“Qonşu dövlətlərin nökərləri indi məni əsgər və zabitlərimizə hörmətsizlik etməkdə suçlayırlar” — Aslan İsmayılov

DAXİLİ SİYASƏT 21 dek 2020, 22:41
“Yenə, sanki, 1990-cı illəri yaşayırıq. Yenə bəzi siyasət dəllalları insanları inandırmağa çalışırlar ki, 10 noyabrda İlham Əliyev müqaviləni imzalamaqla, öz hakimiyyətini qorumaq üçün milli maraqları satdı. İndi də təxminən eyni şəxslər və onların mənəvi davamçıları 1990-cı ilin qanlı yanvarını təkrarlamaq istəyirlər. Bəlli olan odur ki, artıq bu gün Rusiya SSRİ-nin 90-cı illərini yaşayır və qan tökməyə yer axtarır. O vaxt da, indi də canfəşanlıq edənlər hakimiyyət hərisləridir. Onlara vahid, güclü Azərbaycan yox, ancaq vəzifə lazımdır və bunun üçün nəyin bahasına olursa olsun qan tökülməsini istəyirlər”.

Demokrat.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov bildirib ki, bu gün İlham Əliyevin heç kimin müdafiəsinə ehtiyacı yoxdur: “Mən də onu müdafiə etmək fikirdə deyiləm. Ancaq bir anlığa onu ittiham edənlərdən xahiş edirəm ki, 10 noyabra qədər olanları yada salsınlar və İlham Əliyevin hansı ruh yüksəkliyi ilə “Biz Qarabağı tam azad edəcəyik” deməsini xatırlasınlar. Bundan sonra cavab verin, görüm erməniləri torpaqlarımızdan tam qovmaq imkanı real olduğu bir vaxtda bu addım dövlət və xalq üçün ciddi təhlükə yaratmasaydı, kim son erməni işğalçısını Azərbaycandan qovana qədər müharibəni dayandırardı?! Mən hələ müharibənin dayandırılmasından bir neçə saat əvvəl Ermənistan üzərində Rusiya vertolyotunun vurulması, rus hərbçilərinin həlak olması, müqavilə imzalanandan bir neçə saat sonra artıq rus hərbçilərinin Qarabağa girmələrini demirəm. Ən azından bir balaca məntiqi olan bilməlidir ki, müqavilə imzalanandan sonra rus hərbçilərinin silah-sursatla Qarabağ səhədlərinə gətirilməsinə azı bir neçə gün lazım idi. Bunlar isə artıq hava limanında hazır vəziyyətdə dayanmışdılar. Müharibə davam edərdisə, rus qoşunlarının təkcə Dağlıq Qarabağa deyil, bütün ərazimizə girəcəklərinə dəlalət edən onlarla nümunə göstərmək olar. Görünən odur ki, Qarabağda vəziyyəti gərginləşdirən qüvvələr Azərbaycanda da çaxnaşma yaratmaq istəyirlər. Vəzifəyə hər şeyi satmağa hazır olanlar isə pusquda məqam gözləyirlər. 44 günlük müharibənin hər dəqiqəsində ağızlarına su alıb oturanlar, ordumuza məğlubiyyət arzulayan vəzifə hərisləri və qonşu dövlətlərin nökərləri indi məni əsgər və zabitlərimizə hörmətsizlik etməkdə suçlayırlar. Əminəm ki, İlahi Ədalət hər şeyi yerbəyer gedəcək. Necə ki, son illər hər dəfə Qarabağın işğaldan azad edilməsi üçün ölkədaxili barışa, milli birliyə səslədikdə məni kiməsə yarınmaqda qınayanlar, təhqir edənlər sonradan öz səhvlərini anladılar”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2024, 15:25
Top