Azərbaycanda "jurnalist" adı ilə iş adamları və məmurlar şantaj edildi — ŞOK FAKTLAR

KRİMİNAL 21 dek 2020, 13:55
Rüşvət almaqda ittiham olunan “nia.az”, “ismaric.az” və “nia 24 info” internet xəbər portallarının rəhbəri işləmiş Bəhruz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəhruz Əliyev “nia.az”, “ismaric.az” və “nia24.info” xəbər saytlarının faktiki olaraq rəhbəri olduğu müddətdə informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması, informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibini və onun yerləşdirilməsi qaydasını müəyyən etmək səlahiyyətlərinin icrası ilə əlaqədar 2017-ci il ərzində rəhbərlik etdiyi saytlarda şirkətlərdən birinin təsisçisi və faktiki rəhbəri Mirzəyev Ramazan Məmməd oğlunun şəxsi həyatına aid olan, konkret olaraq qarşı tərəfin fikrinə aydınlıq gətirilmədən, rəsmi təsdiqini tapmayan və sırf mülahizələrə əsaslanan, yayılmasının sonuncunun işgüzar nüfuzuna zərər vura bilən məlumatları dərc edib.

Bəhruz Əliyev qeyd olunan məlumatların rəhbəri olduğu xəbər portallarından silinməsi və yeni məlumatların dərc olunmaması üçün Ramazan Mirzəyevin tanışı Əliyev Əsəd Yaqub oğlu vasitəsilə 2017-ci ilin dekabr ayında 2700 manatı qanunsuz hərəkətə görə rüşvət kimi istəyib.

Lakin Bəhruz Əliyev məqsədinə nail olmadığından qeyd edilən məlumatları həmin saytlarda saxladığına görə Ramazan Mirzəyevin yaxını Ağayev Rəşadət Mirdilavər oğlunun məlumatların ona məxsus xəbər portallarından silinməsi və yeni məlumatların dərc olunmaması üçün Bəhruz Əliyevə mürəciəti əsasında 2018-ci il tarixdə MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 10 ünvanında yerləşən ofisində görüşüblər.

Həmin vaxt Bəhruz Əliyev Rəşadət Ağayevdən həmin məqsəd üçün vahid niyyətlə 4000 manat pulu hədə-qorxu gələrək yenidən rüşvət kimi istəyibm və həmin məbləğdə, yəni 4000 manat pulu Rəşadət Ağayevdən şəxsən rüşvət kimi alıb.

Bundan başqa, Bəhruz Əliyev 2017-ci il ərzində rəhbərlik etdiyi saytlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), eləcə də onun Kompleks Qazma İşləri Trestinin fəaliyyəti, rəhbərliyi, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin qazma departamentinin rəis müavini Məmmədov İsa Rafael oğlu haqqında konkret olaraq qarşı tərəfin fikrinə aydınlıq gətirilmədən, rəsmi təsdiqini tapmayan və sırf mülahizələrə əsaslanan işçilərin həmin şirkətdə qohumluq əlaqələrinə əsaslanaraq işə qəbul edilməsi, şirkətin rəhbər vəzifəli şəxsləri tərəfindən ölkə hüdudlarından kənarda daşınmaz əmlakların əldə edilməsi və sair məlumatları dərc edib.

Bəhruz Əliyev 2018-ci ilin yanvar ayında Nərimanov rayonunda yerləşən Nəriman Nərimanov metrostansiyasının yaxınlığında İsa Məmmədovla görüşüb. O, qeyd edilən məlumatların rəhbəri olduğu xəbər portallarından silinməsi və yeni məlumatların dərc edilməməsi üçün sonuncudan ona pul verilməsini tələb edib, əks halda İsa Məmmədovun barəsində rüsvayedici məlumatları yayacağı ilə hədə-qorxu gəlib.

Bəhruz Əliyev İsa Məmmədovdan hər ay ona 100-200 manat pul verməsini istəyib. O, İsa Məmmədovun həmin məqsədlə Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yerləşən «Qala” kafesinin kassiri işləyən, cinayətdən xəbərsiz olan Abbasov Şahin Cəfər oğluna verdiyi 100 manat pulu həmin gün sonuncudan götürüb.

Bundan sonra Bəhruz Əliyev 2018-ci ilin mart ayında Neftçala şəhərində adı və ünvanı istintaqa məlum olmayan çay evində İsa Məmmədovdan şəxsən 100 manat, 2018-ci ilin aprel ayında Neftçala şəhəri, “Qoltuq” yaşayış məhəlləsinin giriş hisəsində sonuncudan şəxsən 100 manat olmaqla, ümumilikdə 300  manat pulu rüşvət kimi alıb.

İstintaq orqanı tərəfindən Bəhruz Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Əliyev 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma, eləcədə jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan Bəhruz Əliyev apelyasiya şikayəti verib. Apelyasiya şikayətində qeyd olunub ki, məhkəmənin gəldiyi nəticə işdə olan sübutlarla və işin faktiki halları ilə tam təkzib olunur.

 Belə ki, məhkəmənin istinad etdiyi həmin rəsmi sənədlərin heç birində məhkumun adı keçmir, onun törədilmiş cinayətdə iştirakı heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Bu səbəbdən Bəhruz Əliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Bəhruz Əliyevin apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Bəhruz Əlieyevin müdafiəçisi kasasiya şikayəti verib. Kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əziz Seyidovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti araşdırılıb və sonda qərar elan edilib.

Qərara görə, kasasiya şikayəti təmin edilməyib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top