Hüseyn Abdullayev və Eldar Həsənovun Qarabağ zəfərinə susqunluğunun səbəbi


GÜNDƏM 18 dek 2020, 10:59
II Qarabağ müharibəsi Azərbaycan cəmiyyəti üçün həm də üzü ağ çıxdığı bir imtahan oldu. Əksəriyyət “hər şey Vətən üçün” deyib canlarından və mallarından keçməyə hazır olduqlarını dedi, vədinə xilaf çıxmadı.

Amma Vətən, müharibə mövzusu gələndə sinəsinə döyüb hay-həşir salanlar da oldu ki, ilk güllə səsində ortalıqdan itdilər, səsləri batdı. Quruca bəyanat verməyi də özlərinə rəva bilmədilər, umu-küsüləri kənara qoymadılar. Azərbaycanın ərazi bütövlüyünün təmini mövzusunda bütün umu-küsülər çox cılız, mənasız görünür.

Bu sırada cəmiyyətin gözləntiləri olan eks-deputat Hüseyn Abdullayev də, sabiq baş prokuror Eldar Həsənov da var. Hər biri həbsdə olsa da, illərlə Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olan şəxslər sırasında adları olub, bu gün də belədir. Bəs bu adamlar niyə susdular? Azərbaycan üçün çox kritik bir dönəmdə onların dəstək bəyanatlarını niyə eşitmədik? 

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında deyib ki, mümkündür ki, bu, bir diqqətsizliyin nəticəsidir: “İnanmıram ki, hər hansı Azərbaycan vətəndaşı Qarabağın azadlığını istəməsin, əlindəki resursları əsirgəsin. O cümlədən adları çəkilən şəxslər də. Ola bilsin ki, bu haqda düşünməyiblər, bununla bağlı təşkilatçılıq olmayıb. Bu düşündürücüdür. İnanmıram ki, onların qəlbində belə bir fikir olsun ki, Qarabağ azad edilməsin. Və ya Azərbaycanın ərazisinin erməni işğalından azad edilməsinə sevinməsinlər. Niyə bəyanat verməyiblər məsələsi sual doğurur”.

Partiya sədri deyir ki, indi də gec deyil, bu gün də belə bir bəyanatla çıxış edə bilərlər: “Vəkilləri vasitəsilə müraciət edib qoy Azərbaycan xalqını, Ali Baş Komandanı təbrik etsinlər, gözaydınlığı versinlər. Ola bilsin ki, nəzərlərindən qaçıb. İstənilən halda bu, Azərbaycan xalqının qələbəsidir. Burada müxalifət, iqtidar məsələsi, küskünlük və s. ola bilməz. Bu, Azərbaycanın müstəqilliyinin, suverenliyinin qələbəsidir. Burada kiminsə kimdənsə küskünlüyü rol oynaya bilməz. Yəqin ki, gecikmədən öz təbriklərini, gözaydınlıqlarını çatdırarlar”.

Xatırladaq ki, eks-deputat Hüseyn Abdullayev barəsində ötən ilin oktyabrında Bakı Hərbi Məhkəməsi 6 il həbs hökmü çıxarıb. Məhkəmə sabiq deputatın 70 yaşlı anası Zeynəb Abdullayevanı da cəzalandırıb. Hüseyn Abdullayev məhkəmədə özünü təqsirli bilmədiyini, siyasi motivlərlə həbs olunduğunu bildirib.

Keçmiş baş prokuror Eldar Həsənov bu il avqustun 13-də Bakıda həbs olunub. Həbs edilərkən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsində olan Həsənova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 ( Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham elan olunub. Həsənov ittihamlarla razılaşmayıb. Bu maddələrə əsasən Həsənov 7 ilədək azadlıqdan məhrum edilə bilər.

Demokrat.az
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top