Binəqədidə dəhşətli xəstəlik ocağı — Sakinlər Prezidentə müraciət etdi (FOTOLAR)

SOSİAL 19 dek 2020, 11:23
Bakının Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri yenidən tərəfindən Prezident İlham Əliyevə müraciət ediblər. 

Demokrat.az
xəbər verir ki, müraciətdə sakinlər Binəqədi rayon İcra Hakimiyyətinin fəaliyyətindən şikayətləniblər. 

Sakinlərin sözlərinə görə, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinə axıdılan kanalizasiya və çirkab tullantılı sular həmin ərazini insan sağlamlığı üçün təhlükəli virus yuvasına çevirib.

Sakinlər məsələ ilə bağlı dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etsələr də, ancaq problem indiyədək hələ də həllini tapmayıb.

Sakinlərin ölkə başçısına müraciətini təqdim edirik:     

Cənab Prezident,

Biz, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri bir daha sizə müraciət edərək qəsəbədə yaranmış dərin gigeyenik problemlərə ciddi diqqət ayırmanızı xahiş edirik. Belə ki, yaşadığımız ərazidə illərdir ki, "Məmmədoğulları" ASC-nin servis ərazisindən başlayan kanalizasiya və çirkab suları yaşadığımız ərazinin yaxınlığından keçməkdədir. Bununla bağlı bir neçə dəfə müvafiq orqanlara, o cümlədən də Binəqədi Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilsə də, təssüflər olsun ki, hələ bu günə qədər heç bir tədbir görülməyib. 

Sizə şəxsən bu ilin iyul ayında ünvanladığımız məktubdan və məsələnin bir sıra media saytlarında ictimailəşdirilməsindən sonra Binəqədi Rayon İcra Hakimiyyətindən heç kim bu məsələnin həll olunmasına səy göstərməyib. Əvəzində isə Binəqədi RİH problemin həll olunması üçün "Azərsu" qarşısında qaldırıldığını vurğulamaqla məsuliyyəti öz üzərindən atmaqla bitmiş hesab edib. 

Bundan əlavə, bu ilin iyul ayında Binəqədi RİH-ə gedərək icra hakimiyyətinin əməkdaşı ilə söhbət əsnasında bizə bildirildi ki, bu günlərdə kanalın ləğv olunması ilə bağlı layihə mütləq şəkildə icraya başlayacaq. Amma o vaxtdan bu yana 5 aydan artıq zaman keçməsinə baxmayaraq RİH tərəfindən heç bir addım atılmayıb. 

Qeyd etməliyik ki, yaşadığımız ərazidə xeyli sayda azayaşlı uşaqlar vardır, amma kanalın yaratdığı dözülməz üfunət və qeyri-adekvat şərait onların başqa yerdə oynaması üçün alternativ tanımayıb. 

Üstəlik də, pandemiya dövründə onların sağlamlığı gələcəkdə arzuolunmaz nəticələrə bilər ki, bu da ərazidə müxtəlif cür infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. 

Bundan əlavə, hər yağış yağanda kanaldan su daşaraq ətrafdakı evlərin həyətinə dolur, əhalinin gündəlik gediş-gəliş üçün istifadə etdiyi yolu su tamamilə basır. Sakinlərin ətrafa yayılan çirkab sularda çəkmə ilə gəzməsi böyük bir narahatçılığa səbəb olub. Ona görə də, bu kanalın birdəfəlik ləğv edilməsi sakinlər üçün əsas məsələyə çevrilib. 

Açığı, biz sakinlər problemin həllinin illərlə ləngimısini Binəqədi rayon İcra Hakimiyyətinin "Məmmədoğullar" ASC ilə hər hansı formada gizli sövdələşməsinin olduğundan irəli gəldiyindən şübhələnirik. Çünki hər dəfə bizə verilən yalan vədlər bunu deməyə əsas verir. Biz artıq hər dəfə həm Binəqədi RİH, həm də Biləcəri bələdiyyəsinin problemin çox yaxın zamanda həll olunmasına dair söylədiyi yalanlardan bezmişik. 

Cənab Prezident,

Yuxarıda qeyd olunan problemləri nəzərə alaraq, tərəfinizdən problemin dərhal aradan qaldırılmasını nəzarətə götürməyinizi və bununla əlaqədar olaraq Binəqədi rayon İcra Hakimiyyətinə ciddi tapşırıq verməyinizi Sizdən xahiş edirik. Ümidimiz ancaq Sizədir!


Ərazidən çəkilmiş fotoları da təqdim edirik:




Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top