Altı bacının bir qardaşı, XTQ-nin şəhid giziri Vasif Mehbalıyev — VİDEO

GÜNDƏM 18 dek 2020, 14:33
44 gün davam edən Vətən müharibəsində yüzlərlə oğullarımız şəhid olub, yaralanıb. Şəhid olan oğullarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri Vasif Mehbalıyevdir. 

Baku TV xəbər verir ki, düşmən təxribatlarının qarşısını almaq üçün sentyabrın 27-də bütün cəbhə boyu başlanan əks-hücum əməliyyatında Vasif Mehbalıyev də silahdaşları ilə birlikdə ön sırada olub. 

Əslən Lerik rayonundan olan V.Mehbalıyev Neftçalanın Aşağı Surra kəndində doğulub. Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə versə də, müsabiqədən keçə bilməyib. Bu səbəbdən hərbi xidmətdən sonra öz istəyi ilə müddətdən artıq xidməti vəzifəsinə başlayıb. 

Gizir Vasif Mehbalıyev döyüşçü yoldaşları ilə birgə Cəbrayıl şəhərinin, onlarla yaşayış məntəqəsinin azad edilməsində əsl qəhrəmanlıq göstərib. Füzulinin kəndlərinin azad edilməsi uğrunda düşmənə sarsıdıcı zərbələr vuraraq, onların zirehli texnikalarını məhv edib. Qolundan yaralanmasına baxmayaraq, döyüşü davam etdirib. 

Oktyabrın 15-də Füzulinin yaşayış məntəqələri uğrunda gedən qanlı savaşlarda gizir Vasif Mehbalıyev tabeliyində olan yaralı əsgərini güllə yağışları altından çıxarmaq istəyib. Elə bu zaman düşmən gülləsinə tuş gəlib və 26 yaşında ən ali məqama-şəhidlik zirvəsinə ucalıb. 

Atası oğlunun şəhid olduğundan xəbərsiz olsa da, bunu eşidən bacılarından biri qardaş itkisinə dözə bilməyərək dünyasını dəyişib. 

Şəhidin anası Fəridə Mehbalıyeva bildirir ki, o, altı bacının bir qardaşı idi:

“Bir bacının da ürəyi partladı. Eşitdi ki, qardaşı şəhid olub. Tabut gəlməmiş uşağın ürəyi partladı öldü. Vasifi gətirəndə yarı yolda gözləyiblər ki, bu tabut çıxsın, o birini gətirsinlər”. 

İki övlad acısını yaşayan ailənin qəddi əyilsə də, sınmayıb. Başınızı dik tutun, şəhid ailəsi. Nə qədər ki, xalqımız var, Vasif və onun kimi şəhidlərimiz heç vaxt unudulmayacaq, daim xatırlanacaq.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top