdafiəsi xəttindən heç zaman sapmadı.

2003-cü ildə prezidentlik kürsüsünə əyləşən zaman idarəetmədə boşluqların yaranacağı, Azərbaycanın yenidən siyasi çəkişmələrlə üzləşəcəyi, inkişafın axsayacağı proqnozlarını alt-üst edən İlham Əliyev təkcə əsl siyasi varis olduğunu sübut etmədi, ölkəni daha da inkişaf etdirdi, onun nüfuzunu artırdı, sabitliyi möhkəmləndirdi. Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməsi, mühüm qurumlara sədrlik etməsi arzudan reallığa çevrildi.

Beynəlxalq nüfuzu artan Azərbaycanı  Prezident İlham Əliyev investisiya yatırılan ölkədən, investisiya qoyan, çeşidli xarici məhsullar idxal olunan  ölkədən, müxtəlif növlü mal ixracatçısına çevirdi. Azərbaycan qısa müddətdə  qlobal iqtisadi proyektlərin başlıca səhmdarı statusuna çatdı.
Nə işsizliyin, nə yoxsulluğun artmasına, nə də inflyasiyanın yüksəlməsinə imkan verildi. İlham Əliyev neft gəlirlərinin azalması fonunda Azərbaycanın ciddi çətinliklərlə üzləşəcəyi proqnozlarını da alt-üst etdi. Sübuta yetirdi ki, neft amili olmadan da özünün düzgün iqtisadi siyasəti hesabına əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq, onun problemlərini həll etmək gücündədir. İqtisadi və sosial islahatların yeni mərhələsinə start verərək, əldə olunan vəsaitləri vətəndaşların rifah halının yaxşılaşmasına yönəltdi.

Həyata keçirdiyi böyük işlər, xüsusilə Qarabağın işğaldan azad olunmasından sonra İlham Əliyevin nüfuzu daha da artıb və hazırda bunun fonunda onun siyasi rəqibləri daha da gücsüzləşib, varlıqları getdikcə hiss olunmur. Prezident İlham Əliyevin özünün də bəyan etdiyi kimi, hakimiyyətinin həyata keçirdiyi siyasətə ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir! Xalqın bu cür güclü dəstəyini qazanmaq hər siyasi liderə nəsib olmur. Reallıq odur ki, əsas amalı quruculuq, rifah, abadlıq, inkişaf olan İlham Əliyevin alternativsizliyi sübuta ehtiyacı olmayan aksiomadır. Bütün  gördüyü işlərlə bərabər İlham Əliyevin adı tarixdə Qarabağı azadlığına qovuşduran sərkərdə kimi əbədi yer alıb...

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top