Bakının siyasi iradəsi Rusiya sülhməramlılarını səhvlərini düzəltməyə məcbur etdi — TƏHLİL

SİYASİ 15 dek 2020, 17:33
Rusiya sülhməramlılarının ciddi narazılıq doğuran xəritəsində düzəliş edildi. Bu, rəsmi Bakının prinsipial mövqeyinin nəticəsidir.

Dekabrın 13-də Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim etməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaratdı. Xəritədə razılaşmaya görə Azərbaycan ordusunun nəzarətində olan ərazilər sülhməramlıların nəzarətindəki ərazilər kimi təqdim olunurdu. 


Mövcud razılaşma və imzalanan bəyanat Qarabağa sülhü təmin etmək üçün gələn Rusiya sülhməramlılarının missiyası dəqiq şəkildə bilinir. Lakin son günlər sülhməramlıların mandatından kənara çıxdığı müşahidə olunurdu. Xüsusilə həqiqəti əks etdirməyən xəritənin yayılması bunun bariz nümunələrindən hesab oluna bilər.

Azərbaycan tərəfi humanizm nümayiş etdirərək o ərazilərdə “azmış” və ya “qalmış” kimi təqdim olunan erməni silahlı dəstələrinin çıxması üçün şərait yaradıb, lakin məlum oldu ki, erməni silahlıları bu humanizmdən istifadə edərək, orada möhkəmləyə çalışıblar.

Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar etdi, nəticədə ölən və yaralananlar oldu.

Bu terror hücumundan dərhal sonra Azərbaycan sülhməramlılarla əlaqə yaradaraq, məsələnin ciddiliyini onların diqqətinə çatdırdı. Daha sonra anti-terror əməliyyatı keçirərək, həmin əraziləri terrorçulardan təmizlədi.

Bu bir daha göstərdi ki, Azərbaycan öz torpaqlarında terror fəaliyyətinə icazə verməyəcək. 

Rusiya sülhməramlılarının tərtib etdiyi xəritədə terrorçulardan təmizlənmiş həmin ərazilərin “sülhməramlı missiyasının nəzarət ərazisi” kimi təqdim edilməsinə qarşı rəsmi Bakının sərt mövqeyi də qısa zamanda bəhrəsini verdi.

Artıq dekabrın 14-də Rusiya sülhməramlılarının təqdim etdiyi xəritədə yanlışlıq aradan qaldırılıb və həmin ərazilərin Azərbaycanın nəzarətində olduğu bir daha təsdiqlənib. Bu yanlışın aradan qaldırılmasına cəmi bir gün vaxt sərf olundu. Çünki ortada Azərbaycanın qətiyyəti və siyasi iradəsi var və rəsmi Bakı göstərdi ki, üçtərəfli razılaşmandan kənara çıxmağa, birtərəfli qaydada xəritələr tətbiq edərək ilkin razılaşmanın şərtlərini pozmağa heç kimə imkan verilməyəcək, istər Ermənistan olsun, istərsə bölgədə sülhməramlı mandatı altında təmsil olunan Rusiya...

Bu torpaqlar Azərbaycana məxsusdur və orada baş verənlər də Azərbaycanın daxili işidir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top