Yanlış davranışlar anti-Rusiya meyllərini gücləndirə bilər

GÜNDƏM 14 dek 2020, 10:38
Sülhməramlıların səlahiyyət çərçivəsini aşan hərəkətləri Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın nümayiş etdirir.

Bu gedişlə Rusiya sülhməramlılarının Azərbaycandakı fəaliyyəti ciddi problemlərə yol açacaq. Sülhməramlıların Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş razılaşmaları kölgə altına qoyan addımları göz önündədir. Bunun nəticəsidir ki,  artıq sülhməramlıların 1 ayı yenicə ötən fəaliyyəti əsaslı narazılıq yaratmağa başlayıb. Rusiya sülhməramlıları açıq şəkildə öz səlahiyyətlərinə aid olmayan işlərə baş vurmaqda və bunu nümayişkəranə şəkildə sərgilməkdədir. 

Missiyanın elə ən son addımı da olduqca müəmmalı və ciddi narazılığa əsas verən fəaliyyətdir. Belə ki, dünən sülhməramlıların hüdudlarını ötən yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaratmaqla yanaşı, təəssüf və təəccüb yaradır. Sual olunur: Sülhməramlılara Azərbaycanın tarixi torpaqlarını gündə bir rəngə boyayıb və hər dəfəsində ayrı-ayrı xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verib? Sülhməramlıların getdikcə daha açıq formada üzə çıxan erməni sevgisi onun vəzifələrinə nə dərəcədə adekvatdır?

Öncə onu vurğulamaq yerinə düşər ki, sülhməramlıların yeni xəritəsi Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində baş vermiş hadisədən sonra ortaya çıxıb. Məlum olduğu kimi, burada gizlənmiş erməni terrorçuları Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib. Nəticədə ölən və yaralananlar var. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. O da sirr deyil ki, Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdi. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfinin adekvat addımlar atacağı birmənalıdır.

Bu hadisədən sonra Rusiya sülhməramlılarının tələm-tələsik hazırlayıb yaydığı xəritə reallıqdan tam uzaqdır. Azərbaycan ictimaiyyətinin hədsiz narazılığına səbəb olan bu xəritəyə qısa zamanda düzəliş edilməlidir. Azərbaycanın tarixi torpaqlarını özündə əks etdirən xəritələrlə bu şəkildə manipulyasiya etmək və sülhməramlılar tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlərə yol vermək ilk növbədə Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın nümayiş etdirir. Sülhməramlı missiyanın vəzifə və funksiyaları gizli deyil. Bu, beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Amma Rusiya sülhməramlılarının bu  öhdəliklərdən kənara  çıxdığını görməkdəyik.

Bundan başqa, sülhməramlıların səlahiyyətli şəxslərinin məhv edilmiş qondarma “respublikanı” diriltmək cəhdlərini Azərbaycan ictimaiyyəti yaxından izləyir. Bu “respublikanın” hansısa “rəsmi şəxsləri” ilə özü də onların “bayrağının” önündə şəkil çəkdirib yaymaq nəyə xidmət edir? Sülhməramlılar nə etdiklərinin fəqrində deyillərmi? Bu, haqlı olaraq ictimaiyyətdə hansısa məkrli planın mövcudluğuna dair fikirlərə yol açır.

Sirr deyil ki, Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi ilk gündən Azərbaycan ictimaiyyəti tərəfindən tam müsbət qarşılanmayıb. Rusiya tərəfi də bilməmiş deyil ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyətində çoxsaylı suallara, cəmiyyətin müəyyən qrupların narazılığına səbəb olub. Bunun səbəbləri və dərin kökləri var. 44 günlük Vətən müharibəsində Rusiya mətbuatının, o mətbuatın ki, dövlətin nəzarətindədir, Azərbaycana qarşı ədalətsiz, heç bir çərçivəyə sığmayan, bir sıra hallarda bütün əndazələri aşan həyasız mövqeyi yaddaşlardan silinməyib. Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını unutmayıb. Azərbaycan xalqı Gəncə, Bərdə və Tərtər şəhərlərinin məhz Rusiyanın Ermənistana verdiyi yeni silahlarla raket atəşinə tutulduğunu da yaxşı bilir. Bir az keçmişə getsək, bundan da ciddi səbəblər tapmaq mümkündür. Ona görə də Rusiya sülhməramlıları daha ehtiyatlı mövqe tutmalıdır. Əfsus ki, bunun əvəzinə, tərəfkeşlik etmək və səlahiyyətlərindən kənara istiqamətlənmiş fəaliyyət sərgiləyir. Bu yoldan daşınmaq lazımdır! Belə hallar Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini də puç edə bilər.

Rusiya sülhməramlılarının bir sıra ölkələrdəki fəaliyyəti də hamıya məlumdur. Görünən odur ki, Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarusiya və digər ölkələrdə reallaşdırdıqları planları Azərbaycanda da təkrarlamaq niyyətinə düşüblər. Bu niyyətdən zamanında vaz keçilməlidir! Azərbaycana qarşı bu şəkildə davranmaq mümkün olmayacaq! Azərbaycan illər sonra elə Rusiya rəsmilərinin də etiraf etdiyi kimi tarixi torpaqlarında əməliyyatlar aparıb, ərazi bütövlüyünü təmin edib.  Ərazi bütövlüyümüzə zərər verə biləcək ən xırda addım belə Azərbaycan tərəfindən qəbul olunmayacaq!

Görünən həm də odur ki, Rusiyada müəyyən dairələrin əsəbləri dekabrın 10-da Bakıda keçirilmiş Zəfər paradından sonra daha da pozulub. Paradda Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmirlər. Təkcə bumu? İstisna deyil ki, paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakından da bərk qıcıqlanma var.

Parad öncəsi Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması, bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan başqa bir şey deyil. Rusiyada bəzi dairələrin bunu anlamamaq həddinə yuvarlanmaları təəssüf doğurur. "Pomidor siyasəti" dövrü arxada qalıb...

Reallıq dərk edilməlidir. Rusiya ilk növbədə, Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində çərçivələri aşmamalıdır! Eyni zamanda, regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını görməzdən gəlməməlidir!

Azərbaycan ictimaiyyəti prosesi yaxından izləyir. Münasibətlərə xələl gətirən davranışlar Azərbaycanda anti-Rusiya meyllərinin daha da güclənməsinə gətirib çıxarmaqdan başqa heç nəyə yaramayacq. Bu proses son nəticədə Rusiyanın Azərbaycandakı imicinə böyük zərbə vuracaq. Necə ki, artıq bunun ilkin işartılarını görməkdəyik.

Rusiyada müəyyən qüvvələr dərk etməlidirlər ki, Azərbaycana qarşı atılan hər bir təxribat xarakterli addımın acısını bütün vasitələrlə himayə etdiyi Ermənistan çəkəcək. Azərbaycan xalqının birliyini, gücünü, torpaq məsələsindəki güzəştsiz mövqeyini 44 günlük müharibə zamanı bütün dünya gördü. Bunu belə tezliklə unutmaq olmaz!

Elman Babayev
Əməkdar jurnalist

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top