Prezident yeni vəzifə təsis etdi — FƏRMAN


DAXİLİ SİYASƏT 21 dek 2020, 15:13
Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Müşahidə (Direktorlar) Şurasının katibi vəzifəsi təsis edilib.

Demokrat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edəcək və Şuranın katibi Şuranın sədrinə hesabat verəcək.

Şuranın katibi:

- Şuranın iclaslarını təşkil edəcək;

- Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt barədə Şura üzvlərinə, habelə icra orqanının rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasa azı 3 (üç) iş günü qalmış yazılı məlumat verəcək;

- Şuranın iclaslarının protokollarını tərtib edəcək və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edəcək;

-Şuranın qərarlarının layihələrini hazırlayacaq, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edəcək;

- Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edəcək.

Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdiriləcək. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edəcək. Şura protokolu təsdiq edərək icra orqanının rəhbərinə göndərəcək.

Qeyd edək ki, Müşahidə (Direktorlar) Şurası publik hüquqi şəxsə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top