Səfirlik: Gürcüstandan Azərbaycana getmək istəyən vətəndaşların aldadılmasına dair məlumatlar yayılıb

DİASPOR 09 dek 2020, 23:03
Gürcüstandan Azərbaycana getmək istəyən vətəndaşların aldadılmasına dair məlumatlar yayılıb

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin vətəndaşlara müraciətində bildirilib. 

Müraciətdə qeyd olunub ki, bununla əlaqədar Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və bu istiqamətdə müvafiq araşdırma aparılacaq.  

"Hörmətli vətəndaşlar və soydaşlar, Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanla Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən, sərhədlər müvəqqəti olaraq bağlanmışdır. Cari ilin mart ayının 14-dən sentyabr ayının 21-dək Gürcüstandan Azərbaycan Respublikasına 3455 nəfər təxliyə olunmuşdur. Təxliyə olunan 3455 nəfərdən 1534-ü Azərbaycan Respublikasının, 1861-i Gürcüstan və 60-ı isə davamlı əsasda Azərbaycan Respublikasının vətəndaşı ilə rəsmi nikahda olan digər ölkələrin vətəndaşlarıdırlar. 2020-ci ilin 21 sentyabr tarixindən etibarən həm Azərbaycanda, həm də  Gürcüstanda koronavirusa yoluxma sayında gözlənilməz artım olmuşdur. Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə Gürcüstanda qalan vətəndaşlarımızın və onların ailə üzvlərinin (Gürcüstan və ya digər ölkənin vətəndaşı daxil olmaqla) Azərbaycan Respublikasına təxliyəsi dayandırılmışdır. Lakin, Səfirliyə daxil olan ərizələrə baxılmaqdadır.

Son vaxtlar Səfirliyə daxil olan məlumatlarda Marneulidə və digər bölgələrdə yaşayan soydaşlarımızdan (Gürcüstan vətəndaşlarından) müxtəlif məbləğlərdə vəsait alınması və bu maliyyə vəsaiti əsasında Səfirlik vasitəsi ilə onların Azərbaycan Respublikasına tezliklə getməsi vəd olunur. Azərbaycan Respublikasına getmək üçün və ya Səfirlikdə həyata keçirilən hər-hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa, xahiş olunur səfirliyə dərhal məlumat verəsiniz. Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan səfirlik və əməkdaşlarının adına ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar", - deyə səfirliyin müraciətində bildirilir.

Səfirliyin əlaqə nömrələri: 

+995-32-224-30-04 (şəhər nömrəsi);

+995-577-00-00-38 (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi).

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top